Sentyabrın 27-də Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclası keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, bank, qida, maşınqayırma, metallurgiya, nəqliyyat, əczaçılıq və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.
İclasda çıxış edən Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev belə formatda keçirilən tədbirlərin işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün əlverişli platforma olduğunu vurğulayıb. Qeyd edilib ki, Azərbaycan-Rusiya əlaqələri qarşılıqlı hörmət, mehriban qonşuluq prinsiplərinə əsaslanır və strateji tərəfdaşlıq səviyyəsindədir. Dövlət başçıları ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafına böyük önəm verir və prezidentlərin, rəsmi nümayəndə heyətləri və iş adamlarının çoxsaylı qarşılıqlı səfərləri bunun əyani göstəricisidir. Bu ilin sentyabrın 1-də Azərbaycan Respublikası Prezidentinin Rusiya Federasiyasına səfəri çərçivəsində dövlət başçıları ticarət-iqtisadi əlaqələrin hazırkı vəziyyətini hərtərəfli təhlil edib, bu sahədə gələcək əməkdaşlıq üçün prioritetlər müəyyənləşdirilib, 6-sı biznes dairələr arasında olmaqla ümumilikdə 17 sənəd imzalanıb.
Azərbaycan-Rusiya əlaqələrinin mühüm istiqamətlərindən biri də ticarət əməkdaşlığıdır və bu sahədə müsbət artım dinamikası müşahidə edilir. Rusiya idxalda Azərbaycanın əsas tərəfdaşı, qeyri-neft məhsullarımızın ixracında isə ilk sıradadır. Ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün kompleks tədbirlər görülür. Rusiya Federasiyasında Azərbaycanın ticarət nümayəndəliyinin yaradılması, Həştərxanda Azərbaycan Biznes Mərkəzinin, Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, qarşılıqlı ticarət missiyalarının həyata keçirilməsi və şirkətlərin ölkələrimizdə keçirilən beynəlxalq sərgilərdə iştirakı belə tədbirlərdəndir. Hazırda Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq və Həştərxan şəhərlərində Azərbaycanın ticarət, şərab və çay evlərinin açılması istiqamətində tədbirlər görülür.
Qarşılıqlı investisiya qoyuluşu sahəsində də aktiv əməkdaşlıq həyata keçirilir. Azərbaycan Rusiya iqtisadiyyatına 1 mlrd. dollardan çox, Rusiya isə Azərbaycana 4 mlrd. dollardan artıq investisiya qoyub. Azərbaycanda təqribən 760 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. “SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə Avtomobil Zavodunun Rusiyanın “Kamaz” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələrin reallaşdırılması, Azərbaycan şirkətlərinin Rusiyada həyata keçirdiyi layihələr, o cümlədən Yessentukidə “İstoçnik” sanatoriya-turizm mərkəzi, Krasnodarda meyvə-tərəvəz konservləri və çay istehsalı zavodu, Jeleznovodskda və Kislovodskda sanatoriya-mehmanxana kompleksinin tikintisi və digər layihələr qarşılıqlı investisiya qoyuluşu sahəsində uğurlu layihələrdəndir.
Azərbaycanın Rusiya ilə ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu vurğulayan nazir Şahin Mustafayev bu sahədə Azərbaycan–Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının əhəmiyyətli rol oynadığını qeyd edib, sənaye, energetika, turizm, nəqliyyat, kənd təsərrüfatı, İKT və s. sahələrdə geniş əməkdaşlıq imkanlarının oduğunu diqqətə çatdırıb.
Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin IX Azərbaycan-Rusiya Regionlararası Forumunun Bakıda keçirilməsindən məmnunluğunu bildirib, ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın daha da genişləndirilməsi üçün müvafiq tədbirlərin görüldüyünü qeyd edib. Bildirilib ki, kənd təsərrafatı, nəqliyyat, sənaye və s. sahələrdə əməkdaşlıq imkanları genişdir və bu baxımdan işgüzar şuraların fəaliyyəti önəmlidir. M.Oreşkin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafında regional əməkdaşlığın genişləndirilməsinin önəmli olduğunu və bu baxımdan, forumun əhəmiyyətini diqqətə çatdırıb.
Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov Rusiyanın Azərbaycanın əsas iqtisadi-ticarət tərəfdaşlarından olduğunu vurğulayıb, təmsil etdiyi İşgüzar Şuranın fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, İşgüzar Şura iş adamları arasında əlaqələrin genişləndirilməsi, işgüzar dairələr və dövlət qurumları arasında dialoq yaratmaq, yeni əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə yaradılıb. Azərbaycan-Rusiya İşgüzar Şurasında kənd təsərrüfatı, sənaye, logistika, nəqliyyat, bank, neft-kimya sahələrində iri, eləcə də kiçik və orta biznes nümayəndələri təmsil olunur. Səməd Qurbanov Azərbaycan iş adamları tərəfindən Rusiya həyata keçirilən layihələr barədə də məlumat verib.
Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik çıxışında işgüzar şuraların fəaliyyətinin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olduğunu qeyd edib.
Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov və Rusiya Federasiyasının Novqorod vilayətinin qubernatoru Andrey Nikitin çıxışlarında Bakı və Novqorodun potensialı, bu şəhərlərdə görülən işlər və regional əməkdaşlıq imkanları barədə məlumat verib, “Azərmaş” şirkətinin sədri Emin Axundov, “Qazprombank”ın vitse-prezidenti Aleksey Çiçkanov və digər şirkət təmsilçiləri isə ölkələrimiz arasında müvafiq sahələrdə əməkdaşlıq, reallaşdırılan birgə layihələr və əlaqələrin genişləndirilməsi perspektivləri barədə danışıblar.
Sonra Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuraları arasında əməkdaşlığa dair Saziş imzalanıb. Sənədi Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov və Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik imzalayıb.