İşgüzar şuralar Onuncu Rusiya-Azərbaycan Regionlararası Forumunda Turizm alyansının təsis edilməsi haqqında saziş bağladı

23 noyabr 2019-cu il tarixində Moskva şəhərində Onuncu Rusiya-Azərbaycan Regionlararası Forumunun plenar iclası keçirildi.

İclas Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun giriş nitqləri ilə açıldı.

Daha sonra imzalanmış ikitərəfli sənədlərin mübadiləsi mərasimi baş tutdu.

İki ölkənin nümayəndə heyətlərinin rəhbərləri Mehriban Əliyevanın və Valentina Matviyenkonun iştirakı ilə Azərbaycan-Rusiya İşgüzar Şurası İdarə Heyətinin sədri Səməd Qurbanov və Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik arasında işgüzar şuralar arasında turizm sahəsində əməkdaşlıq və Turizm alyansının təsis edilməsi haqqında imzalanmış ikitərəfli sənədlərin mübadiləsi aparıldı.

Həmçinin Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Opora Rossii”, “Gəncə Avtomobil Zavodu” və “URAL” Avtomobil Zavodu, “Azərmaş” və “Rostselmaş” Kombayn Zavodu, “AZPROMO” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və “Qazprombank” arasında imzalanmış ikitərəfli sənədlərin mübadiləsi mərasimi baş tutdu.

Plenar iclas Azərbaycan Respublikasının iqtisadiyyat naziri M.Cabbarov, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri M.Oreşkin, Həştərxan vilayətinin qubernatoru İ.Babuşkin, Rostov vilayətinin qubernatoru V.Qolubyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı N.Bayramov və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı E.Usubovun çıxışları ilə davam etdirildi.

İclasın sonunda imzalanmış ikitərəfli sənədlərin ikinci paketinin mübadiləsi mərasimi keçirildi.



23 noyabr 2019

Şəkillər