Turizm Alyansı Rusiya turoperatorlarla görüş keçirib

5 fevral 2020-ci il tarixində Moskva şəhərində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının təsis etdiyi Turizm Alyansının fəaliyyəti çərçivəsində Rusiya turoperatorlarla görüş baş tutub.

Görüşdə Turizm Alyansının koordinatorları, həmçinin Mouzenidis Travel, TUI, Coral Travel şirkətlərinin, Rusiya Tur Operatorları Birliyinin və s. nümayəndələri iştirak edib.

Görüş zamanı avia uçuşların istiqamətləri, tezliyi və qiymətləri, tur operatorlarının qiymət siyasəti, rəqəmsal platformalarda inteqrasiya, zəruri marketinq fəaliyyəti və s. kimi bir sıra aktual məsələlər müzakirə olunub.

Şəhər turları və ekskursiya proqramları, müalicə-sağlamlıq, qastronomik, hadisə turizmi və turizmin digər növləri daha çox tələbat olan istiqamətlər kimi müəyyən edilib.

Həmçinin Turizm Alyansının 2020-ci il üçün fəaliyyət planı müzakirə olunub.

Qaldırılan məsələlər yaxın zamanda planlaşdırılan Azərbaycan şirkətləri ilə görüşdə müzakirə ediləcək. 

Qeyd edək ki, Turizm Alyansının təsis olunması haqqında razılaşma Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuraları arasında 22-23 noyabr 2019-cu il tarixlərində Moskvada baş tutan iqtisadi əməkdaşlıq sahəsində Rusiya-Azərbaycan Regionlararası Forumunda bağlanıb.

Turizm Alyansının fəaliyyəti turizm sahəsində biznesin qarşılıqlı əlaqələrinin inkişafı, həmçinin iki ölkə arasında turist axınının artırılmasına yönəlib.



05 fevral 2020