Rusiya şirkətlərinin işgüzar missiyası Bakı Limanına səfər edib

23 iyul 2021-ci il tarixində Azərbaycan-Rusiya İşgüzar Şurasının iştirakı ilə Rusiya şirkətlərinin işgüzar heyəti Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər edib.

Görüşdə Rusiya Federasiyası İqtisadi İnkişaf nazirinin müavini Dmitriy Volvaç, "Roseksimbank" SC-nin İdarə Heyətinin sədri Azər Talıbov, "RJD Logistika" SC-nin baş direktoru Dmitriy Murev, Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov və digər iştirakçılar ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdilər.

Bakı Limanının baş direktoru nümayəndə heyətinə limanın operativ imkanları barədə məlumat verdi, limanı beynəlxalq tələblərə cavab verən müasir və rahat yükləmə mərkəzinə çevirən, tranzit və nəqliyyat imkanlarını artıran müasir texnoloji həllərdən bəhs etdi.

Tərəflər Şimal-Cənub və Qərb-Şərq beynəlxalq nəqliyyat dəhlizləri çərçivəsində dəniz və dəmir yolu nəqliyyatı ilə multimodal daşımaların potensialını, yükdaşımaların artırılması və çatdırılma müddətinin azaldılması imkanlarını müzakirə etdilər.

Sonda Rusiya nümayəndə heyəti Bakı limanının infrastrukturu ilə tanış oldu.



23 iyul 2021

Şəkillər