İşgüzar Şura Avrasiya İqtisadi Forumunun “Yeni logistika və nəqliyyat marşrutları” panel sessiyasında iştirak edib27-28 oktyabr 2022-ci il tarixləində Bakı Konqres Mərkəzində yubiley XV Verona Avrasiya İqtisadi Forumu keçirilib.
Açılış mərasimində Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk, Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov, “Avrasiyanı tanı”(İtaliya) Assosiasiyasının prezidenti Antonio Falliko salamlama nitqi ilə çıxış ediblər.
Biznes proqramına iki günlük xüsusi sessiyalar daxildir.
“Yeni logistika və nəqliyyat marşrutları” panel sessiyasında Azərbaycan və Rusiya arasında nəqliyyat marşrutlarının inkişafı məsələləri müzakirə olunub.
İki ölkə hökumətinin nümayəndələri Azərbaycan və Rusiyanın logistika bazarlarının əsas oyunçuları ilə birlikdə beynəlxalq nəqliyyat dəhlizləri boyunca mövcud təchizat zəncirlərinin təkmilləşdirilməsi və yeni təchizat zəncirlərinin yaradılması məsələlərini müzakirə ediblər.
Panel sessiyanın moderatoru Rusiya İxrac Mərkəzinin baş direktoru Veronika Nikişina, məruzəçilər Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousov, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini Hicran Valehov, “Rusiya Dəmir Yolları” ASC-nin baş direktorunun birinci müavini Vadim Mixaylov, “Alliance Logistics” MMC-nin İdarə Heyətinin sədri Natiq Heydərov, “TRASCO” MMC-nin baş direktoru Yevgeni Şakalida olub.
Belə ki, Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Rusiya Federasiyası Baş nazirinin birinci müavini Andrey Belousov iki ölkənin tranzit potensialının reallaşdırılması imkanlarını müzakirə ediblər.
Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədr müavini, “Alliance Logistics” MMC-nin İdarə Heyətinin sədri Natiq Heydərov çıxışında nəqliyyat infrastrukturunun inkişafında, xüsusilə də vaqon parklarının genişləndirilməsi, tranzit marşrutlarının idarə olunmasında biznesin cəlb edilməsinin faydalarını vurğuladı və yükdaşımaların həcminin uzunmüddətli artması üçün bu yanaşmanın effektivliyini qeyd etdi.
Müzakirələr zamanı iştirakçılar logistik xidmətlərin təkmilləşdirilməsi, o cümlədən tənzimləyici orqanlar arasında əməkdaşlığın və qarşılıqlı fəaliyyətin inkişafı istiqamətində zəruri addımların atılması məsələlərini müzakirə ediblər.
XV Verona Avrasiya İqtisadi Forumu çərçivəsində işgüzar şuraların geniştərkibli iclası keçirilib27 oktyabr 2022-ci il tarixində Bakıda XV Verona Avrasiya İqtisadi Forumu çərçivəsində keçirilən Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclası keçirilib.
İclasın əsas mövzuları logistika, xüsusi iqtisadi zonaların fəaliyyəti, sənaye, kənd təsərrüfatı və bank sahəsində əməkdaşlıq olub.
İşgüzar nahar formatında keçirilən tədbiri giriş sözü ilə Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov və Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik açıblar.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov, Azpromo Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin rəhbəri Yusif Abdullayev, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının prezidenti Aleksandr Şoxin, “Roseksimbank” ASC-nin İdarə Heyətinin sədri Azər Talıbov, Azərbaycan Beynəlxalq Bankın idarəedici direktoru Fuad İslamov, “Alliance Logistics” MMC-nin İdarə Heyətinin sədri Natiq Heydərov və başqalarının iştirakı ilə salamlama nitqləri səsləndirilib.
İclasda həmçinin “Gazprombank”-ın Transsərhəd dəstək departamentinin rəhbəri Anna Qrunenko, “Ələt AİZ” Administrasiyasının İdarə Heyətinin sədri Valeh Ələsgərov, Həştərxan vilayətinin sənaye və təbii sərvətlər naziri İlya Volınskiy, Həştərxan vilayətinin “Lotos” Xüsusi İqtisadi Zona” SC-nin baş direktorunun müavini Andrey Nalimov, “Sumqayıt Texnologiyalar Parkı”-nın baş direktoru Ruslan Ağabəyli, “Agro Food Investments”-in strategiya üzrə direktoru Vahid Novruzov, “Samson Controls” MMC-nin Azərbaycandakı nümayəndəsi İlqar Əliyev və başqaları çıxış ediblər.
