Azərbaycan-Rusiya işgüzar şurasının “Sertifikasiya və gömrük prosedurları” komissiyasının ilk iclası keçirildi13 fevral tarixində Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya işgüzar şurasının “Sertifikasiya və gömrük proseduraları” komissiyasının ilk iclası keçirildi. Tədbirdə şuranın üzvü olan 30-dan çox sahibkar və iş adamı iştirak edib.
Giriş nitqində komissiyanın sədri Namiq Tağıyev eksport həcminin artırılmasını, Azərbaycan məhsullarının xarici bazarda potensialını və rəqabətə hazır olmaq ehtiyacını nəzərə alaraq, sertifikatlaşdırma sahəsində keçirilən işlərin vacibliyini qeyd etdi. Rusiyanın Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olduğunu nəzərə alaraq, işgüzar şuranın və komissiyanın görüləcək işlərin vacib rol oynadığı vurğulandı.
Namiq Tağıyev qeyd etdi ki, komissiyanın məqsədi –bu sahədəki məsələlərin həlli üçün münasib meydança olub, biznesin hər iki ölkənin müvafiq orqanlar ilə qarşılıqlı və səmərəli əməkdaşlığına dəstək olmaqdır.
Komissiyanın işini 3 istiqamətdə qurmaq planlaşdırıldı: qanunvericilik, proseduralar, problemlər və onların həlli.
İclasın iştirakçiları fəal dialoq və fikir mübadiləsi apardılar. Aktual suallar və təşəbbüslərlə “CTC Holdinq”, “Lənkəran Mexanikləşdirmə”, “Sobsan”, “Karvan-L”, “Metak”, “Mətanət-A”, “Caspian Coast Winery”, “Azersun Holding” və digər şirkətlərin nümayəndələri çıxış etdilər.
Sertifikatların Rusiya bazarında istifadə qaydaları, sertifikatların istifadə müddətləri və tarifləri, həmçinin Rusiya və Azərbaycanın gömrük orqanlarının prosedura və tarifləri müzakirə olundu. Şuranın "Logistika" komissiyasının sədri və İdarə Heyətinin sədr müavini - Natiq Heydərov tərəfindən gömrük proseduraları ilə əlaqədar əlavə məlumat verildi.
Qaldırılan məsələlər şura tərəfindən nəzərə alındı, tədbir iştirakçıları növbəti toplantıda nəticələri müzakirə etmək barədə razılığa gəldilər.
AZƏRBAYCAN-RUSİYA İŞGÜZAR ŞURASININ ÜMUMİ İCLASINDA İNZİBATİ MƏSƏLƏLƏR MÜZAKİRƏ EDİLMİŞ VƏ WWW.ARDS.AZ PORTALININ YENİ İMKANLARI TƏQDİM EDİLMİŞDİR24 yanvar tarixində kənd təsərrüfatı, sənaye, tikinti, nəqliyyat, neft və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən 100-dən çox biznes struktur və təşkilat nümayəndələrinin iştirakı ilə Azərbaycan-Rusiya işgüzar şurasının ümumi iclası keçirilmişdir.
İclası işgüzar şuranın idarə heyətinin sədri Səməd Qurbanov açaraq ötən il ərzində təşkilatın fəaliyyətinin yüksək aktivliyini və müsbət nəticələrini qeyd etmişdir. Səməd Qurbanov qarşıdakı ildə Azərbaycan-Rusiya işgüzar şurası iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişafı üçün mövcud potensialı maksimal səviyyədə istifadə etmək niyyətində olduğunu vurğulamışdır.
İclas inzibati məsələlərin müzakirəsi ilə davam etmişdir. Səsvermə zamanı “Logistika”, “Qida məhsulları və kənd təsərrüfatı”, “Sertifikatlaşdırma və gömrük proseduraları” komissiyalarının sədrləri Natiq Heydərov, İsmayıl Orucov və Namiq Tağıyev seçilmişdir. Həmçinin, Natiq Heydərov idarə heyətinin müavini seçilmişdir.
