Rusiya şirkətlərinin Azərbaycana biznes missiyası çərçivəsində "ağıllı şəhər" konsepsiyasının inkişafı müzakirə olunur
17-18 noyabr 2021-ci il tarixlərdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Rusiya İxrac Mərkəzi (RİM) və Azərbaycan-Rusiya işgüzar şurasının dəstəyi ilə Bakıda dövlət qurumları və biznes strukturlarının iştirakı ilə biznes missiyası keçirilir. Biznes missiyada hər iki ölkədən şəhər infrastrukturunun inkişafı və smart texnologiyaların tətbiqi sahəsində çalışan 70-dən çox şirkət iştirak edir. Tədbirin ilk günündə çıxış edən iqtisadiyyat nazirinin müavini Elnur Əliyev hər iki ölkənin işgüzar dairələri arasındakı münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edib. Qeyd edilmişdir ki, cari ilin oktyabr ayında, prezident İlham Əliyevin iştirakı ilə, "Araz Vadisi İqtisadi Zonasında" KAMAZ Servis Mərkəzinin təməlqoyma mərasimi keçirilib. Şirkət azad edilmiş ərazilərdə yaradılmış "Araz Vadisi İqtisadi Zonasının" ilk rezidenti olub. Bu isə ikitərəfli münasibətlərin inkişafında növbəti uğur deməkdir. Həmçinin, Elnur Əliyev iştirakçıları Azərbaycanda şəhər infrastrukturunun yaxşılaşdırılması istiqamətində görülən işlər barədə də məlumatlandırıb və biznes cəmiyyətlərini bu sahədə daha fəal əməkdaşlığa çağırıb. Azərbaycan-Rusiya işgüzar şurasının İdarə heyətinin sədri Səməd Qurbanov, çıxış edərək, 23 iyul 2021-ci il tarixində keçirilən ilk işgüzar missiyanın layihələrinin praktiki həyata keçirilməsindən danışıb. Birinci missiya zamanı qəbul edilmiş qərar əsasında Cəbrayıl rayonunda KAMAZ servis mərkəzinin təməli qoyulmuşdur. Həmçinin, birinci missiya çərçivəsində, Rusiyanın "RM Reyl" şirkəti tərəfindən 100 dəmir yolu vaqonunun tədarükü üzrə layihə həyata keçirilib. Sentyabr ayında vaqonlar Bakıya gəlib. Həmin vaqonlar daxili və beynəlxalq yük daşımaları xətlərində fəal istifadə olunur. İkinci missiya çərçivəsində əməkdaşlığın genişləndirilməsi və tədarük həcminin artırılması ilə bağlı danışıqlar aparılır. Birinci missiya çərçivəsində, "Alliance Logistics" və "RJD Logistika" şirkətləri "Aqroekspress" layihəsi üzərində işə başlayıblar. Artıq yaxın zamanlarda ilk yüklərin Rusiyaya göndərilməsi planlaşdırılır. Səməd Qurbanov biznes missiyalarının müsbət nəticələrini vurğulamış və biznesi təklif olunan yeni layihələrə, o cümlədən ölkənin azad edilmiş ərazilərinin bərpa edilməsi üzrə layihələrə diqqət yetirməyə çağırmışdır. Ələt azad iqtisadi zonasının İdarə heyətinin sədri Valeh Ələsgərov, çıxış edərək, biznes missiyası iştirakçılarına bu iqtisadi zona, habelə, investorlar üçün bütün üstünlüklər haqqında ətraflı məlumat vermiş və Rusiya şirkətlərini əməkdaşlıqla bağlı danışıqların aparılmasına dəvət etmişdir. Tədbir zamanı həmçinin "Rusiya ixrac mərkəzi" SC-nin baş direktoru V.O.Nikişinanın, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri M.N.Boçarnikovun, Rusiya Federasiyası Sənaye və ticarət nazirinin müavini V.S.Osmakovun, Azərbaycan Respublikasının Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini R.D.Hümmətovun, Roseksimbank SC İdarə heyətinin sədri A.M.Talıbovun, Azərbaycan Respublikasının Kiçik və orta biznesin inkişafı agentliyinin sədri O.V. Məmmədovun, Rusiya-Azərbaycan işgüzar şurasının sədri A.Y. Repikin və digər rəsmilərin salamlama çıxışları baş tutub. Tədbir çərçivəsində "Rusiya ixrac mərkəzi" SC ilə Azərbaycan Respublikasının Kiçik və orta biznesin inkişafı agentliyi arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. Tədbir Azərbaycan və Rusiya şirkətləri arasında ikitərəfli görüşlərin keçirilməsi və danışıqların aparılması ilə davam etdirilib.

Authorization
*
*
Password generation