Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumu keçirilibAprelin 4-də Bakıda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyinin, Rusiya İxrac Mərkəzinin, Azpromo-nun, Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan Biznes Şuralarının birgə təşkilatçılığı ilə Azərbaycan-Rusiya Sənaye Əməkdaşlığı Forumu keçirilib.   Forumda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səyləri ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişlənməsi üçün möhkəm zəmin yaradır, bütün sahələrdə yüksələn xətt üzrə inkişaf edən Azərbaycan və Rusiya arasında əlaqələr strateji səviyyədədir.   Vurğulanıb ki, Azərbaycan-Rusiya əməkdaşlığının vacib istiqamətlərindən biri ticarət əlaqələridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və qeyri-neft məhsullarının ixracına görə birinci yeri tutur. Təkcə 2018-ci ildə Rusiya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20% artaraq 2,5 milyard dollardan çox olub. Artım tendensiyası bu il də davam edib. Hazırda qarşılıqlı ticarət əlaqələrinin daha da artırılması və şaxələndirilməsi üçün tədbirlər görülür.   Rusiya Federasiyasında Azərbaycanın ticarət nümayəndəliyi fəaliyyət göstərir, ticarət evləri mexanizmi tətbiq olunur. İşgüzar əlaqələrin genişləndirilməsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının səmərəli fəaliyyəti mühüm rol oynayır.   İnvestisiya qoyuluşu sahəsində ölkələrimizin uğurlu əməkdaşlıq etdiyini qeyd edən iqtisadiyyat naziri Şahin Mustafayev hazırda Azərbaycanda sənaye, tikinti, ticarət, xidmət, bank, sığorta, İKT, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə 700-ə yaxın Rusiya kapitalı müəssisənin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. İndiyədək Rusiya tərəfi Azərbaycan iqtisadiyyatına 4,4 mlrd. dollar investisiya qoyub. Azərbaycanın Rusiyaya yatırdığı investisiyaların həcmi 1,2 mlrd. dollardan çoxdur.   Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov Azərbaycan və Rusiyanın strateji tərəfdaşlar olduğunu, Azərbaycan və Rusiya prezidentlərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinə böyük önəm verdiklərini, yüksək səviyyəli intensiv qarşılıqlı səfərlərin bunun bariz nümunəsi olduğunu vurğulayıb. D.Manturov bu gün Rusiya tərəfdən 60-dan çox şirkətin iştirakı ilə keçirilən sənaye əməkdaşlığı forumunun, aparılan müzakirələrin iqtisadi sferada qarşılıqlı faydalı birgə fəaliyyət baxımından əhəmiyyətini diqqətə çatdırıb. Rusiyalı nazir ötən ilin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafı baxımından uğurlu olduğunu və Rusiya-Azərbaycan tərəfdaşlığının daha da güclənəcəyinə əminliyini bildirib. Denis Manturov bir sıra sahələrdə, o cümlədən ticarət və investisiya sahəsində müsbət dinamikanın olduğunu qeyd edərək, bu istiqamətdə işlərin davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd olunub ki, ölkələrimiz arasında neft-qaz maşınqayırması, İKT, kənd təsərrüfatı, nəqliyyat və s. sahələrdə əməkdaşlığın inkişafı üçün böyük potensial var.   Azərbaycan-Rusiya İşguzar Şurasının sədri Səməd Qurbanov Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayıb və Azərbaycan-Rusiya İşgüzar Şurasının bu istiqamətdə fəaliyyəti barədə məlumat verib. Qeyd edilib ki, Azərbaycan və Rusiya arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələrin, iş adamları arasında əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə Rusiya-Azərbaycan İşgüzar Şurası ilə yaxından əməkdaşlıq edilir. Səməd Qurbanov diqqətə çatdırıb ki, əsas prioritetlərindən biri Rusiya şirkətləri ilə Azərbaycanda birgə müəssisələrin yaradılması və istehsal olunacaq məhsulların yerli bazarda satışının və üçüncü ölkələrə ixracının təşkilidir.   Rusiya İxrac Mərkəzinin direktoru Andrey Slepnev iş adamları arasında əlaqələrin genişləndirilməsinin, bu istiqamətdə yüksək texnologiyaların tətbiqinin önəmini diqqətə çatdırıb. Qeyd olunub ki, Rusiya iş adamları azərbaycanlı tərəfdaşlarla əməkdaşlığın inkişafında maraqlıdır.   Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycanın biznes və investisiya imkanları barədə məlumat verib.   Forum çərçivəsində Sumqayıt Texnologiyalar Parkı ilə “Rostselmaş” kombayn zavodu arasında əməkdaşlıq və münasibətlərin təşkili sazişi, Sumqayıt Texnologiyalar Parkı və “Transmaşholdinq” arasında Əməkdaşlıq haqqında Memorandum, “AzOkso” ilə “Serviceİnvest” arasında hasarlama sistemlərinin qurulmasına dair Memorandum imzalanıb.   İqtisadiyyat naziri  Şahin Mustafayev Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparılıb.   Forum öz işini "Rəqəmsal texnologiyalar", "Neft maşınqayırması" və "Kənd təsərrüfatı maşınqayırması" mövzularında B2B sessiyalarla davam etdirib.
