Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi yığıncağı keçirilib

15 fevral 2022-ci il tarixində Azərbaycan-Rusiya İşgüzar Şurasının ümumi yığıncağı keçirilib.

İclası giriş sözü ilə İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov açıb. Səməd Qurbanov regional biznes-missiyalarının təşkili, Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Komissiyanın iclası çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının birgə iclası, Rusiya İxrac Mərkəzinin (RİM) himayəsi altında sənaye müəssisələrinin geniştərkibli işgüzar missiyalarında, “Rusiyada istehsal olunub - 2021” Beynəlxalq İxrac Forumunda iştirak və s. daxil olmaqla Şuranın ötən il ərzində fəaliyyətində əlamətdar hadisə və tədbirlər barədə söz açıb.  

İclas çərçivəsində “Logistika”, “Qida məhsulları və kənd təsərrüfatı”, “Turizm”, “Sertifikasiya və gömrük prosedurları” komissiyalarının sədrləri aparılan fəaliyyətə dair hesabatlarla çıxış edib.

Daha sonra inzibati məsələlər nəzərdən keçirilib. İşgüzar şuranın İdarə Heyəti və komissiyaların sədrlərinin növbəti seçkiləri baş tutub. İşgüzar şuranın strukturuna İdarə Heyətinin sədri – Səməd Qurbanov, İdarə Heyətinin sədr müavini – Natiq Heydərov, “Logistika” Komissiyasının sədri – Yusif Abdullayev, “Qida məhsulları və kənd təsərrüfatı” Komissiyasının sədri – Vahid Novruzov, “Sertifikasiya və gömrük prosedurları” Komissiyasının sədri – Namiq Tağıyev, “Turizm” Komissiyasının sədri – Anar Rəhmanov seçilib.

Həmçinin, İşgüzar Şuranın cari  il üçün fəaliyyət planları müzakirə olunub.

İclasın yekun hissəsində iştirakçılar İşgüzar Şura üzvlərinin təşəbbüs və təkliflərini müzakirə edib.



15 fevral 2022