İşgüzar Şuraların iclasında Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov, “Rusiya İxrac Mərkəzi” ASC-nin Azərbaycan Respublikasındakı nümayəndəsi Nuru Quliyev, Rusiya Federasiyasının Prezidenti yanında sahibkarların hüquqlarının müdafiəsi üzrə səlahiyyətli nümayəndəsi, “İşgüzar Rusiya” ümumrusiya ictimai təşkilatının Təsisçilər Şurasının sədri, “Abrau-Durso” Şirkətlər Qrupunun əsas səhmdarı Boris Titov, Rusiya regionlarının hökumət nümayəndələri iştirak edib. Tədbirdə Azərbaycan və Rusiyanın biznes və dövlət təşkilatlarının 60-dan çox nümayəndəsi iştirak edib.
İştirakçılar ikitərəfli əməkdaşlığın inkişafı üzrə şuraların fəaliyyətinin nəticələrini müzakirə ediblər və Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin artırılmasına işgüzar şuraların töhfəsini qeyd ediblər. 2022-ci ilin birinci yarısının yekunlarına görə, ticarət dövriyyəsi 20,9% artaraq 1,9 milyard dollar təşkil edib və Azərbaycandan qeyri-neft məhsullarının idxalında Rusiya birinci yerdədir.
İşgüzar şuraların mexanizmi Hökumətlərarası Komissiya və digər hökumətlərarası formatlar ilə yanaşı, ikitərəfli biznes layihələrinin həyata keçirilməsinin dəstəklənməsi, bazarın vəziyyəti haqqında aktual məlumatların verilməsi, potensial tərəfdaşların axtarışı və regional səviyyədə işlərin təşkili üçün əsas mexanizmlərdən biri olaraq qalır.
Qeyd olunub ki, Rusiya müəssisələrinin Azərbaycanlı kontragentlərlə sıx əlaqələr qurmağa marağı ciddi şəkildə artıb. Məsələn, son 4,5 il ərzində Rusiyanın 13 regionundan şirkətlərin iştirakı ilə 18 biznes missiyası həyata keçirilib. Bundan əlavə, biznes şuraları forumlarda, dəyirmi masalarda, konfranslarda, müxtəlif ikitərəfli və çoxtərəfli platformalarda fəal iştirak ediblər.
İşgüzar nahar zamanı biznes nümayəndələri işgüzar əlaqələrin möhkəmləndirilməsi istiqamətində gələcək addımlar barədə fikir mübadiləsi aparıblar. Tədbirin yekunu olaraq Azərbaycan və Rusiya şirkətlərinin təkliflərini əks etdirən İşgüzar Şuraların iclasının protokolu hazırlanacaq.
Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi yığıncağı keçirilib15 fevral 2022-ci il tarixində Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi yığıncağı keçirilib.
İclası giriş sözü ilə İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov açıb. Səməd Qurbanov regional biznes-missiyalarının təşkili, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının birgə iclası, Rusiya İxrac Mərkəzinin (RİM) himayəsi altında sənaye müəssisələrinin geniştərkibli işgüzar missiyalarında, “Rusiyada istehsal olunub - 2021” Beynəlxalq İxrac Forumunda iştirak və s. daxil olmaqla Şuranın ötən il ərzində fəaliyyətində əlamətdar hadisə və tədbirlər barədə söz açıb.
İclas çərçivəsində “Logistika”, “Qida məhsulları və kənd təsərrüfatı”, “Turizm”, “Sertifikasiya və gömrük prosedurları” komissiyalarının sədrləri aparılan fəaliyyətə dair hesabatlarla çıxış edib.
Daha sonra inzibati məsələlər nəzərdən keçirilib. İşgüzar şuranın İdarə Heyəti və komissiyaların sədrlərinin növbəti seçkiləri baş tutub. İşgüzar şuranın strukturuna İdarə Heyətinin sədri – Səməd Qurbanov, İdarə Heyətinin sədr müavini – Natiq Heydərov, “Logistika” Komissiyasının sədri – Yusif Abdullayev, “Qida məhsulları və kənd təsərrüfatı” Komissiyasının sədri – Vahid Novruzov, “Sertifikasiya və gömrük prosedurları” Komissiyasının sədri – Namiq Tağıyev, “Turizm” Komissiyasının sədri – Anar Rəhmanov seçilib.
