AZƏRBAYCANDA “AQROEKSPRESS” LAYİHƏSİ İŞƏ BAŞLAYIB

2022-ci il fevralın 12-si saat 14:00-da Azərbaycanda “Aqroekspress” layihəsinin işə salınması çərçivəsində Ləcət stansiyasında ilk yük qatarının təntənəli göndərilmə mərasimi baş tutub.

Mərasimdə Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov, Azərbaycan Respublikasının İqtisadiyyat nazirin müavini Sahib Məmmədov, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Ticarət nümayəndəsi Ruslan Mirsayapov, Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov, “Rusiya İxrac Mərkəzi” SC-nin nümayəndəliyin rəhbəri Nuru Quliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini Cavad Qasımov, Rusiya Federasiyası gömrük xidmətinin Azərbaycan Respublikasındakı nümayəndəsi Georgiy Peşçanskix, Azərbaycan Respublikasının İqtisadiyyat nazirin müşaviri Məsim Məmmədov, “Azərbaycan Dəmir Yolları” QSC-nin Yükdaşımaları Departamentinin Yük və Kommersiya Xidmətinin rəisi Babək Əliyev və digər rəsmilər iştirak ediblər.

Azərbaycanda “Aqroekspress” layihəsi Azərbaycan-Rusiya İşgüzar Şurası, “Rusiya İxrac Mərkəzi” SC (RİM), “ROSEKSİMBANK” SC, “Azərbaycan Dəmir Yolları” QSC, “RDY” ASC-nin dəstəyi ilə “Alliance Logistics” MMC və “RDY Logistika” SC tərəfindən həyata keçirilir.

“Aqroekspress” – effektiv şəkildə qurulmuş ixrac-idxal logistika sistemi sayəsində çatdırılma müddətini və daşınma xərclərini azaltmağa kömək edən, yüklərin sürət qatarları vasitəsilə çatdırılması üzrə “RDY Logistika” SC və “Rusiya İxrac Mərkəzi” SC-nin ixtisaslaşmış xidmətidir.

Azərbaycandan Rusiyaya “Aqroekspress” vasitəsilə çatdırılan ilk yük meyvə-tərəvəz məhsulları oldu. 

“Bu, “Aqroekspress” layihəsinin həyata keçirilməsində uğurlu başlanğıcdır və biz onun böyük potensiala malik olduğunu görürük. Layihənin bir çox üstünlüklərini nəzərə alaraq, bu sadəcə alternativ deyil, ən sərfəli marşrutlardan biri olacaq. Sözsüz ki, proseslərin tənzimlənməsi və təkmilləşdirilməsi üzərində çalışacağıq və yaxın zamanda daşımaları müntəzəm olaraq həyata keçirməyi planlaşdırırıq. Həmçinin, “Şimal-Cənub” BND-nin inkişaf etdirilməsi çərçivəsində yüklərin Rusiyaya daşınması üçün “Astara” stansiyasının “Aqroekspress” marşrutuna qoşulması üzərində işlər fəal şəkildə davam etdirilir. Ümumilikdə bu layihə ölkələrimizdə yalnız logistika və ticarət sahəsinin deyil, kənd təsərrüfatı müəssisələrinin də inkişafına töhfə verəcək”, - deyə “Alliance Logistics” MMC-nin rəhbəri Natiq Heydərov qeyd edib.

“Aqroekspress” xidməti bir növ sinergetik modeldir. Bu model çərçivəsində biz biznes üçün maksimal dərəcədə effektiv alətin əldə olunması məqsədilə bir çox iştirakçıların fəaliyyətini optimallaşdırırıq. İlk növbədə, söhbət kiçik və orta biznesə aid olan aqrar-sənaye kompleksi müəssisələrindən gedir. Ekspertlərin fikrincə, bu gün "Şimal-Cənub" BND üzrə yük dövriyyəsi potensialı çox yüksək səviyyədədir və davam edən konteynerləşməni və bütün dəmir yolu şəbəkəsi üzrə yük dövriyyəsinin müsbət dinamikasını nəzərə alsaq, o, yalnız artacaq. Digər nəqliyyat növləri ilə müqayisədə aqrar məhsulların dəmiryolu daşımaları sərfəli, sürətli və rahatdır”, - deyə “RDY Logistika” SC-nin baş direktoru Dmitriy Murev qeyd edib.

“İxrac mallarının rəqabət qabiliyyəti böyük dərəcədə onların daşınması və paylanmasının effektiv sxemləri ilə təmin edilir. “Agroexpress” layihəsi məhz bu məqsədə nail olur və Rusiya kənd təsərrüfatı məhsullarının xarici bazarlarda təşviqinə öz töhfəsini verir. Bundan əlavə, “Agroexpress” müasir texnologiyalardan və optimallaşdırılmış nəzarət prosedurlarından istifadə etməklə yüksək keyfiyyətli logistika xidmətləri sayəsində ixrac tədarüklərinin həcmini artıracaq. Biz görürük ki, Azərbaycanda “Agroexpress” artıq öz vəzifəsini yerinə yetirir və ixracatçılar arasında ona tələbat böyükdür. “Şimal-Cənub” BND marşrutları üzrə belə kompleks logistik xidmətlərin inkişafı yaxın gələcəkdə Rusiya istehsalçılarına Xəzər hövzəsi, Fars körfəzi və Cənubi Asiya ölkələri ilə əməkdaşlığı genişləndirməyə imkan verəcək”, - deyə “ROSEKSİMBANK” SC-nin İdarə Heyətinin sədri Azər Talıbov qeyd edib.

Xatırladaq ki, “Aqroekspress” layihəsi çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi və qarşılıqlı əlaqələrin genişləndirilməsi məsələləri keçən ilin ikinci yarısında Azərbaycan-Rusiya İşgüzar Şurasının dəstəyi, “ROSEKSİMBANK” SC-nin himayəsi ilə keçirilən iki işgüzar missiya çərçivəsində fəal şəkildə müzakirə olunmuşdur.



12 fevral 2022

Şəkillər