Azərbaycan-Rusiya İşgüzar Şurası ixracatçılarla görüş keçirib

Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti iclası keçirilib. Tədbirdə  qida, kənd təsərrüfatı, sənaye, tikinti, logistika və digər sahələrdə  fəaliyyət göstərən 40-a yaxın sahibkar və şirkət təmsilçisi iştirak edib.

Azərbaycan-Rusiya İşguzar Şurasının sədri Səməd Qurbanov  çıxış edərək bildirib ki, bu iclas cari ilin  27 sentyabr tarixində keçirilmiş IX Azərbaycan-Rusiya Regionlararası Forumu və Forum çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclasının davamı olaraq keçirilib. Bildirilib ki, Azərbaycan-Rusiya İşgüzar Şurasının ixracatçılarla bu görüşü hər iki ölkə iş adamları  arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, həmçinin Azərbaycan məhsullarının Rusiya bazarına çıxarılması ilə bağlı sahibkarların müraciət və təkliflərini nəzərə alaraq təşkil olunub. Səməd Qurbanov vurğulayıb ki, Şura tərəfindən Azərbaycanlı ixaracatçılara öz məhsullarının Rusiya bazarında tanıdılması və satışının artırılması istiqamətində hər cür dəstək göstəriləcək.

Sonda  sahibkarların  çıxışları dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.



02 oktyabr 2018

Şəkillər