Həmçinin, İşgüzar Şuranın cari il üçün fəaliyyət planları müzakirə olunub.
İclasın yekun hissəsində iştirakçılar İşgüzar Şura üzvlərinin təşəbbüs və təkliflərini müzakirə edib.
AZƏRBAYCANDA “AQROEKSPRESS” LAYİHƏSİ İŞƏ BAŞLAYIB2022-ci il fevralın 12-si saat 14:00-da Azərbaycanda “Aqroekspress” layihəsinin işə salınması çərçivəsində Ləcət stansiyasında ilk yük qatarının təntənəli göndərilmə mərasimi baş tutub.
Mərasimdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Azərbaycan Respublikasının İqtisadiyyat nazirin müavini Sahib Məmmədov, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Ticarət nümayəndəsi Ruslan Mirsayapov, Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov, “Rusiya İxrac Mərkəzi” SC-nin nümayəndəliyin rəhbəri Nuru Quliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov, Rusiya Federasiyası gömrük xidmətinin Azərbaycan Respublikasındakı nümayəndəsi Georgiy Peşçanskix, Azərbaycan Respublikasının İqtisadiyyat nazirin müşaviri Məsim Məmmədov, “Azərbaycan Dəmir Yolları” QSC-nin Yükdaşımaları Departamentinin Yük və Kommersiya Xidmətinin rəisi Babək Əliyev və digər rəsmilər iştirak ediblər.
Azərbaycanda “Aqroekspress” layihəsi Azərbaycan-Rusiya İşgüzar Şurası, “Rusiya İxrac Mərkəzi” SC (RİM), “ROSEKSİMBANK” SC, “Azərbaycan Dəmir Yolları” QSC, “RDY” ASC-nin dəstəyi ilə “Alliance Logistics” MMC və “RDY Logistika” SC tərəfindən həyata keçirilir.
“Aqroekspress” – effektiv şəkildə qurulmuş ixrac-idxal logistika sistemi sayəsində çatdırılma müddətini və daşınma xərclərini azaltmağa kömək edən, yüklərin sürət qatarları vasitəsilə çatdırılması üzrə “RDY Logistika” SC və “Rusiya İxrac Mərkəzi” SC-nin ixtisaslaşmış xidmətidir.
Azərbaycandan Rusiyaya “Aqroekspress” vasitəsilə çatdırılan ilk yük meyvə-tərəvəz məhsulları oldu.
“Bu, “Aqroekspress” layihəsinin həyata keçirilməsində uğurlu başlanğıcdır və biz onun böyük potensiala malik olduğunu görürük. Layihənin bir çox üstünlüklərini nəzərə alaraq, bu sadəcə alternativ deyil, ən sərfəli marşrutlardan biri olacaq. Sözsüz ki, proseslərin tənzimlənməsi və təkmilləşdirilməsi üzərində çalışacağıq və yaxın zamanda daşımaları müntəzəm olaraq həyata keçirməyi planlaşdırırıq. Həmçinin, “Şimal-Cənub” BND-nin inkişaf etdirilməsi çərçivəsində yüklərin Rusiyaya daşınması üçün “Astara” stansiyasının “Aqroekspress” marşrutuna qoşulması üzərində işlər fəal şəkildə davam etdirilir. Ümumilikdə bu layihə ölkələrimizdə yalnız logistika və ticarət sahəsinin deyil, kənd təsərrüfatı müəssisələrinin də inkişafına töhfə verəcək”, - deyə “Alliance Logistics” MMC-nin rəhbəri Natiq Heydərov qeyd edib.
“Aqroekspress” xidməti bir növ sinergetik modeldir. Bu model çərçivəsində biz biznes üçün maksimal dərəcədə effektiv alətin əldə olunması məqsədilə bir çox iştirakçıların fəaliyyətini optimallaşdırırıq. İlk növbədə, söhbət kiçik və orta biznesə aid olan aqrar-sənaye kompleksi müəssisələrindən gedir. Ekspertlərin fikrincə, bu gün "Şimal-Cənub" BND üzrə yük dövriyyəsi potensialı çox yüksək səviyyədədir və davam edən konteynerləşməni və bütün dəmir yolu şəbəkəsi üzrə yük dövriyyəsinin müsbət dinamikasını nəzərə alsaq, o, yalnız artacaq. Digər nəqliyyat növləri ilə müqayisədə aqrar məhsulların dəmiryolu daşımaları sərfəli, sürətli və rahatdır”, - deyə “RDY Logistika” SC-nin baş direktoru Dmitriy Murev qeyd edib.
