Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumu keçirilib

Aprelin 4-də Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin, Rusiya İxrac Mərkəzinin, Azpromo-nun, Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan Biznes Şuralarının birgə təşkilatçılığı ilə Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumu keçirilib.

 

Forumda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səyləri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradır, bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edən Azərbaycan və Rusiya arasında əlaqələr strateji səviyyədədir.

 

Vurğulanıb ki, Azərbaycan-Rusiya əməkdaşlığının vacib istiqamətlərindən biri ticarət əlaqələridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və qeyri-neft məhsullarının ixracına görə birinci yeri tutur. Təkcə 2018-ci ildə Rusiya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20% artaraq 2,5 milyard dollardan çox olub. Artım tendensiyası bu il də davam edib. Hazırda qarşılıqlı ticarət əlaqələrinin daha da artırılması və şaxələndirilməsi üçün tədbirlər görülür.

 

Rusiya Federasiyasında Azərbaycanın ticarət nümayəndəliyi fəaliyyət göstərir, ticarət evləri mexanizmi tətbiq olunur. İşgüzar əlaqələrin genişləndirilməsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının səmərəli fəaliyyəti mühüm rol oynayır.

 

İnvestisiya qoyuluşu sahəsində ölkələrimizin uğurlu əməkdaşlıq etdiyini qeyd edən iqtisadiyyat naziri Şahin Mustafayev hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, sığorta, İKT, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə 700-ə yaxın Rusiya kapitalı müəssisənin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. İndiyədək Rusiya tərəfi Azərbaycan iqtisadiyyatına 4,4 mlrd. dollar investisiya qoyub. Azərbaycanın Rusiyaya yatırdığı investisiyaların həcmi 1,2 mlrd. dollardan çoxdur.

 

Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov Azərbaycan və Rusiyanın strateji tərəfdaşlar olduğunu, Azərbaycan və Rusiya prezidentlərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinə böyük önəm verdiklərini, yüksək səviyyəli intensiv qarşılıqlı səfərlərin bunun bariz nümunəsi olduğunu vurğulayıb. D.Manturov bu gün Rusiya tərəfdən 60-dan çox şirkətin iştirakı ilə keçirilən sənaye əməkdaşlığı forumunun, aparılan müzakirələrin iqtisadi sferada qarşılıqlı faydalı birgə fəaliyyət baxımından əhəmiyyətini diqqətə çatdırıb. Rusiyalı nazir ötən ilin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı baxımından uğurlu olduğunu və Rusiya-Azərbaycan tərəfdaşlığının daha da güclənəcəyinə əminliyini bildirib. Denis Manturov bir sıra sahələrdə, o cümlədən ticarət və investisiya sahəsində müsbət dinamikanın olduğunu qeyd edərək, bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, ölkələrimiz arasında neft-qaz maşınqayırması, İKT, kənd təsərrüfatı, nəqliyyat və s. sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensial var.

 

Azərbaycan-Rusiya İşguzar Şurasının sədri Səməd Qurbanov Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayıb və Azərbaycan-Rusiya İşgüzar Şurasının bu istiqamətdə fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycan və Rusiya arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələrin, iş adamları arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Rusiya-Azərbaycan İşgüzar Şurası ilə yaxından əməkdaşlıq edilir. Səməd Qurbanov diqqətə çatdırıb ki, əsas prioritetlərindən biri Rusiya şirkətləri ilə Azərbaycanda birgə müəssisələrin yaradılması və istehsal olunacaq məhsulların yerli bazarda satışının və üçüncü ölkələrə ixracının təşkilidir.

 

Rusiya İxrac Mərkəzinin direktoru Andrey Slepnev iş adamları arasında əlaqələrin genişləndirilməsinin, bu istiqamətdə yüksək texnologiyaların tətbiqinin önəmini diqqətə çatdırıb. Qeyd olunub ki, Rusiya iş adamları azərbaycanlı tərəfdaşlarla əməkdaşlığın inkişafında maraqlıdır.

 

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycanın biznes və investisiya imkanları barədə məlumat verib.

 

Forum çərçivəsində Sumqayıt Texnologiyalar Parkı ilə “Rostselmaş” kombayn zavodu arasında əməkdaşlıq və münasibətlərin təşkili sazişi, Sumqayıt Texnologiyalar Parkı və “Transmaşholdinq” arasında Əməkdaşlıq haqqında Memorandum, “AzOkso” ilə “Serviceİnvest” arasında hasarlama sistemlərinin qurulmasına dair Memorandum imzalanıb.

 

İqtisadiyyat naziri  Şahin Mustafayev Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.

 

Forum öz işini "Rəqəmsal texnologiyalar", "Neft maşınqayırması" və "Kənd təsərrüfatı maşınqayırması" mövzularında B2B sessiyalarla davam etdirib.



04 aprel 2019

Şəkillər