27 oktyabr 2022-ci il tarixində Bakıda XV Verona Avrasiya İqtisadi Forumu çərçivəsində keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclası keçirilib.
İclasın əsas mövzuları logistika, xüsusi iqtisadi zonaların fəaliyyəti, sənaye, kənd təsərrüfatı və bank sahəsində əməkdaşlıq olub.
İşgüzar nahar formatında keçirilən tədbiri giriş sözü ilə Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov və Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik açıblar.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov, Azpromo Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin rəhbəri Yusif Abdullayev, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti Aleksandr Şoxin, “Roseksimbank” ASC-nin İdarə Heyətinin sədri Azər Talıbov, Azərbaycan Beynəlxalq Bankın idarəedici direktoru Fuad İslamov, “Alliance Logistics” MMC-nin İdarə Heyətinin sədri Natiq Heydərov və başqalarının iştirakı ilə salamlama nitqləri səsləndirilib.
İclasda həmçinin “Gazprombank”-ın Transsərhəd dəstək departamentinin rəhbəri Anna Qrunenko, “Ələt AİZ” Administrasiyasının İdarə Heyətinin sədri Valeh Ələsgərov, Həştərxan vilayətinin sənaye və təbii sərvətlər naziri İlya Volınskiy, Həştərxan vilayətinin “Lotos” Xüsusi İqtisadi Zona” SC-nin baş direktorunun müavini Andrey Nalimov, “Sumqayıt Texnologiyalar Parkı”-nın baş direktoru Ruslan Ağabəyli, “Agro Food Investments”-in strategiya üzrə direktoru Vahid Novruzov, “Samson Controls” MMC-nin Azərbaycandakı nümayəndəsi İlqar Əliyev və başqaları çıxış ediblər.
İşgüzar Şuraların iclasında Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, “Rusiya İxrac Mərkəzi” ASC-nin Azərbaycan Respublikasındakı nümayəndəsi Nuru Quliyev, Rusiya Federasiyasının Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə səlahiyyətli nümayəndəsi, “İşgüzar Rusiya” ümumrusiya ictimai təşkilatının Təsisçilər Şurasının sədri, “Abrau-Durso” Şirkətlər Qrupunun əsas səhmdarı Boris Titov, Rusiya regionlarının hökumət nümayəndələri iştirak edib. Tədbirdə Azərbaycan və Rusiyanın biznes və dövlət təşkilatlarının 60-dan çox nümayəndəsi iştirak edib.
İştirakçılar ikitərəfli əməkdaşlığın inkişafı üzrə şuraların fəaliyyətinin nəticələrini müzakirə ediblər və Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasına işgüzar şuraların töhfəsini qeyd ediblər. 2022-ci ilin birinci yarısının yekunlarına görə, ticarət dövriyyəsi 20,9% artaraq 1,9 milyard dollar təşkil edib və Azərbaycandan qeyri-neft məhsullarının idxalında Rusiya birinci yerdədir.
İşgüzar şuraların mexanizmi Hökumətlərarası Komissiya və digər hökumətlərarası formatlar ilə yanaşı, ikitərəfli biznes layihələrinin həyata keçirilməsinin dəstəklənməsi, bazarın vəziyyəti haqqında aktual məlumatların verilməsi, potensial tərəfdaşların axtarışı və regional səviyyədə işlərin təşkili üçün əsas mexanizmlərdən biri olaraq qalır.
Qeyd olunub ki, Rusiya müəssisələrinin Azərbaycanlı kontragentlərlə sıx əlaqələr qurmağa marağı ciddi şəkildə artıb. Məsələn, son 4,5 il ərzində Rusiyanın 13 regionundan şirkətlərin iştirakı ilə 18 biznes missiyası həyata keçirilib. Bundan əlavə, biznes şuraları forumlarda, dəyirmi masalarda, konfranslarda, müxtəlif ikitərəfli və çoxtərəfli platformalarda fəal iştirak ediblər.
İşgüzar nahar zamanı biznes nümayəndələri işgüzar əlaqələrin möhkəmləndirilməsi istiqamətində gələcək addımlar barədə fikir mübadiləsi aparıblar. Tədbirin yekunu olaraq Azərbaycan və Rusiya şirkətlərinin təkliflərini əks etdirən İşgüzar Şuraların iclasının protokolu hazırlanacaq.