23-24 oktyabr 2019-cu il tarixlərində Rusiyanın Penza vilayətinin İqtisadiyyat Nazirliyinin və vilayətin Sahibkarlığa Dəstək Fondunun, həmçinin Azərbaycan-Rusiya İşgüzar Şurasının birgə təşkilatçılığı ilə Rusiya müəssisələrinin Azərbaycana işgüzar missiyası təşkil edilib.
İşgüzar missiyanın ilk günü Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya İşgüzar Şurasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Penza vilayətinin Ticarət və Sənaye Palatasının və Sahibkarlığa Kömək Fondunun, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin və Ticarət Nümayəndəliyinin nümayəndələrinin iştirakı ilə görüş keçirlib.
Tədbirdə Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətində çıxışlar dinlənilib, Penza vilayətinin biznes və investisiya mühiti, eləcə də işgüzar dairələr üçün əməkdaşlığın prioritet istiqamətləri mövzusunda təqdimat nümayiş olunub.
Tədbir sahibkarlar arasında ikitərəfli görüşlərlə davam etdirilib.
Belə ki, Penza vilayətinin “StankoMaşStroy”, “Remarm”, “Prominjinirinq”, “Parafarm+” şirkətlərinin nümayəndələri “Baku Steel Company”, “Bakı Gəmiqayırma Zavodu”, “AzNefteMash”, “Azertechnoline”, “Azərmaş”, “Asena”, “Azəriqaz”, “AvroMed”, “Certus Pharma”, “AKI Pharm”, “Altes Pharm”, “AzeriMed”, “Azərbaycan Dəmir Yolları”, “Bakı Metropoliteni”, həmçinin Azərbaycan Respublikasının Müdafiə Sənayesi və Səhiyyə Nazirliklərinin analitik ekspertizası mərkəzinin nümayəndələri arasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri mövzusunda müzakirələr aparılıb.
İşgüzar missiyası çərçivəsində Penza vilayətinin sahibkarları “Sumqayıt Kimya Sənaye Parkı”, “Sumqayıt Texnologiyalar Parkı”, “Azertechnoline”, “AzNefteMash” və digər müəssisələrdə olub, müəssisələrin istehsal emalatxanalarında tətbiq olunan texnologiyalarla tanış olub, həmçinin istehsal olunan məhsullar barədə ətraflı məlumat əldə ediblər.