“AZƏRBAYCAN-RUSSİA İŞGÜZAR ŞURASI” İCTİMAİ BİRLİYİNİN NİZAMNAMƏSİ
I. ÜMUMİ MÜDDƏALAR
1.1. “Azərbaycan-Rusiya İşgüzar Şurası” İctimai Birliyi (bundan sonra “Birlik” adlandırılacaq) ümumi maraqlar əsasında birləşmiş, könüllülük, üzvlərinin hüquq bərabərliyi prinsipləri əsasında, daimi əsaslarla yaradılan, öz fəaliyyətinin əsas məqsədi kimi gəlir əldə etməyi nəzərdə tutmayan və əldə edilən gəliri öz üzvləri arasında bölməyən qeyri-hökumət təşkilatıdır və fəaliyyəti bütün Azərbaycan Respublikasının ərazisini əhatə edir.
1.2. Birlik öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikası Qanunu, həmçinin bu Nizamnamə əsasında qurur.
1.3. Birlik Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığı vaxtdan hüquqi şəxs statusu qazanır. Birliyin müstəqil balansı, üzərində adı yazılmış möhürü, ştampı, Azərbaycan Respublikasının banklarında hesablaşma hesabı və digər rekvizitləri vardır.
1.4. Birlik müqavilələr bağlaya, əmlak və şəxsi qeyri-əmlak hüquqlarını əldə edə, vəzifələr daşıya, məhkəmədə iddiaçı və cavabdeh qismində çıxış edə bilər.
1.5. Birliyin hüquqi ünvanı: Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 59.
II. BİRLİYİN MƏQSƏD VƏ VƏZİFƏLƏRİ
2.1. Birliyin əsas məqsədi Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı iqtisadi və dostluq əlaqələrinin inkişafına kömək etməkdir.
2.2. Birlik məqsədlərə çatmaq üçün aşağıdakı vəzifələri həyata keçirir:
Azərbaycan Respublikasında və Rusiya Federasiyasında mövcud olan biznes mühitlərini öyrənib təhlil etmək;
Hər iki ölkənin qanunvericiliyi barədə Rusiya Federasiyasının və Azərbaycan Respublikasının iş adamları (sahibkarlar) arasında maarifləndirmə işi aparmaq;
Azərbaycan Respublikası və Rusiya Federasiyası iş adamlarının (sahibkarların) hüquqlarının qorunması məqsədi ilə onlara dəstək göstərmək;
Azərbaycan Respublikası və Rusiya Federasiyası hakimiyyət orqanları, hüquqi və fiziki şəxslər arasında milli və beynəlxalq səviyyədə əlaqələri, əməkdaşlığı və daimi sosial dialoqu dəstəkləmək və təşviq etmək;
Bərabərlik, tərəfdaşlıq və qarşılıqlı hörmət əsasında Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi münasibətlərin və investisiyaların sistemli və davamlı olaraq genişləndirməsini dəstəkləmək və təşviq etmək ;
Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi sahələrdə sərbəst əməkdaşlığ dəstəkləmək və təşviq etmək;
Azərbaycan Respublikasında və Rusiya Federasiyasında mövcud biznes mühitində problemlərin müzakirəsində və iki ölkə arasında əməkdaşlığın təkmilləşdirilməsində gənclərin iştirakını dəstəkləmək;
Azərbaycan Respublikasının və Rusiya Federasiyasının biznes əlaqələrinin inkişafına kömək edəcək istedadlı gəclərinin aşkara çıxarılmasına, təhsillərini davam etdirilməsinə, intellektual inkişafına kömək etmək;
Beynəlxalq hüquq normaları və milli qanunvericiliyin ümumi prinsiplərinə uyğun şəkildə ölkə qanunvericiliyinin, o cümlədən gömrük və vergi qanunvericiliyinin təkmilləşdirilməsində, dinamik inkişafında, eləcə də qanunvericilik aktlarının hazırlanmasında fəal iştirak etmək;
Birlik öz məqsəd və vəzifələrini yerinə yetirmək üçün mövcud qanunvericiliklə qadağan edilməmiş digər fəaliyyətləri də həyata keçirə bilər.
