1 iyul 2021-ci il tarixində Azərbaycan-Rusiya İşgüzar Şurasının iştirakı ilə Azərbaycan Respublikası baş nazirinin müavininin RİM Qrupunun nümayəndə heyəti ilə görüşü keçirilib.
Görüş çərçivəsində AR baş nazirinin müavini Şahin Mustafayev, “Roseksimbank” SC-nin İdarə Heyətinin sədri Azər Talıbov, Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov, Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və Rusiya İxrac Mərkəzinin Azərbaycandakı nümayəndəsi Nuri Quliyev infrastruktur layihələrinin maliyyələşdirilməsi, habelə ticarətin maliyyələşdirilməsinin fəallaşdırılması məsələlərini müzakirə ediblər.
Tərəflər Rusiya və Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığın müsbət dinamikasını qeyd ediblər.
Rusiya İxrac Mərkəzinin (RİM) nümayəndə heyəti Azərbaycan Respublikasında böyük infrastruktur layihələrinin həyata keçirilməsi zamanı RİM Qrupunun, o cümlədən “Roseksimbank”ın maliyyə alətlərindən istifadə etməyi təklif edib. Bu yanaşma Rusiya müəssisələrini Azərbaycanda infrastrukturun inkişafı layihələrinə cəlb etməyə imkan verəcək. Avtomobilqayırma, dəmir yolu nəqliyyatı parkının inkişaf etdirilməsi sahəsindəki layihələrin perspektivli olduğu təsdiq edilib.
Görüşdə səmərəli qarşılıqlı əməkdaşlığın nümunəsi kimi “Roseksimbank”ın maliyyə dəstəyi ilə həyata keçirilən və yekun mərhələdə olan Azərbaycanın dəmiryol nəqliyyatı vasitələrinin yenilənməsi layihəsi qeyd olunub.