Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının 18-ci iclası keçirilib

Dekabrın 9-da Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclası keçirilib.

Hökumətlərarası İqtisadi Komissiyanın iclasında Baş Nazirin müavini Ş.Mustafayev Azərbaycan və Rusiya Prezidentlərinin siyasi iradəsi və birgə səylərinin, qarşılıqlı səfərlərinin ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsi üçün möhkəm zəmin yaratdığını deyib. Bu yaxınlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfərini xatırladan Ş.Mustayayev uğurlu və məhsuldar səfərin önəmli hadisələrlə yadda qaldığını qeyd edib. Baş Nazirin müavini vurğulayıb ki, Azərbaycan və Rusiya strateji tərəfdaşlardır.

Ş.Mustafayev bildirib ki, Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının 18-ci iclasının proqramı genişdir. Belə ki, bu gün Pirallahıda dərman istehsalı zavodunun açılışı olacaq, həmçinin Zabrat aeroportunda Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməli qoyulacaq. Həmçinin bu gün Hacıqabul Sənaye Parkında növbəti müəssisənin təməlqoyma mərasimi keçiriləcək. Gələn ilin yazında isə Hacıqabul Sənaye Məhəlləsində “QAZel” markalı avtomobillərin istehsalı üzrə zavodun açılışı olacaq.

Baş Nazirin müavini deyib ki, Samur çayı üzərində salınan körpü isə ilin sonunadək açılacaq. İki ildir körpünün tikintisi aparılır. Bu körpünün açılması ticarət əlaqələrinin və nəqliyyatın inkişafına mühüm töhfəsini verəcək.

Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin Azərbaycan və Rusiya Prezidentlərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinə böyük önəm verdiklərini, iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün yüksək potensialın olduğunu vurğulayıb. Gələn il iyunun 3-6-da növbəti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun keçiriləcəyini bildirən M.Oreşkin deyib: “Azərbaycandan olan partnyorlarımızı bu forumda iştiraka dəvət edirik. Forumun əhatəsi ildən-ilə genişlənir. 1997-ci ildən keçirilən, qabaqcıl platformaya çevrilmiş forum dünyanın əhəmiyyətli iqtisadi tədbirlərindəndir, 2006-cı ildən Rusiya Federasiyasının Prezidentinin himayəsi və iştirakı ilə təşkil edilir. Forumun keçirilməsində məqsəd rəsmilərin, biznes və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə iqtisadi problemlərin həlli istiqamətində müzakirələrin aparılmasıdır. Bu forumda sizi, Şahin Mustafayev başda olmaqla və Azərbaycan nümayəndə heyətini görməkdən məmnun olardıq”.

İclasda Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov çıxış etdi. S.Qurbanov qeyd edib ki, şura hökumətlərarası komissiyanın işində fəal iştirak edib və şuranın bir nəçə təşəbbüsü yekun protokolda öz əksini tapıb. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları 2020-ci il üçün birgə fəaliyyət proqramı hazırlayıblar. Proqrama ixtisaslaşdırılmış sərgilər çərçivəsində xüsusi tədbirlərin keçirilməsi, biznes missiyalar, işgüzar dialoqların təşkili və digər tədbirlər daxildir.

İclasda iki ölkə arasında regionlararası əlaqələr, həyata keçirilən birgə layihələr, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi, sənaye, kənd təsərrüfatı, turizm, təhsil və sair sahələrdə əlaqələrin inkişafı, biznes əməkdaşlığının genişləndirilməsi, nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib.

Sonda iclasın protokolu, Azərbaycan ilə Rusiya arasında 2020-2022-ci illər üzrə aqrar sənaye kompleksində və 2020-2022-ci illər üçün turizm sahəsində əməkdaşlıq proqramları imzalanıb. Sənədləri komissiyanın həmsədrləri - Baş Nazirin müavini Şahin Mustafayev və Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin imzalayıblar.



09 dekabr 2019

Şəkillər