3-5 mart 2020-ci il tarixində Azərbaycan Respublikasında “Rostov vilayəti Günləri” keçirilib. Hökumət üzvləri, hakimiyyət orqanları, biznes cəmiyyəti, elmi və ictimai təşkilatların nümayəndələrindən ibarət Rostov vilayətinin nümayəndə heyətinə vilayətin qubernatoru Vasili Qolubev başçılıq edib.
“Rostov vilayəti və Azərbaycan Respublikası arasında ticari-iqtisadi və mədəni-humanitar əməkdaşlığın inkişafı” mövzusunda biznes forumu çərçivəsində Azərbaycan-Rusiya İşgüzar Şurası Rostov və Azərbaycanın sahibkarları arasında B2B görüşlər təşkil edib.
Kənd təsərrüfatı, tikinti, turizm, ticarət, sənaye, humanitar və digər fəaliyyət sahələrində əməkdaşlıq və birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub.
Rostov vilayətinin “SBL-Region” MMC, “Aqroİmpeks” TE” MMC, “Alqoritm” MMC şirkətlərinin, həmçinin kiçik biznes nümayəndələri və fərdi sahibkarlar “Karat Holding”, “Agro Food Investments”, “Gilan Agriculture Group”, “Azərsun Holding”, “Səba Holding”, “Giltex, Nabucco”, “RR Group”, “D.Fruits”, “Grow Group”, “AzRosGarden”, “Bakı Tikiş Evi”, “Gəncə Tekstil”, “Azəryol” Elmi-Tədqiqat Layihə institutu” MMC, AR Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti, “Azerbaijan British College” və s. daxil olmaqla Azərbaycan şirkətləri və dövlət təşkilatları ilə danışıqlar aparıb.
Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuraları arasında yaradılan “Turizm Alyansı”nın fəaliyyəti çərçivəsində forumda “Azimut” aviaşirkəti və “PASHA Travel” şirkəti arasında Rostov və Bakı arasında hava nəqliyyatı ilə sərnişin daşımalarının inkişafı və birbaşa aviasiya əlaqəsi yaradılmasına dair saziş imzalanıb. Bu sazişə əsasən ilk uçuş artıq 30 mart 2020-ci il tarixində həyata keçirilib.
Həmçinin, forumda cari ildə Rostov vilayətinin İqtisadi İnkişaf Nazirliyi, AZPromo və Azərbaycan-Rusiya İşgüzar Şurasının təşkilatçılığı ilə azərbaycanlı sahibkarların Rostov vilayətinə biznes missiyasının təşkil olunmasına dair razılığa nail olunub.