Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclası keçirilib

Aprelin 26-da Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının geniştərkibli birgə iclası keçirilib.

Tədbirdə hər iki tərəfdən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, kənd təsərrüfatı, tekstil, bank, qida, loqistika  və s. sahələrdə fəaliyyət göstərən  100-ə yaxın şirkətin nümayəndələri iştirak edib.

Azərbaycan-Rusiya İşgüzar Şurasının idarə heyətinin sədri Səməd Qurbanov Rusiyanın Azərbaycanın əsas iqtisadi-ticarət tərəfdaşlarından olduğunu vurğulayıb, təmsil etdiyi İşgüzar Şuranın iş adamları arasında əlaqələrin genişləndirilməsi, işgüzar dairələr və dövlət qurumları arasında dialoq yaratmaq, yeni əməkdaşlıq imkanlarını araşdırmaq istiqamətində fəaliyyəti barədə məlumat verib.

Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik iki ölkə arasında ticarət, investisiya qoyuluşu və digər sahələrdə əməkdaşlığın həyata keçirildiyini, Azərbaycan iş adamlarının Rusiyada bir sıra uğurlu layihələr reallaşdırdığını bildirib, iqtisadi əməkdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

İclasda çıxış edən Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini Elnur Əliyev ölkələrimiz arasında münasibətlərin artan dinamikasında qarşılıqlı səfərlərin, yüksək səviyyəli görüşlərin mühüm əhəmiyyətini qeyd edib. Bildirilib ki, hazırda  Azərbaycanda 1000-dən çox  Rusiya şirkəti fəaliyyət göstərir. Qeyd olunub ki, Azərbaycan-Rusiya əlaqələrinin əsas istiqamətlərindən biri ticarətdir və bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün kompleks tədbirlər görülür. Azərbaycanın Rusiya ilə ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu vurğulayan  Elnur Əliyev biznes təşəbbüslərinin stimullaşdırılmasında, işgüzar dairələr arasında əməkdaşlığın inkişafında və yeni əlaqələrin qurulmasında Azərbaycan–Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının rolunu qeyd edib.

Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitriy Volvaç ölkəsinin Azərbaycanla münasibətlərə böyük önəm verdiyini Rusiya və Azərbaycan arasında iqtisadi-ticarət əlaqələrin inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, kənd təsərrüfatı, nəqliyyat, sənaye və s. sahələrdə əməkdaşlıq imkanları genişdir və bu baxımdan işgüzar şuraların fəaliyyəti önəmlidir. D.Volvaç ikitərəfli əlaqələrin inkişafında regional əməkdaşlığın genişləndirilməsinin önəmli olduğunu da diqqətə çatdırıb.

Görüşdə hər iki ölkənin müvafiq dövlət qurumlarının nümayəndələri və iş adamları tərəfindən Azərbaycan və Rusiyanın biznes və investisiya mühiti barədə çıxışlar edilib, iqtisadi tərəfdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparılıb.



27 aprel 2021

Şəkillər