“İxrac mallarının rəqabət qabiliyyəti böyük dərəcədə onların daşınması və paylanmasının effektiv sxemləri ilə təmin edilir. “Agroexpress” layihəsi məhz bu məqsədə nail olur və Rusiya kənd təsərrüfatı məhsullarının xarici bazarlarda təşviqinə öz töhfəsini verir. Bundan əlavə, “Agroexpress” müasir texnologiyalardan və optimallaşdırılmış nəzarət prosedurlarından istifadə etməklə yüksək keyfiyyətli logistika xidmətləri sayəsində ixrac tədarüklərinin həcmini artıracaq. Biz görürük ki, Azərbaycanda “Agroexpress” artıq öz vəzifəsini yerinə yetirir və ixracatçılar arasında ona tələbat böyükdür. “Şimal-Cənub” BND marşrutları üzrə belə kompleks logistik xidmətlərin inkişafı yaxın gələcəkdə Rusiya istehsalçılarına Xəzər hövzəsi, Fars körfəzi və Cənubi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirməyə imkan verəcək”, - deyə “ROSEKSİMBANK” SC-nin İdarə Heyətinin sədri Azər Talıbov qeyd edib.
Xatırladaq ki, “Aqroekspress” layihəsi çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri keçən ilin ikinci yarısında Azərbaycan-Rusiya İşgüzar Şurasının dəstəyi, “ROSEKSİMBANK” SC-nin himayəsi ilə keçirilən iki işgüzar missiya çərçivəsində fəal şəkildə müzakirə olunmuşdur.
Azərbaycan-Rusiya İşgüzar Şurası “Made in Russia” Beynəlxalq forumunda iştirak edib10 dekabr 2021-ci il tarixində Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov “Made in Russia 2021” Beynəlxalq ixrac forumunda iştirak etmişdir.
Forumun plenar sessiyası Rusiya Hökumətinin sədri Mixail Mişustinin və Serbiyanın baş naziri Ana Brnabiçin salamlama nitqi ilə başlamışdır. Çıxışçılar forumun əsas problematikasına – yaxın gələcəkdə ixracı gözləyən çağırışlar və imkanlar məsələsinə toxundular.
Sessiyanın gedişində Rusiya Hesablama palatasının sədri Aleksey Kudrin, Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina, Birləşmiş Ərəb Əmirliklərinin Xarici Ticarət naziri, zati-aliləri dr.Tani bin Əhməd əl Zayudi, RF XİB-in (ВЭБ.РФ) sədri İqor Şuvalov və digər iştirakçılar beynəlxalq ticarət sahəsindəki mövcud vəziyyəti, ixracatçıların üzləşdikləri problemlər, o cümlədən, ixracyönümlü şirkətlərin sayının artırılması üçün zəruri olan dəstək tədbirlərini müzakirə etdilər.
Forumun proqramı ixtisaslaşdırılmış sessiyalar üzrə davam etdirilib.
“Logistika dəhlizlərinin genişləndirilməsi ixrac məhsullarının təşviqində əsas element kimi” sessiyası çərçivəsində biznes, dövlət orqanlarının, milli dəmir yollarının, Azərbaycanın, Rusiyanın, Qazaxıstanın, Özbəkistanın və Qırğızıstanın sahibkarlar cəmiyyətinin nümayəndələri MDB məkanında qarşılıqlı ticarətin sürətinin artırılmasında kompleks logistika xidmətlərinin rolunu müzakirə ediblər.
Sessiyanın gedişində MDB ölkələri arasındakı iqtisadi-ticarət əlaqələrinin inkişafı məsələlərində effektiv logistikanın rolu müzakirə edilib. Spiker və iştirakçılar logistika dəhlizlərinin marşrutlarındakı maneələrin və infrastruktur məhdudiyyətlərinin aradan qaldırılması, transsərhəd nəzarəti prosedurlarının rəqəmsallaşdırılması yolu ilə dövlət sərhədindən keçən nəqliyyat vasitələrinin sürətinin artırılması, daşınma prosesinə vahid innovativ texnologiyaların tətbiqi, o cümlədən, xarici iqtisadi fəaliyyətdə maraqlı olan iştirakçılara təqdim olunan "Aqroekspress" logistika xidmətinin keyfiyyət göstəricilərinin yüksəldilməsi məsələlərini müzakirə ediblər.
Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbavov öz çıxışında, bazarın iştirakçıları üçün yeni imkanlar yaratmaq məqsədilə, bölgənin bütün nəqliyyat əlaqələrinin açılmasının zəruriliyini vurğulayıb.
Biznesin maraqlarından və tələbatlarından bəhs edən Səməd Qurbanov, ilk növbədə, kiçik və orta sahibkarlığın inkişafı üçün əlverişli şəraitin və xidmətlərin yaradılmasının zəruriliyini qeyd etdi.
“Kiçik və orta biznesin nümayəndələri – məhz bu, bizim xüsusi diqqət və dəstək göstərməli olduğumuz sahibkarlar kateqoriyasıdır. “Aqroekspress” kimi layihələr, habelə gömrük, fitosanitariya və digər prosedurların sadələşdirilməsi prosesləri də biznesin inkişafına yönəldilmişdir. Tənzimləyici orqanlar tərəfindən nəzarət nöqtələrinin sayının azaldılması istiqamətində işlər görülür. Və “Aqroekspress” – bütün xidmətlərin öz gücünü birləşdirə biləcəyi nümunə bir layihə ola bilər. Bu servis sahibkara yükün təyinat məntəqəsinə çatması üçün lazım olan vaxt haqqında aydın məlumat verməli, qiymət baxımından rəqabətli və “bir pəncərə” formatında mümkün qədər rahat olmalıdır. Bu, ilk növbədə, kiçik sahibkarlar və aqrar sahəsində çalışanlar üçün faydalı olacaq”.
Səməd Qurbanov, eyni zamanda, iştirakçıları məsələnin ekoloji tərəfinə də diqqət yetirməyə çağırdı. “Aqroekspress” layihəsi çərçivəsində dəmir yolu ilə yüklərin daşınması karbon göstəricilərinin səviyyəsinin azaldılmasına xidmət edəcək. Dəmir yolu nəqliyyatında bir ton yükə görə bu göstərici avtomobil nəqliyyatından əhəmiyyətli dərəcədə azdır.
Sessiya, MDB ölkələrinin ixrac infrastrukturunun təkmilləşdirilməsi, mövcud kompleks logistik həllərin optimallaşdırılması, gömrük və digər rəsmiləşdirmələrin keçirilməsi zamanı əlverişli şəraitin yaradılması üçün atılması vacib olan addımların birgə müzakirəsi ilə başa çatıb.
Həştərxan vilayəti ilə əməkdaşlığın inkişafı üzrə tədbirlər proqramı imzalanıb7 dekabr 2021-ci il tarixində Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanovun iştirakı ilə, İqtisadiyyat naziri Mikayıl Cabbarovun Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib.
Görüşdə İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Federasiyası ilə əlaqələrin strateji müstəvidə dinamik inkişaf etdiyini, dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini qeyd edib. Nazir 2021-ci ilin Azərbaycan-Rusiya əməkdaşlığının inkişafı baxımından uğurlu olduğunu bildirib, bu gün açılışı həyata keçirilən Həştərxan İş Mərkəzinin ikitərəfli əlaqələrin daha da genişləndirilməsində önəmli platforma olacağına əminliyini vurğulayıb.
Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə marağını diqqətə çatdırıb, Rusiyanın federal subyektləri, həmçinin Həştərxan vilayəti ilə səmərəli və qarşılıqlı faydalı tərəfdaşlığın qurulduğunu qeyd edib.
Tərəflər Azərbaycan və Həştərxan vilayəti arasında əlaqələrin inkişafı istiqamətləri, xüsusilə gəmiçilik və limanlararası əməkdaşlıq, qarşılıqlı ixracın gücləndirilməsi məqsədilə Həştərxanda və Azərbaycanda müvafiq ticarət şəbəkələrinin yaradılması, kiçik və orta biznes tərəfdaşlığı, eləcə də maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Görüşün sonunda Azərbaycan Respublikası Hökuməti ilə Həştərxan vilayəti (Rusiya Federasiyası) Hökuməti arasında 2022-ci il üçün əməkdaşlığın inkişafı üzrə Tədbirlər Proqramı imzalanıb. Sənədi Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin imzalayıblar. Sənəd sənaye, kənd təsərrüfatı, qarşılıqlı investisiya qoyuluşu, kiçik və orta sahibkarlıq, mədəniyyət, turizm, gənclər siyasəti, idman və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün növbəti ildə həyata keçiriləcək tədbirləri ehtiva edir.