2.3. Bu Nizamnamədə nəzərdə tutulmuş vəzifələri həyata keçirmək üçün Birlik:
kurslar, seminarlar, görüşlər, simpoziumlar, konfranslar, forumlar, dəyirmi masalar və müsabiqələr təşkil edir, xeyriyyə və digər mədəni-kütləvi tədbirlər keçirir;
ixtisaslaşdırılmış sərgilər, təqdimat xarakterli kommersiya və reklam tədbirlərini təşkil edir;
məqsədləri və fəaliyyəti barədə məlumatlar yayır, qanunvericiliyə müvafiq qaydada mətbu nəşrlər təsis edir, jurnallar, bülletenlər, kitabçalar, broşuralar, reklam çarxları hazırlayır;
dövlət, yerli özünüidarəetmə orqanları, qeyri-hökumət təşkilatları və beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
2.4. Birlik dövlət qeydiyyatına alındıqdan sonra 30 (otuz) gün müddətində üzvlərinin reyestrinin aparılmasını təmin edir.
2.5. Birlik Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin və bələdiyyələrin seçkisində iştirak edə, habelə dini təbliğat və siyasi fəaliyyətlə məşğul ola bilməz.
2.6. Bu Nizamnamədən irəli gələn vəzifələri həyata keçirmək üçün Birlik Nizamnamə məqsədlərinə uyğun olan digər fəaliyyətlə də məşğul ola bilər.
III. BİRLİYİN ƏMLAKI VƏ MALİYYƏ FƏALİYYƏTİ
3.1. Birliyin mülkiyyətində binalar, qurğular, mənzillər, avadanlıqlar, inventarlar, pul vəsaitləri, səhmlər, digər qiymətli kağızlar və bu Nizamnamə ilə nəzərdə tutulmuş fəaliyyətin maddi təminatı üçün qanunvericiliklə qadağan olunmamış növlərdə əmlak ola bilər.
3.2. Birlik, Birliyin təsisçilərindən və ya İdarə Heyətinin üzvlərindən və ya onların yaxın qohumlarından bu Nizamnamənin 3.1-ci bəndində göstərilənləri satın ala, icarəyə götürə və ya həmin əmlakı onlara sata və yaxud icarəyə verə bilməz. Hazırkı Nizamnamənin məqsədləri üçün “yaxın qohumlar” dedikdə həyat yoldaşı, övlad, valideyn, baba, nənə və əmi, bibi, dayı, xala uşaqları başa düşülür.
3.3. Birliyin bütün üzvləri Birliklə onların arasında həyata keçirilən əməliyyatlarda olan maraqlarını bəyan etməlidir.
3.4. Birlik öz öhdəliklərinə görə əmlakı ilə cavabdehdir. Bu əmlak yalnız Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq özgəninkiləşdirilə bilər.
3.5. Birliyin əmlakının pul və digər şəkildə formalaşdırılması mənbələri aşağıdakılardır:
təsisçilərin və ya Birlik üzvlərinin müntəzəm və ya birdəfəlik üzvlük haqları;
öz əmlakından və onun satılması nəticəsində əldə edilən gəlirlər;
qrantlar və ianələr;
qanunvericilikdə qadağan olunmayan digər mədaxillər.
3.6. Birliyin üzvləri onun mülkiyyətinə daxil olan ayrı-ayrı obyektlər üzərində xüsusi hüquqlara malik deyil.
3.7. Birliyə ianə verən şəxs verdiyi və ya verəcəyi ianə müqabilində özü və ya üçüncü şəxslər üçün birbaşa, yaxud dolayı yolla maddi və sair nemət, hər hansı imtiyaz və ya güzəşt tələb edə və ya qəbul edə bilməz, belə təklifə və ya vədə razılıq verə bilməz.
