Bakıda Həştərxan İşgüzar Mərkəzinin açılışı baş tutub

7 dekabr 2021-ci il tarixində Bakıda Həştərxan İşgüzar Mərkəzinin açılışı baş tutub.

Açılış mərasimində Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov, Rusiya tərəfindən isə Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin və Həştərxan hökumətinin yüksək vəzifəli şəxsləri iştirak ediblər.

Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Həştərxan İşgüzar Mərkəzinin Azərbaycan dövləti tərəfindən Həştərxanda tikilən Azərbaycan İşgüzar Mərkəzi ilə eyni layihə əsasında tikintisi üçün müvafiq tapşırıqlar vermişdir.

Mərkəzin təməlqoyma mərasimi 2017-ci il dekabrın 19 dekabr tarixində keçirilmişdir.

Qeyd olunub ki, Azərbaycan və Rusiya arasında dostluq münasibətlərinin parlaq nümunəsi olan Həştərxan İşgüzar Mərkəzi 100-ə yaxın yerli sakini işlə təmin edəcək. Mərkəzin əsas fəaliyyət istiqamətləri isə iki ölkə arasında ticari-iqtisadi əlaqələrin genişləndirilməsi, azərbaycanlı istehsalçıların Rusiya bazarına çıxışının asanlaşdırılması, həmçinin sosial-mədəni sahədə əlaqələrin qurulmasıdır. 

Həştərxanda və Bakıda yaradılan mərkəzlər iki ölkə arasında əməkdaşlığı möhkəmləndirməyə, işgüzar dairələr arasında əlaqələri genişləndirməyə imkan verəcək.



07 dekabr 2021

Şəkillər