8 iyun 2019-cu il tarixində Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının dəstəyi ilə iki ölkənin iqtisadiyyat nazirlərinin iştirak etdiyi Rusiya-Azərbaycan biznes dialoqu keçirildi.
İşgüzar səhər yeməyi formatında təşkil olunan diskussiyanın moderatorları kimi İşgüzar Şuraların sədrləri Səməd Qurbanov və Aleksey Repik çıxış etdi.
Biznes dialoqda Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev, Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin, Rusiya Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil Boris Titov, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Yusif Abdullayev, RF iqtisadi inkişaf nazirinin müavini Azər Talıbov, AR Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə heyətinin sədri Orxan Məmmədov, KOS Korporasiyasının beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri Nikita Bantsekin, “SOCAR” prezidenti Rövnəq Abdullayev, “Socar Polymer”in baş direktoru Fərid Cəfərov, “PAŞA Bankın” baş əməliyyat inzibatçısı Cəlal Orucov, “Qazprombank”-ın birinci vitse-prezidenti İvan Ryutov, “Azərmash”ın İdarə heyətinin sədri Emin Axundov, “Azəriqaz”-ın hüquq şöbəsinin müdiri Vüqar Eyvazov, “İşgüzar Rusiya” Baş Şurasının üzvü və Turizm komitəsinin sədri Yelena Krivenkova, “Alliance Logistics”in baş direktoru Natiq Heydərov və dövlət qurumları və biznes qurumlarının digər nümayəndələri iştirak edib.
Diskussiya nazirlərin və işgüzar şura sədrlərinin giriş sözləri ilə başlayıb.
AR iqtisadiyyat naziri Şahin Mustafayev işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. “Hökumətlər şərait, hüquqi baza yaradır, maneələri aradan qaldırmağa kömək edir və imkanlar təqdim edir. İşgüzar insanların vəzifəsi bu imkanlardan istifadə edərək ölkələrimiz arasında iqtisadi münasibətləri inkişaf etdirməkdir” – deyə Ş.Mustafayev qeyd edib. O bildirib ki, Azərbaycan hakimiyyətinin yerli istehsalçıları yönləndirə bilməsi üçün Rusiya tərəfi uzunmüddətli perspektivdə kənd təsərrüfatı məhsullarına tələbat barədə məlumat vərəcək. Həmçinin, Şahin Mustafayev iki ölkənin ümumi sərhədindən maksimal dərəcədə rahat keçmək üçün sərhədyanı infrastrukturun yenilənməsi barədə danışıb.
RF iqtisadi inkişaf naziri Maksim Oreşkinin sözlərinə görə 2018-ci ildə iki ölkənin hökuməti sadə ticarət üçün maneələri aradan qaldırmışdır, indi isə söhbət mürəkkəb layihələrdən, əlavə dəyər, zəncirin yaradılmasından və məhsulların üçüncü ölkələrin bazarlarına çıxarılmasından gedir. Azərbaycanın ərzaq məhsullarının Rusiya bazarına idxalı artmaqda davam edir. “Biznes arasında əlaqələr yeni layihələri ərsəyə gətirir. Biz çərçivələr müəyyən edəcəyik və şirkətlər arası razılıqları dəstəkləyəcəyik. Son bir il ərzində müşahidə olunan tempin artmağa davam etməsi ürəkaçan olardı” – deyə iki ölkənin işgüzar şuralarının işindəki uğuru vurğulayan Maksim Oreşkin qeyd edib.
“Ölkələrimizin rəhbərləri Azərbaycan və Rusiyanın işgüzar dairələri arasında qarşılıqlı əlaqənin genişləndirilməsində böyük potensial görür və şuralarımız bu məqsədə nail olmaqda effektiv mexanizmdir. İşgüzar şuralar olaraq vəzifəmiz dövlətə və sahibkarlara iki ölkənin sahibkarlarının potensialından maksimal dərəcədə effektiv şəkildə istifadə etmək, biznesi daha güclü, rəqabətqabiliyyətli, mənfəətli etmək üçün maneələrin aradan qaldırılmasında və yeni imkanların müəyyən edilməsində dəstək olmaqdır” – deyə öz çıxışında Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə heyətinin sədri Səməd Qurbanov qeyd edib.
Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri, “İşgüzar Rusiya”nın prezidenti Aleksey Repik iki ölkədə iqtisadiyyatın hal-hazırda bir-birinə uyğunlaşma və sinergetik nöqtələrin müəyyən edilməsi mərhələlərindən keçdiyini vurğulayıb. İki ölkənin biznesi üçün əlavə təmas nöqtələri informasiya-kommunikasiya texnologiyaları, neft maşınqayırması, gəmiqayırma, kənd təsərrüfatı texnikası və yük vaqonlarının istehsalı, vertolyotlara xidmət mərkəzinin yaradılması və sair sahələr ola bilər. Aleksey Repik Azərbaycanın gələcəkdə Rusiya sahibkarları üçün regionun digər ölkələrin bazarlarına çıxış meydançası ola biləcəyini qeyd edib.
“Bu gün həm Rusiya, həm Azərbaycan Rusiyanın malik olduğu səriştələr üzrə birgə müəssisələrin Azərbaycanda, Azərbaycanın malik olduğu səlahiyyətlər üzrə isə Rusiyada inkişaf etməsi üçün kifayət qədər investisiya resursuna malikdir” – deyə öz çıxışında RF Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə müvəkkil Boris Titov qeyd edib.
“Azərbaycanın kiçik müəssisələrinin ölkəmizdəki iri dövlət korporasiyalarının satınalmalarında iştirak etmə imkanı vacib istiqamətdir. Hələ ki belə şirkətlərin sayı azdır çünki bunun üçün Rusiyada qeydiyyatdan keçmək, yerləşmək lazımdır” – deyə KOS Korporasiyasının beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri Nikita Bantsekin qeyd edib.
“Rusiya tərəfinin Bakı-Tbilisi-Qars Beynəlxalq Nəqliyyat Dəhlizinə qoşulmaq təşəbbüsünü xüsusilə vurğulamaq istəyərdim. Bu təşəbbüs Azərbaycan, Rusiya və Türkiyə dəmir yolları arasında əməkdaşlıq memorandumunun imzalanması ilə rəsmiləşdirilib. Bu istiqamətdə fəal şəkildə işlər aparılır” – deyə “Alliance Logistics” şirkətinin baş direktoru Natiq Heydərov qeyd edib.
“İşgüzar Rusiya” Turizm Komitəsinin sədri Yelena Krivenkova qarşılıqlı turist axını barədə danışıb və işgüzar şuraların çərçivəsində turizm sahəsində iki ölkəni yaxınlaşdıran yeni proqramlar hazırlamağa imkan verəcək Rusiya-Azərbaycan turizm alyansını yaratmağı təklif edib.
Diskussiya biznes dialoqun digər iştirakçılarının iqtisadi əməkdaşlığın müxtəlif sahələrində aktual mövzularla bağlı çıxışları ilə davam edib.