3.8. Birlik Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada öz fəaliyyətinin məqsədlərinə və əmlakın təyinatına müvafiq olaraq öz əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququna malikdir.
3.9. Birliyin hesabına daxil olmuş vəsait, Birliyin əsas məqsədindən başqa, digər məqsədlər üçün xərclənə bilməz.
3.10. Birliyin birinci maliyyə ili qeydiyyata alındığı vaxtdan başlayır və həmin ilin 31 dekabrında başa çatır. Növbəti maliyyə ili isə 1 yanvarda başlayır və həmin ilin 31 dekabrınadək olan dövrü əhatə edir.
IV. BİRLİYƏ TƏSİSÇİLİK VƏ ÜZVLÜK, ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
4.1. Birliyin təsisçiləri hüquqi şəxslər (dövlət hakimiyyəti və bələdiyyələr istisna olmaqla) və ya 18 yaşına çatmış fiziki şəxslər ola bilərlər.
4.2. Təsisçilər bərabər hüquqlara malikdirlər. Təsisçilərin qarşılıqlı münasibətləri, hüquq və vəzifələri qanunvericiliklə, yaxud onların arasında bağlanılmış müqavilə ilə və ya Nizamnamə ilə müəyyən edilir.
4.3. Azərbaycan Respublikasının hər bir fiziki və ya hüquqi şəxsi (dövlət hakimiyyəti və bələdiyyələr istisna olmaqla) Birliyin üzvü ola bilər. Birliyin təsisçiləri həm də Birliyin üzvləri hesab olunurlar.
4.4. Birliyə üzvlərin qəbulu Birliyin İdarə Heyəti tərəfindən aparılır.
4.5. Birliyə daxil olmaq istəyən şəxslər Birliyin İdarə Heyətinə yazılı şəkildə müraciət edir. Ərizəyə bir ay müddətində baxılır. Səsvermə nəticəsində Birliyin İdarə Heyəti üzvlərinin yarıdan çoxu bu məsələyə müsbət münasibətlərini bildirdikdə, ərizəçi Birliyin üzvü seçilmiş hesab edilir.
4.6. Birliyin üzvləri bərabərhüquqludurlar və aşağıdakı hüquqlara malikdirlər:
bu Nizamnamədə və digər sənədlərdə nəzərdə tutulmuş qaydada Birliyin idarəçiliyində iştirak etmək;
Birliyin hər hansı idarəetmə orqanlarına və Birliyin təşkilatı strukturunun digər bölümlərinə seçmək və seçilmək;
Birliyin fəaliyyətində və təşkil etdiyi tədbirlərdə iştirak etmək;
onun hüquq və vəzifələri ilə bağlı hər hansı məsələnin müzakirəsində şəxsən iştirak etmək, Birliyin müvafiq orqanlarına etirazını bildirmək və şikayət etmək;
öz mənafelərinin müdafiəsinə kömək göstərilməsi üçün Birliyə müraciət etmək;
• участвовать лично в обсуждении какого-либо вопроса, с вязанного с его правами и обязанностями, заявлять претензии и подавать жалобы в соответствующий орган Объединения;
mövcud qanunvericilik və Birliyin Nizamnaməsi ilə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
4.7. Birliyin üzvü, yalnız Birliyin müvafiq orqanları səlahiyyət verdikdə, həmin orqanı təmsil edə və ya onun adından bəyanatla çıxış edə bilər.
4.8. Birliyin üzvləri aşağıdakı vəzifələri daşıyırlar:
Birliyin Nizamnaməsinə, həmçinin əxlaq və etika normalarına əməl etmək;
Birliyin seçkili orqanlarının qərarlarını yerinə yetirmək;
üzvlük haqqını vaxtında ödəmək;
mövcud qanunvericilik və Birliyin Nizamnaməsi ilə nəzərdə tutulmuş digər vəzifələri icra etmək.
