Azərbaycan-Rusiya İşgüzar Şurasının ilk iclası keçirilib

Sentyabrın 30-da Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya İşgüzar Şurasının ilk iclası keçirilib. İclasda kənd təsərrüfatı və qida sənayesi, tikinti, maliyyə və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən 50-dən çox aparıcı şirkətlərin nümayəndələri iştirak edib.
İqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan və Rusiya arasında əlaqələrin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla davam etdiyini diqqətə çatdırıb. Azərbaycan-Rusiya İşgüzar Şurasının əhəmiyyətindən danışan nazir müavini İşgüzar Şuranın iş adamları arasında əlaqələrin genişləndirilməsində rolunu vurğulayıb, Şuranın qarşıda duran vəzifələrin öhdəsindən uğurla gələcəyinə əminliyini bildirib, Azərbaycan şirkətlərini Şuranın imkanlarından yararlanmaqla rusiyalı həmkarları ilə əməkdaşlığı genişləndirməyə çağırıb.
Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri İsgəndər Xəlilov Şuranın əsas fəaliyyət istiqamətlərini diqqətə çatdırıb, iki ölkə arasında investisiya fəallığının artırılmas, əməkdaşlıq imkanlarının daha da genişləndirilməsi baxımından Şura qarşısında duran vəzifələrdən danışıb, sahibkarları Azərbaycan-Rusiya İşgüzar Şurası ilə fəal əməkdaşlığa dəvət edib.
Tədbirdə iş adamları arasında müzakirələr aparılıb, suallar cavablandırılıb.



30 sentyabr 2016

Şəkillər