Baş nazirin müavini Şahin Mustafayev Rusiyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşüb
23 iyul 2021-ci il tarixində Azərbaycan-Rusiya İşgüzar Şurasının iştirakı ilə Azərbaycan Respublikası baş nazirinin müavininin Şahin Mustafayev Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası İqtisadi İnkişaf nazirinin müavini Dmitriy Volvaç, Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov, “Roseksimbank” SC-nin İdarə Heyətinin sədri Azər Talıbov, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Elnur Əliyev və digər rəsmi şəxslər və biznes nümayəndələri iki ölkə arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-logistika, tranzit və bir çox digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə etdilər. İkitərəfli iqtisadi əlaqələrin inkişafında iş adamlarının rolu vurğulanaraq onlar arasında daha sıx əməkdaşlığın təşviq edilməsinin vacibliyi qeyd edilib. Bu gün Rusiyanın Azərbaycanda işgüzar missiyasının fəaliyyətə başlamasının bu baxımdan önəmi vurğulanıb. Eyni zamanda, Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının genişləndirilməsi perspektivləri geniş müzakirə edilib. Tərəflər, həmçinin iki ölkə arasında dəmir yolu ilə malların fasiləsiz qarşılıqlı tədarükü üçün logistik dəhlizin yaradılması məsələsinə dair fikir mübadiləsi aparıblar. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi iki ölkə arasında ticarət əlaqələrinin inkişafı baxımından prioritet olaraq dəyərləndirilib. Tərəflər nəqliyyat xidmətlərinin və nəzarət prosedurlarının təkmilləşdirilməsinin dəhliz üzrə nəqliyyat vasitələrinin hərəkətinin və yük axınının artırılmasına, eləcə də yüklərin çatdırılma müddətinin azaldılmasına xidmət edəcəyinə əminlik ifadə ediblər. Görüşdə, həmçinin nəqliyyat, logistika, tikinti, maşınqayırma, İKT, metallurgiya və dağ-mədən sahələrində fəaliyyət göstərən 10-a yaxın Rusiya şirkəti tərəfindən təqdimatlar edilib.

Authorization
*
*
Password generation