4.9. Birliyə üzvlük haqqının məbləği Birliyin İdarə Heyəti tərəfindən müəyyən edilir.
4.10. Birliyə üzvlüyə aşağıdakı hallarda xitam verilir:
könüllü olaraq Birliyin üzvlüyündən çıxanda;
Birliyin üzvlüyündən xaric edildikdə.
4.11. Birliyin üzvü aşağıdakı hallarda üzvlükdən xaric edilir:
Birliyin Nizamnaməsində əks olunan məqsədlərinə, missiyasına ləkə gətirən hərəkətlərə yol verdikdə;
Birliyin Nizamnaməsinin tələblərini yerinə yetirmədikdə.
4.12. Üzvlükdən çıxarılma və xaric edilmə Birliyin İdarə Heyətinin qərarı ilə həyata keçirilir.
4.13. Birliyin üzvü həmin qərardan narazı olduğu halda Birliyin ali idarəetmə orqanına və məhkəməyə şikayət etmək hüququna malikdir.
V. BİRLİYİN TƏŞKİLATİ STRUKTURU VƏ İDARƏETMƏ ORQANLARI
5.1. Birliyin İdarəetmə orqanları aşağıdakılardan ibarətdir:
Ali idarəetmə orqanı olan Birliyin Ümumi Yığıncağı;
Birliyin İdarə Heyəti;
Birliyin İdarəedici Direktoru.
VI. BİRLİYİN ÜMUMİ YIĞINCAĞI
6.1. Birliyin ali idarəetmə orqanı ildə bir dəfədən az olmayaraq çağırılan Birliyin Ümumi Yığıncağıdır.
6.2. Birliyin Ümumi Yığıncağı Birliyin icra orqanının, təsisçilərdən birinin və ya üzvlərinin üçdə bir hissəsinin təşəbbüsü ilə çağırılır.
6.3. Birliyin təsisçilərinə və üzvlərinə Birliyin Ümumi Yığıncağının yeri və vaxtı haqqında ən azı iki həftə əvvəl məlumat verilməlidir.
6.4. Birliyin Ümumi Yığıncağının səlahiyyətinə aşağıdakılar aiddir:
Birliyin Nizamnaməsinin qəbulu və ona dəyişikliklər edilməsi;
Birliyin əmlakının formalaşması və istifadə prinsiplərinin müəyyən edilməsi;
Birliyin icra orqanlarının yaradılması və onların səlahiyyətlərinin vaxtından əvvəl dayandırılması;
illik hesabatın təsdiq edilməsi;
illik xərclər smetasının təsdiq edilməsi;
başqa təşkilatlarda iştirak;
Birliyin yenidən təşkili və ləğv edilməsi;
Birliyin icra orqanlarının rəhbərlərinin hesabatının dinlənilməsi.
6.5. Birliyin Ümumi Yığıncağı yalnız Birlik üzvlərinin yarısından çoxu (şəxsən və ya bu Nizamnamənin 6.7 maddəsində göstərilən etibarnamələr əsasında çıxış edən nümayəndələri vasitəsilə) iştirak etdikdə (kvorum olduqda) səlahiyyətli hesab olunur.
6.6. Birliyin Ümumi Yığıncağının iclasında müzakirə olunan məsələlər haqqında qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Nizamnaməyə dəyişiklik və əlavələr edilməsi, Birliyin ləğv edilməsi barədə qərar üçdə iki səs çoxluğu ilə qəbul edilir.
6.7. Hər bir üzv bir səsə malikdir və bu səs hüququnu müvafiq etibarnamə verməklə özünün səlahiyyətli nümayəndəsinə ötürə bilər.
6.8. Birliyin Ümumi Yığıncağının iclasında yazılı protokol aparılmalıdır. Protokol, Birliyin Ümumi Yığıncağının sədri və katibi tərəfindən imzalanır, protokol Birliyin bütün üzvlərinə paylanmalıdır.
