"Qazprombank", İqtisadiyyat Nazirliyi, Azərbaycan-Rusiya İşgüzar Şurası və Azpromo birgə təşkilatçılığı ilə investisiya imkanlarına dair biznes seminar keçirilib

Martın 12-də Bakıda İqtisadiyyat Nazirliyinin, AZPROMO-nun, Azərbaycan-Rusiya İşgüzar Şurasının və Rusiyanın "Qazprombank"ının birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikası investisiya layihələrinin həyata keçirilməsi yolunda: "Qazprombank"ın imkanları" mövzusunda biznes-seminar keçirilib.

 

Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 100-dən çox sahibkar iştirak edib.

 

Biznes seminarda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olan Azərbaycan-Rusiya əlaqələrinin strateji səviyyədə olduğunu, dövlət başçılarının ölkələrimiz arasında əlaqələrin inkişafına xüsusi önəm verdiklərini vurğulayıb.

 

Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və Rusiya arasında bir çox sahələrdə, o cümlədən enerji, nəqliyyat-tranzit, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivli istiqamətlərdir.

 

Vurğulanıb ki, Azərbaycan-Rusiya əməkdaşlığının vacib istiqamətlərindən biri də ticarət əlaqələridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və qeyri-neft məhsullarının ixracına görə birinci yeri tutur. Təkcə 2018-ci ildə Rusiya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20%-dək artaraq 2,55 milyard dollar təşkil edib.

 

İqtisadiyyat naziri birgə reallaşdırılan layihələrin ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini, "Qazprombank"ın ölkəmizdə uğurla fəaliyyətini qeyd edib. Bildirilib ki, "SOCAR Polimer" Zavodunun tikintisinin birgə maliyyələşdirilməsi SOCAR və "Qazprombank" arasında uğurlu əməkdaşlığın nümunəsidir. "Qazprombank"la həmçinin, "Azərkimya" Zavodunun modernləşdirilməsi layihəsi üzrə kredit sazişi imzalanıb.

 

"Qazprombank"ın İdarə Heyəti sədrinin müavini Famil Sadıqov təmsil etdiyi maliyyə qurumunun Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib. Famil Sadıqov "Qazprombank"ın Azərbaycandakı fəaliyyəti barədə məlumat verib, SOCAR-la uğurla əməkdaşlıq edildiyini, Bankın bundan sonra da Azərbaycandakı layihələrdə fəal iştirak etməkdə maraqlı olduğunu vurğulayıb, etibarlı tərəfdaş kimi tanınan Azərbaycanla əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb. Famil Sadıqov qeyd edib ki, hazırda "Qazprombank"  Azərbaycanda kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə layihələr üzrə əməkdaşlıq imkanlarını araşdırır.

 

Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov "Qazprombank"ın Azərbaycanda uğurlu fəaliyyətini vurğulayıb, biznes seminarın əhəmiyyətini qeyd edərək Şuranın ikitərəfli iqtisadi əlaqələrin inkişafında bundan sonra da fəal iştrak edəcəyini diqqətə çatdırıb.

 

Biznes-seminarda "Qazprombank"ın birinci vitse-prezidenti Aleksey Çiçkanov "Qazprombank"ın Azərbaycanda dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində infrastruktur layihələrinin həyata keçirilməsində təcrübəsi və imkanları", Bankın İcraçı vitse-prezidenti Pavel İsayev "Rusiya və Azərbaycanın kapital bazarlarının qarşılıqlı əlaqəsi: əməkdaşlıq perspektivləri",  Bankın Layihə şöbəsinin müdir müavini Vyaçeslav Oxotin "Azərbaycanda layihələrin maliyyələşdirilməsi təcrübəsi və perspektivləri", Bankın Maliyyələşdirmə İdarəsinin rəhbəri İqor Blandin "Rusiya və MDB ölkələrində kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsində "Qazprombank"ın təcrübəsi", Bankın təhlil şöbəsinin müdiri Gülnarə Xaydarşina "Azərbaycan və Rusiyanın iqtisadiyyatı: əməkdaşlığın inkişafı üçün imkanlar" mövzusunda məruzələrlə çıxış ediblər.



12 mart 2019

Şəkillər