Azərbaycan-Rusiya İşgüzar Şurası iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının iclasında iştirak edib

Dekabrın 14-ü Moskvada AR iqtisadiyyat naziri Şahin Mustafayev və RF iqtisadi inkişaf naziri Maksim Oreşkinin sədrliyi altında Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 17-ci iclası keçirilib. Hökumətlərarası Komissiyanın iclasında Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuraları iştirak edib.

Hökumətlərarası Komissiyanın iclasını giriş sözü ilə açan Maksim Oreşkin öz çıxışında iki ölkə arasında xarici iqtisadi əlaqələrin 2018-ci ildə müsbət inkişaf dinamikasını qeyd edib. “Əməkdaşlığın fəal şəkildə genişləndirilməsi davam edir. İşgüzar şuralar fəaliyyət göstərir və ümumilikdə bir çox iş görülüb. Həmkarlarımızla birlikdə 2019-cu ildə həyata keçirəcəyimiz bir sıra yeni istiqamətlər mövcuddur. Hesab edirəm ki, nəzərdə tutulan planlar həyata keçirildiyi halda, Rusiya və Azərbaycan arasında iqtisadi münasibətlər yeni səviyyəyə qaldırılacaq” – deyə Maksim Oreşkin qeyd edib.  

Sonra AR iqtisadiyyat naziri Şahin Mustafayev çıxış edərək 2018-ci ildə sərmayə və əmtəə dövriyyəsi artımı barədə məlumat verib. “Həm idxal, həm ixrac üzrə dinamikanın artması vacibdir, bu isə o deməkdir ki, əməkdaşlığımız qarşılıqlı surətdə faydalıdır. İşgüzar şuraların işini də qeyd etmək istəyərdim, onların fəaliyyəti ticarət-iqtisadi münasibətlərimizə yeni təkan verəcək” – deyə Şahin Mustafayev vurğulayıb.

İclas zamanı Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov çıxış edərək 2018-ci ildə şuranın fəaliyyətinin nəticələri barədə məlumat verib. Səməd Qurbanov işgüzar şuralar arasında hər iki ölkənin işgüzar dairələri üçün yeni imkanlar açan fəal əməkdaşlığın vacibliyini vurğulayaraq 2019-cu ildə birgə fəaliyyətinin genişləndirilməsi planlarını diqqətə çatdırıb.

İclasın sonunda Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının 17-ci iclasının yekunlarına dair Protokol imzalanıb.



14 dekabr 2018

Şəkillər