Azərbaycan-Rusiya İşgüzar Şurası Həştərxan vilayəti ilə onlayn biznes-missiya keçirib

16 dekabr 2020-ci il tarixində Azərbaycan-Rusiya İşgüzar Şurası və Həştərxan vilayəti Sənaye və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın və Həştərxan vilayətinin iş adamları arasında video-konfrans formatında görüş təşkil olunub.  

Tədbirdə Azərbaycanın və Həştərxanın şirkətləri arasında kənd təsərrüfatı, balıq sənayesi, gəmiqayırma, tikinti, metallurgiya, logistika  və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.

Tədbirdə Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov  çıxış edərək ölkəmizin dövlətçilik tarixində mühüm hadisə –  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan və Ermənistan arasında münaqişənin sonlandırılması, ərazi bütövlüyünün bərpasını vurğulayıb, münaqişənin tənzimlənməsi prosesində Rusiyanın əhəmiyyətli rolunu diqqətə çatdırıb.

Qeyd olunub ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində yeni infrastruktur və biznesin inkişafı layihələrinin həyata keçirilməsi ölkəmiz qarşısında duran əsas vəzifələrdəndir. Bu layihələrdə tərəfdaş ölkələrin şirkətlərinin iştirak imkanı iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacaqdır.

Səməd Qurbanov Azərbaycan şirkətlərinin Həştərxan vilayətində investisiya layihələrinin həyata keçirilməsində fəallığını vurğulayıb. Bu layihələr arasında Azərbaycanın “KDY Logistics” şirkəti tərəfindən iri logistik terminalın yaradılması var.  

Bir neçə ildir ki, Həştərxanda bir sıra birgə sosial layihələr həyata keçirilir. Bunlar arasında Heydər Əliyevin abidəsinin açılması, eyni adda şəhər bağçasının abadlaşdırılması, məktəbin yenidən qurulması, uşaq bağçasının tikilməsi, bərpa işlərinin aparılması və daha bir çox layihə var.

Bildirilib ki, bütün bu qeyd olunanlar Azərbaycan və Rusiya Federasiyası Həştərxan vilayəti sahibkarları arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi,  gələcəkdə ticarət və investisiya sahələrində birgə layihələrinin həyata keçirilməsi istiqamətində mühüm rol oynayacaq.

Görüşdə çıxış edən  Həştərxan vilayəti sənaye və təbii sərvətlər naziri Denis Afanasyev Həştərxan vilayətinin Azərbaycan Respublikasının uzun illər boyu etibarlı tərəfdaşı olduğunu qeyd edib. Son 10 il ərzində Həştərxanda Azərbaycan Respublikasının iştirakı, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun birbaşa dəstəyi ilə bir neçə böyük layihənin həyata keçirildiyini qeyd edib.  Bu gün əsas məqsəd qarşılıqlı ticarət həcminin artırılmasıdır. Bunun üçün ciddi potensial var və Həştərxan vilayətinin sahibkarlarının Azərbaycanla əməkdaşlığa marağı kifayət qədər böyükdür.

Tədbirdə Azərbaycan tərəfindən “Lu-Mun Holding”, “AHEC”, “AzProduct”, “Agro Food Investments”, “Azərsun Holding”, “Formag Baku”, “Gilan Agriculture Group”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “RR Group”, “ATEF Group”, “Azertechnoline”, “Caspian Service” və digər şirkətlərin nümayəndələri iştirak edib.

Həştərxan tərəfindən “ВТС-ПОРТ”, “ЮЦСС”, “Lotos” XİZ, “Beluqa”, “Дюна-АСТ”, “Sardoniks”, “Maris”, “San Layt-Həştərxan”, “Nərimanov çörək zavodu” şirkətlərinin, “Maqnit” və “Lenta” ticarət şəbəkələrinin nümayəndələri iştirak edib.

Videokonfrans çərçivəsində biznes dairələri arasında müxtəlif sahələrdə yeni əlaqələrin yaradılması mövzusunda fikir mübadiləsi aparılıb,  sahibkarları maraqlandıran suallar cavablandırılıb.



16 dekabr 2020

Şəkillər