"Qazprombank", İqtisadiyyat Nazirliyi, Azərbaycan-Rusiya İşgüzar Şurası və Azpromo birgə təşkilatçılığı ilə investisiya imkanlarına dair biznes seminar keçirilibMartın 12-də Bakıda İqtisadiyyat Nazirliyinin, AZPROMO-nun, Azərbaycan-Rusiya İşgüzar Şurasının və Rusiyanın "Qazprombank"ının birgə təşkilatçılığı ilə "Azərbaycan Respublikası investisiya layihələrinin həyata keçirilməsi yolunda: "Qazprombank"ın imkanları" mövzusunda biznes-seminar keçirilib.   Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 100-dən çox sahibkar iştirak edib.   Biznes seminarda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən olan Azərbaycan-Rusiya əlaqələrinin strateji səviyyədə olduğunu, dövlət başçılarının ölkələrimiz arasında əlaqələrin inkişafına xüsusi önəm verdiklərini vurğulayıb.   Şahin Mustafayev qeyd edib ki, Azərbaycan və Rusiya arasında bir çox sahələrdə, o cümlədən enerji, nəqliyyat-tranzit, kənd təsərrüfatı, turizm və humanitar sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivli istiqamətlərdir.   Vurğulanıb ki, Azərbaycan-Rusiya əməkdaşlığının vacib istiqamətlərindən biri də ticarət əlaqələridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və qeyri-neft məhsullarının ixracına görə birinci yeri tutur. Təkcə 2018-ci ildə Rusiya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20%-dək artaraq 2,55 milyard dollar təşkil edib.   İqtisadiyyat naziri birgə reallaşdırılan layihələrin ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini, "Qazprombank"ın ölkəmizdə uğurla fəaliyyətini qeyd edib. Bildirilib ki, "SOCAR Polimer" Zavodunun tikintisinin birgə maliyyələşdirilməsi SOCAR və "Qazprombank" arasında uğurlu əməkdaşlığın nümunəsidir. "Qazprombank"la həmçinin, "Azərkimya" Zavodunun modernləşdirilməsi layihəsi üzrə kredit sazişi imzalanıb.   "Qazprombank"ın İdarə Heyəti sədrinin müavini Famil Sadıqov təmsil etdiyi maliyyə qurumunun Azərbaycanla əməkdaşlığından məmnunluğunu ifadə edib. Famil Sadıqov "Qazprombank"ın Azərbaycandakı fəaliyyəti barədə məlumat verib, SOCAR-la uğurla əməkdaşlıq edildiyini, Bankın bundan sonra da Azərbaycandakı layihələrdə fəal iştirak etməkdə maraqlı olduğunu vurğulayıb, etibarlı tərəfdaş kimi tanınan Azərbaycanla əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb. Famil Sadıqov qeyd edib ki, hazırda "Qazprombank"  Azərbaycanda kənd təsərrüfatı, infrastruktur və digər sahələrdə layihələr üzrə əməkdaşlıq imkanlarını araşdırır.   Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov "Qazprombank"ın Azərbaycanda uğurlu fəaliyyətini vurğulayıb, biznes seminarın əhəmiyyətini qeyd edərək Şuranın ikitərəfli iqtisadi əlaqələrin inkişafında bundan sonra da fəal iştrak edəcəyini diqqətə çatdırıb.   