VII. BİRLİYİN İDARƏ HEYƏTİ
7.1. Birliyin İdarə Heyəti kollegial icra orqanı olaraq Ümumi Yığıncaqlar arası dövrlərdə Birliyin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. Birliyin İdarə Heyəti 3 fiziki şəxslərdən ibarətdir. İdarə Heyətinin sədri və digər üzvlər Birliyin Ümumi Yığıncağı tərəfindən iki il müddətinə seçilir.
7.2. Birliyin İdarə Heyəti aşağıdakı səlahiyyətlərə malikdir:
Birliyin üzvlüyünə qəbul edir və üzvlükdən azad edir;
Birliyin üzvlük haqqının məbləğini və ödəmə qaydasını müəyyən edir;
təkliflər irəli sürür və layihələri icra edir;
Birliyin filiallarını yaradır və nümayəndəliklərini açır;
Birliyin İdarəedici Direktorunun fəaliyyətinə nəzarət edir;
Birliyin başqa idarəetmə orqanlarının səlahiyyətlərinə aid edilməyən bütün məsələləri həll edir.
7.3. Birliyin İdarə Heyətinin Sədri aşağıdakı səlahiyyətlərə malikdir:
İdarə Heyətinin iclaslarında sədrlik edir;
İdarə Heyətinin iclaslarında gündəliyi təklif edir;
İdarə Heyətinin iclaslarının protokolunu imzalayır;
Birliyi təmsil edir;
Birliyin Ümumi Yığıncağı ilə ona həvalə olunmuş digər məsələləri həll edir.
7.4. Birliyin İdarə Heyətinin iclasları üzvlərinin yarısından çoxu (fiziki olaraq, konfrans zəng vasitəsi ilə) iştirak etdikdə (kvorum olduqda) səlahiyyətli sayılır və qərarlar sadə səs çoxluğu ilə qəbul edilir.
7.5. Birliyin İdarə Heyətinin Sədri və onun üzvləri Birliyin Ümumi Yığıncağı tərəfindən eyni zamanda seçilir.
7.6. Birliyin İdarə Heyətinin üzvlərinin seçilməsi və Birliyin İdarə Heyətinin fəaliyyətinin təşkili qaydaları Birliyin Ümumi Yığıncağı tərəfindən qəbul edilmiş qaydalara əsasən müəyyən olunur.
VIII. BİRLİYİN İDARƏEDİCİ DİREKTORU
8.1. Birliyin İdarəedici Direktoru İdarə Heyəti tərəfindən seçilir və İdarə Heyəti Sədrinin verdiyi etibarnamə əsasında fəaliyyət göstərir.
8.2. Birliyin İdarəedici Direktorunun səlahiyyətləri aşağıdakılardır:
Birliyin Ümumi Yığıncağının və Birliyin İdarə Heyətinin qərarlarının icrasını təşkil edir;
İdarə Heyəti sədrinin verdiyi etibarnamələr əsasında müqavilələr imzalayır və digər vəzifələri icra edir;
bu Nizamnamə ilə və İdarə Heyəti tərəfindən onun üzərinə qoyulan digər funksiyaları həyata keçirir.
8.3. Birliyin İdarəedici Direktoru Ümumi Yığıncaq tərəfindən təsdiq edilmiş illik xərclər smetasına uyğun olaraq fəaliyyət göstərir. Əlavə xərclərə zərurət yarandıqda, onlar, Birliyin İdarə Heyəti tərəfindən təsdiqlənir.
IX. BİRLİYİN FƏXRİ PREZİDENTİ
9.1. Birlik onun fəaliyyətinə dəyərli töhfələr etdiyinə görə hər hansı fiziki şəxsi qeyri-müəyyən müddətə Birliyin Fəxri Prezidenti seçə bilər.
9.2. Birliyin Fəxri Prezidenti Birliyin İdarə heyəti tərəfindən təklif olunur və Birliyin Ümumi Yığıncağı tərəfindən seçilir.