Daha sonra Azərbaycan-Rusiya işgüzar şurasının www.ards.az portalının yeni imkanlarının təqdimatı keçirildi. İşgüzar şura haqqında ətraflı məlumatla yanaşı, portal şura üzvlərinə “Şəxsi Kabinet” vasitəsilə geniş funksiyalar təqdim edir. Belə ki, "Şəxsi kabinetdə” elektron qeydiyyat funksiyası ilə tədbirlər proqramı yerləşdiriləcəkdir. Bundan əlavə, şura üzvləri Rusiya şirkətlərindən əməkdaşlıq təkliflərinə xüsusi giriş imkanı əldə edəcək və yeni tərəfdaşlarla əlaqə yaratmaq üçün “Maraqlı olduğunu bildirmək” funksiyasından istifadə edə biləcəklər. Həmçinin, "Şəxsi kabinetdə" şura üzvləri bildirişlər alaraq, habelə məktub və sorğular göndərərək şura rəhbərliyi ilə ünsiyyət qura biləcəklər.
Iclasın yekun hissəsində iştirakçılar 2019-cu ilin birinci yarısına olan tədbir və layihələr planını müzakirə etmişdirlər.
Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində İşgüzar Şuralarının geniştərkibli iclası keçirilibSentyabrın 27-də Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclası keçirilib. Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, bank, qida, maşınqayırma, metallurgiya, nəqliyyat, əczaçılıq və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.
İclasda çıxış edən Azərbaycanın İqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev belə formatda keçirilən tədbirlərin işgüzar dairələr arasında birbaşa əlaqələrin qurulması və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün əlverişli platforma olduğunu vurğulayıb. Qeyd edilib ki, Azərbaycan-Rusiya əlaqələri qarşılıqlı hörmət, mehriban qonşuluq prinsiplərinə əsaslanır və strateji tərəfdaşlıq səviyyəsindədir. Dövlət başçıları ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafına böyük önəm verir və prezidentlərin, rəsmi nümayəndə heyətləri və iş adamlarının çoxsaylı qarşılıqlı səfərləri bunun əyani göstəricisidir. Bu ilin sentyabrın 1-də Azərbaycan Respublikası Prezidentinin Rusiya Federasiyasına səfəri çərçivəsində dövlət başçıları ticarət-iqtisadi əlaqələrin hazırkı vəziyyətini hərtərəfli təhlil edib, bu sahədə gələcək əməkdaşlıq üçün prioritetlər müəyyənləşdirilib, 6-sı biznes dairələr arasında olmaqla ümumilikdə 17 sənəd imzalanıb.
Azərbaycan-Rusiya əlaqələrinin mühüm istiqamətlərindən biri də ticarət əməkdaşlığıdır və bu sahədə müsbət artım dinamikası müşahidə edilir. Rusiya idxalda Azərbaycanın əsas tərəfdaşı, qeyri-neft məhsullarımızın ixracında isə ilk sıradadır. Ölkələrimiz arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün kompleks tədbirlər görülür. Rusiya Federasiyasında Azərbaycanın ticarət nümayəndəliyinin yaradılması, Həştərxanda Azərbaycan Biznes Mərkəzinin, Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması, qarşılıqlı ticarət missiyalarının həyata keçirilməsi və şirkətlərin ölkələrimizdə keçirilən beynəlxalq sərgilərdə iştirakı belə tədbirlərdəndir. Hazırda Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq və Həştərxan şəhərlərində Azərbaycanın ticarət, şərab və çay evlərinin açılması istiqamətində tədbirlər görülür.