Biznes-seminarda "Qazprombank"ın birinci vitse-prezidenti Aleksey Çiçkanov "Qazprombank"ın Azərbaycanda dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində infrastruktur layihələrinin həyata keçirilməsində təcrübəsi və imkanları", Bankın İcraçı vitse-prezidenti Pavel İsayev "Rusiya və Azərbaycanın kapital bazarlarının qarşılıqlı əlaqəsi: əməkdaşlıq perspektivləri",  Bankın Layihə şöbəsinin müdir müavini Vyaçeslav Oxotin "Azərbaycanda layihələrin maliyyələşdirilməsi təcrübəsi və perspektivləri", Bankın Maliyyələşdirmə İdarəsinin rəhbəri İqor Blandin "Rusiya və MDB ölkələrində kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsində "Qazprombank"ın təcrübəsi", Bankın təhlil şöbəsinin müdiri Gülnarə Xaydarşina "Azərbaycan və Rusiyanın iqtisadiyyatı: əməkdaşlığın inkişafı üçün imkanlar" mövzusunda məruzələrlə çıxış ediblər.
Kənd təsərrüfatı istehsalçıları Azərbaycan-Rusiya işgüzar şurasının “Qida məhsulları və kənd təsərüfatı” komissiyasının iclasında aktual məsələləri müzakirə etdilər21 fevral, 2019-cu ildə Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya işgüzar şurasının tərkibinə daxil olan “Qida məhsulları və kənd təsərüfatı” komissiyasının iclası keçirildi. Tədbirdə bu sahədə fəaliyyət göstərən suranın üzvü olan 20-dən artıq sahibkar və iş adamları iştirak etdilər. İclas komissiyanın sədri İsmayıl Orucovun nitqi ilə başlandı. Nitqdə o, bütün iştirakçıları fəal dialoq və fikir mübadiləsinə çağırdı və qeyd etdi ki, komissiya qarşısına Azərbaycan və Rusiya arasında kənd təsərüfatı və qida məhsulları sahəsində ticarət əlaqələrinin genişləndirilməsi və mövcud problemlərin aradan qaldırılmasında dəstək olmağı məqsəd qoyur. İclasda aktual problem və məsələlər fəal müzakirə olundu. Beləcə, kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracında faktorinq xidmətləri, Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiya gömrük idarəsində statistik qiymət problemi, tənzimləyici orqanlar olan Azərbaycan Respublikasının Ərzaq Təhlükəsizliyi Agentliyi və Rusiya Federasiyasının Rosselxoznadzor təşkilatının qarşılıqlı fəaliyyəti, kənd təsərrüfatı avadanlığının idxalında təşviqi sənədlərin verilməsi ilə bağlı məsələlər, yeni sortların becərilməsinin dövlət reyestrinə daxil edilməsi məsələləri kimi mövzulara toxunuldu. Sual və təkliflərlə Nar istehsalçıları və ixracatçıları assosiasiyasının, CTC Holdinqin, İsmayıllı Şərab, Azprodukt, Mədrəsə Aqro, AzRos Garden və digər təşkilat və şirkətlərin nümayəndələri çıxış etdilər. “Qida məhsulları və kənd təsərüfatı” komissiyasının sədri İsmayıl Orucov və Azərbaycan-Rusiya işgüzar şurasının sədr müavini Natiq Heydərov tərəfindən əlavə məlumat təqdim olundu. Toxunulan məsələlər şura tərəfindən müzakirəyə qəbul olundu, aktual problemlərin həlli barədə nəticələrə gələn iclasda baxılacağı barədə qərar verildi.