9.3. Fəxri Prezident Birliyin bütün iclas və tədbirlər haqqında məlumatlandırılmalıdır və Birliyin bütün iclas və tədbirlərində məsləhətçi qismində iştirak etmək hüququna malikdir.
9.4. Fəxri Prezidentin səs vermək hüququna malik deyil.
9.5. Fəxri Prezident Birliyin qarşısında heç bir öhdəlik daşımır.
X. BİRLİYİN NƏZARƏT-TƏFTİŞ KOMİSSİYASI
10.1. Birliyin nəzarət-təftiş komissiyası (bundan sonra “NTK” adlandırılacaq) Birliyin Ümumi Yığıncağı tərəfindən Birliyin icra orqanlarının və vəzifəli şəxslərinin fəaliyyətinin Nizamnaməyə uyğunluğuna, Birliyin maliyyə fəaliyyəti üzərində nəzarəti həyata keçirmək üçün təsis olunur.
10.2. NTK-nin say tərkibi, eləcə də NTK-nin üzvlərinin seçilməsi qaydaları və NTK-nin funksiyalarını yerinə yetirilməsi qaydaları Birliyin Ümumi Yığıncağı tərəfindən qəbul edilmiş reqlamentə əsasən müəyyən edilir.
10.3. NTK Birliyin idarə orqanları, komitələri və üzvlərindən alınmış ərizələr üzrə fəaliyyət göstərir.
10.4. NTK Birliyin idarəetmə orqanlarından, komitələrindən və üzvlərindən daxil olan ərizələrə bir ay ərzində baxıb cavab verməlidir.
10.5. NTK-nın tərkibinə daxil olan üzv eyni zamanda Birliyin idarəetmə orqanlarının və Birliyin təşkilatı strukturunun digər bölümlərinin üzvü ola bilməz.
XI. BİRLİK TƏRƏFİNDƏN YARADILACAQ KOMİTƏLƏR
11.1. Birliyin müxtəlif fəaliyyət istiqamətləri üzrə daxili komitələr yaradıla bilər.
11.2. Komitələrin təşkili və fəaliyyətinə nəzarət qaydaları Birliyin Ümumi Yığıncağı tərəfindən qəbul olunmuş əsasnamə ilə müəyyən edilir.
XII. BİRLİYİN FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ
12.1. Birliyin fəaliyyətinə Birliyin yenidən təşkil edilməsi (birləşmə, qoşulma, ayrılma, çevrilmə) və ləğv edilməsi yolları ilə xitam verilir. Birliyin fəaliyyətinə xitam verilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
12.2. Birliyin fəaliyyətinə xitam verilməsi haqqında qərar Ümumi Yığıncaq tərəfindən üçdə iki səs çoxluğu ilə qəbul olunur. Bu qərar əsasında ləğvetmə komissiyası yaradılır və bu andan Birliyin idarəçiliyi ilə əlaqədar bütün səlahiyyətlər ona keçir. Ləğvetmə komissiyası ləğvetmə balansını tərtib edir. Birliyin ləğvi zamanı büdcə ilə hesablaşmalardan və kreditorların tələbləri ödənildikdən sonra qalan əmlak qanunvericiliklə müəyyən olunmuş Birliyin Nizamnamədəki göstərilmiş məqsədlərinə, bu mümkün olmadıqda isə dövlət büdcəsinə yönəldilir. Birliyin ləğvi Azərbaycan Respublikasının “Mülki Məcəlləsi”-nə və digər qanunvericilik aktlarına əsasən həyata keçirilir.
XIII. DİGƏR ŞƏRTLƏR
13.1 Bu Nizamnamədə nəzərdə tutulmayan məsələlər qanunvericiliklə tənzimlənir.
13.2. Gələcəkdə bu Nizamnamənin müddəaları qanunvericiliklə ziddiyyət təşkil edərsə, qanunvericiliyin müddəaları tətbiq edilir.