Azərbaycan-Rusiya İşgüzar Şurası Onuncu Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində dəyirmi masaların işində iştirak edib
22 noyabr 2019-cu il tarixində Moskva şəhərində Onuncu Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində “Turizm sahəsində əməkdaşlığın inkişafı”, “Sənaye sahəsində əməkdaşlıq”, “Kənd təsərrüfatında qarşılıqlı fəaliyyətin perspektivləri” və “Humanitar sahədə əməkdaşlıq” mövzularında dəyirmi masalar təşkil edilib. Azərbaycan-Rusiya İşgüzar Şurasının üzvləri dəyirmi masaların işində fəal iştirak edib. “Turizm sahəsində əməkdaşlığın inkişafı” mövzusunda dəyirmi masanın moderatorları “Paşa Travel” şirkətinin baş icraçı direktoru Anar Rəhmanov və “İşgüzar Rusiya” təşkilatının Turizm Komitəsinin sədri Yelena Krivenkova olub. Müzakirələr zamanı iki ölkə arasında turist axınının artmasına imkan yaradan və mane olan amillər, daha çox tələbatın olduğu turizm növləri, regionlararası məhsulların hazırlanması, Xəzərdə kruiz turizminin perspektivləri və digər mövzulara toxunulub. Dəyirmi masanın işində iki ölkənin aparıcı turizm operatorları, mehmanxana kompleksləri, aviaşirkətləri və dövlət təşkilatlarının nümayəndələri iştirak edib. Dəyirmi masanın sonunda tədbir iştirakçıları arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb. “Sənaye sahəsində əməkdaşlıq” mövzusunda dəyirmi masanın moderatorları Azərbaycan-Rusiya işgüzar şurasının İdarə Heyətinin sədr müavini Yusif Abdullayev və Rusiyanın Sənaye və Ticarət Nazirliyinin Avropa, Şimali Amerika, MDB ölkələri və Çoxtərəfli İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Mixail Anisimov olub. Dəyirmi masanın işində “Birləşmiş Gəmiqayırma korporasiyası”, “Azərmaş”, “Socar Polymer”, “Gəncə Avtomobil Zavodu”, “Transmaşholdinq”, “QAZ” və bir çox digər şirkətin nümayəndələri iştirak edib. “Kənd təsərrüfatında qarşılıqlı fəaliyyətin perspektivləri” mövzusunda dəyirmi masanın işində Stavropol diyarının kənd təsərrüfatı naziri Vladimir Sitnikov, Smolensk vilayəti administrasiyası rəhbərinin birinci müavini Murad Rəsulov, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Ticarət Şirkətinin sədri Leyla Məmmədova, Dövlət Toxum Fondunun sədri Emin Əliyev, həmçinin iki ölkənin biznes nümayəndələri iştirak edib. Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiya bazarına tədarükü, iki ölkənin kənd təsərrüfatı sahəsində aparılan islahatlar, həmçinin əməkdaşlıq perspektivləri və birgə ikitərəfli layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib. Dəyirmi masalar bitdikdən sonra biznes nümayəndələri B2B formatında danışıqları davam etdiriblər.

Authorization
*
*
Password generation