10 iyun 2020-ci il tarixində Azərbaycan Turizm Bürosunun, Moskva şəhərinin Turizm Komitəsi və Azərbaycan-Rusiya İşgüzar Şurasının, eləcə də Moskva və Azərbaycanın turizm biznesinin nümayəndələrinin iştirakı ilə turizm sənayesinin bərpası perspektivlərinə həsr olunmuş onlayn konfrans keçirilib.
Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının əməkdaşlığı çərçivəsində yaradılan “Turizm Alyansı”nın koordinatoru Anar Rəhmanov öz çıxışında sənayenin dəstəklənməsi və sürətli bərpası üçün fəal əməkdaşlığın zəruriliyini vurğulayıb, həmçinin alyansın fəaliyyəti haqqında məlumat verib.
Azərbaycan Turizm Bürosunun Beynəlxalq Bazarların İdarəedilməsi Departamentinin müdiri Sevinc Zeynallı cari layihələr, xüsusən də turizm istiqaməti kimi Azərbaycan haqqında biliklərini zənginləşdirmək istəyənlər üçün “Azerbaijan 101” onlayn təlim platformasının istifadəyə verilməsi, həmçinin sağlamlıq, təhlükəsizlik və gigiyena sahəsində ölkədə mövcud standartların yenilənməsi üzrə kompleks yanaşmanı nəzərdə tutan “SAHMAN” (Sanitariya və Gigiyena Metodları və Normaları) proqramının başlanması haqqında məlumatları diqqətə çatdırıb.
Moskva şəhərinin Turizm Komitəsinin sədr müavini Tatyana Şarşavitskaya da Komitənin hazırda həyata keçirdiyi əsas layihələrdən danışıb. Bunlar arasında “Russpass” turizm platforması, “Discover.Moscow” turizm portalı, “#Москвастобой” mədəni-maarifləndirici onlayn platforması, “Moscow Travel Hub” turizm sənayesi ilə dialoq platforması və s.
Konfrans zamanı Moskva və Azərbaycanın turizm operatorlarının nümayəndələri fəaliyyətləri barədə qısa məlumat verdilər və turizm sektorunun bərpası ilə bağlı aktual sualları cavablandırdılar. "TUI", "Tari Tur", "Quinta-Tur", "Alean", "PASHA Travel", "BMP", "MosTur", "Oblaka Travel", "Space Travel", "Victory Tour", “Silk Road Travel”, “Flame Tours”, “Millennium” və bir çox digər şirkətlər tərəfindən təqdimatlar edilib.
İştirakçılar yeni şəraitdə tələbat olacaq turizm məhsulları haqqında fikir mübadiləsi aparıblar. Xüsusilə fərdi və ailəvi turların, eləcə də fərdi turizm marşrutlarının populyarlığının artacağı qeyd edilib. Bundan əlavə, tur operatorlarının fikrincə sağlamlıq turizminə böyük tələbat olacaqdır.
Onlayn konfransın ikinci hissəsində iştirakçılar fərdi onlayn danışıqlar aparıb, əməkdaşlığı daha ətraflı müzakirə etdilər. Cəmi 79 onlayn görüş keçirilib.