23 oktyabr 2019-cu il tarixində Bakıda Penza vilayətinin Sahibkarlığa Dəstək Fondunun, Penza vilayətinin İqtisadiyyat Nazirliyinin və Azərbaycan-Rusiya İşgüzar Şurasının birgə təşkilatçılığı ilə Rusiya müəssisələrinin biznes-missiyası keçiriləcəkdir.
Missiya çərçivəsində Penza sənaye müəssisələrinin nümayəndələri və Azərbaycan-Rusiya İşgüzar Şurasının üzvləri arasında əməkdaşlığa və birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılacaq.
Rusiya nümayəndə heyətinin tərkibinə “StankoMaşStroy” MMC, “Remarm” MMC, “Prominjinirinq” MMC və “Parafarm +” MMC kimi şirkətlər daxildir.
Qeyd edək ki, “StankoMaşStroy” şirkəti metal emalı avadanlığı istehsalçısı olmaqla, Rusiyada bu sahədə ən iri müəssisələrdəndir.
“Remarm” şirkəti boru kəməri armaturu istehsalı və təmiri, boru kəmərlərinin çəkilməsi, təmiri və istismarı üçün avadanlıqlar təklif edir.
“Prominjinirinq” şirkəti metal tökmə üçün model avadanlıqların, həmçinin çuqun və alüminiumdan tökmə istehsalı ilə məşğuldur.
“Parafarm +” şirkəti isə idman qidası və bioloji aktiv əlavələr istehsalı ilə məşğuldur və dərman bitkilərinin becərilməsi, emalı və tabletlərin hazırlanması müəssisəsi, həmçinin aptek və tibb mərkəzləri şəbəkəsini əhatə edir.
İşgüzar missiya çərçivəsində Rusiya nümayəndə heyətinin Azərbaycan istehsal müəssisələrinə səfəri planlaşdırılır.