Onuncu Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində İşgüzar Şuraların geniş tərkiblı iclası keçirilib
22 noyabr 2019-cu il tarixində Moskva şəhərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun sədrliyi ilə keçirilən Onuncu Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş tərkibli iclası keçirilib. İclasda iki ölkənin biznes, dövlət hakimiyyəti orqanları, işgüzar və ictimai təşkilatlarının 300-dən artıq nümayəndəsi iştirak edib. Forumu və işgüzar şuraların iclasını öz çıxışları ilə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin açıb. Tədbirin moderatorları Azərbaycan-Rusiya İşgüzar Şurası İdarə Heyətinin sədri Səməd Qurbanov və Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik olub. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar, ölkəmizin isə Rusiya iqtisadiyyatına 1 milyard 200 milyon dollar investisiya yatırdığını qeyd edib. Mikayıl Cabbarov hazırda kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı ilə yanaşı, Azərbaycan sərmayədarlarının bu ölkədə yerli istehsala investisiya qoyduqlarını da diqqətə çatdırıb. Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin çıxışında qeyd edib ki, Azərbaycan bir sıra məhsulların ixracına görə Rusiya bazarında lider mövqe tutur. Maksim Oreşkin cari ilin 9 ayı ərzində Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 26 faiz artdığını, pul köçürmələri, turizm və digər sahələrdə də əməkdaşlığın genişləndiyini vurğulayıb. Nazir öz çıxışında, həmçinin, iki işgüzar şuranın və onların sədrlərinin effektiv işini qeyd edib. Azərbaycan-Rusiya İşgüzar Şurası İdarə Heyətinin sədri Səməd Qurbanov regionların əməkdaşlığının ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində xüsusi rol oynadığını vurğulayıb. Rusiyanın 80-ə yaxın subyektinin Azərbaycan ilə iqtisadi əlaqələr qurduğunu deyən İdarə Heyətinin sədri hazırkı forumun bu münasibətlərin genişlənməsinə töhfə verəcəyindən əminliyini ifadə edib. “Forum ikitərəfli münasibətlərin möhkəmlənməsi, regional işgüzar əlaqələrin və, ölkələrimizin hakimiyyət və biznes nümayəndələri arasında dialoqun inkişafı baxımından effektiv və uzunmüddətli meydançadır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Federasiya Şurasının sədri Valentina Matviyenkonun forumun işində iştirakı bu meydançaya verilən əhəmiyyətin əyani sübutudur”, – deyə Azərbaycan-Rusiya İşgüzar Şurası İdarə Heyətinin sədri Səməd Qurbanov vurğulayıb. Səməd Qurbanov qeyd edib ki, iki işgüzar şura arasında qarşılıqlı əlaqə yeni səviyyəyə qalxıb. Həmçinin o, işgüzar şuralar arasında turizm sahəsində əməkdaşlıq və turizm alyansının təsis edilməsi haqqında sazişin bağlanması barədə elan edib. Səməd Qurbanov Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının 2020-ci il üçün birgə fəaliyyət planı işləyib hazırladıqlarını bildirib. Fəaliyyət planına qarşılıqlı biznes missiyaları, sərgilər, böyük iqtisadi tədbirlərdə biznes dialoqlar və s. daxil edilib. Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik öz çıxışında iştirakçılara münasibətlərin inkişafı ilə bağlı yeni ideya və təşəbbüslərə, Rusiya və Azərbaycan dövlət başçılarının qarşıya qoyduqları məqsədlərə nail olmağa kömək edən perspektiv layihələrin işə salınmasına görə minnətdarlığını ifadə edib. Aleksey Repik qeyd edib ki, qarşılıqlı ticarət dövriyyəsinin yaxın gələcəkdə 3 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Buna işgüzar şuraların üzvləri və ikitərəfli iqtisadi əməkdaşlığın ciddi perspektivlərini görən sahibkarların fəal iştirakı və birgə işi sayəsində nail olmaq mümkündür. Həmçinin iclasda Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, “Birləşmiş Gəmiqayırma Korporasiyası” SC-nin vitse-prezidenti Vasiliy Boytsov, “Alliance Logistics” direktoru Natiq Heydərov, “Qazprombank”ın icraçı vitse-prezidenti Andrey Savçenko, “Azərbaycan Beynəlxalq Bankı”nın icraçı direktoru Fuad İslamov, “İşgüzar Rusiya” təşkilatının Turizm Komitəsinin sədri Yelena Krivenkova, “Paşa Travel” şirkətinin baş icraçı direktoru Anar Rəhmanov, “Titan Şirkətlər Qrupunun” İdarə Heyətinin sədri Mixail Sutyaqinskiy, “AS Group Investment” təsisçisi Şahin Mövsumov, “Rostselmaş” KZ-nun kommersiya direktoru Aleksey Şvetsov və Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədr müavini Yusif Abdullayev çıxış etdilər. İşgüzar şuraların iclası başa çatdıqdan sonra forum işini “Sənaye sahəsində əməkdaşlıq”, “Kənd təsərrüfatında qarşılıqlı fəaliyyətin perspektivləri”, “Turizm sahəsində əməkdaşlığın inkişafı”, “Humanitar sahədə əməkdaşlıq” mövzularında dəyirmi masalarla davam etdirib.

Authorization
*
*
Password generation