Qarşılıqlı investisiya qoyuluşu sahəsində də aktiv əməkdaşlıq həyata keçirilir. Azərbaycan Rusiya iqtisadiyyatına 1 mlrd. dollardan çox, Rusiya isə Azərbaycana 4 mlrd. dollardan artıq investisiya qoyub. Azərbaycanda təqribən 760 Rusiya kapitallı şirkət fəaliyyət göstərir. “SOCAR Polymer” layihəsi, Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə Avtomobil Zavodunun Rusiyanın “Kamaz” və “Ural” zavodları ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələrin reallaşdırılması, Azərbaycan şirkətlərinin Rusiyada həyata keçirdiyi layihələr, o cümlədən Yessentukidə “İstoçnik” sanatoriya-turizm mərkəzi, Krasnodarda meyvə-tərəvəz konservləri və çay istehsalı zavodu, Jeleznovodskda və Kislovodskda sanatoriya-mehmanxana kompleksinin tikintisi və digər layihələr qarşılıqlı investisiya qoyuluşu sahəsində uğurlu layihələrdəndir.
Azərbaycanın Rusiya ilə ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığın davam etdirilməsində maraqlı olduğunu vurğulayan nazir Şahin Mustafayev bu sahədə Azərbaycan–Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının əhəmiyyətli rol oynadığını qeyd edib, sənaye, energetika, turizm, nəqliyyat, kənd təsərrüfatı, İKT və s. sahələrdə geniş əməkdaşlıq imkanlarının oduğunu diqqətə çatdırıb.
Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin IX Azərbaycan-Rusiya Regionlararası Forumunun Bakıda keçirilməsindən məmnunluğunu bildirib, ölkələrimiz arasında ticarət-iqtisadi əlaqələrin inkişaf etdiyini, əməkdaşlığın daha da genişləndirilməsi üçün müvafiq tədbirlərin görüldüyünü qeyd edib. Bildirilib ki, kənd təsərrafatı, nəqliyyat, sənaye və s. sahələrdə əməkdaşlıq imkanları genişdir və bu baxımdan işgüzar şuraların fəaliyyəti önəmlidir. M.Oreşkin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafında regional əməkdaşlığın genişləndirilməsinin önəmli olduğunu və bu baxımdan, forumun əhəmiyyətini diqqətə çatdırıb.
Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov Rusiyanın Azərbaycanın əsas iqtisadi-ticarət tərəfdaşlarından olduğunu vurğulayıb, təmsil etdiyi İşgüzar Şuranın fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, İşgüzar Şura iş adamları arasında əlaqələrin genişləndirilməsi, işgüzar dairələr və dövlət qurumları arasında dialoq yaratmaq, yeni əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə yaradılıb. Azərbaycan-Rusiya İşgüzar Şurasında kənd təsərrüfatı, sənaye, logistika, nəqliyyat, bank, neft-kimya sahələrində iri, eləcə də kiçik və orta biznes nümayəndələri təmsil olunur. Səməd Qurbanov Azərbaycan iş adamları tərəfindən Rusiya həyata keçirilən layihələr barədə də məlumat verib.
Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik çıxışında işgüzar şuraların fəaliyyətinin ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olduğunu qeyd edib.
Bakı şəhər İcra Hakimiyyəti başçısının müavini Eldar Əzizov və Rusiya Federasiyasının Novqorod vilayətinin qubernatoru Andrey Nikitin çıxışlarında Bakı və Novqorodun potensialı, bu şəhərlərdə görülən işlər və regional əməkdaşlıq imkanları barədə məlumat verib, “Azərmaş” şirkətinin sədri Emin Axundov, “Qazprombank”ın vitse-prezidenti Aleksey Çiçkanov və digər şirkət təmsilçiləri isə ölkələrimiz arasında müvafiq sahələrdə əməkdaşlıq, reallaşdırılan birgə layihələr və əlaqələrin genişləndirilməsi perspektivləri barədə danışıblar.
Sonra Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuraları arasında əməkdaşlığa dair Saziş imzalanıb. Sənədi Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov və Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik imzalayıb.
Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilibBakı Biznes Mərkəzində Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib. Tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri, qida, kənd təsərrüfatı, sənaye, tikinti və maliyyə sahəsində fəaliyyət göstərən 70-ə yaxın iş adamı və şirkət təmsilçiləri iştirak edib.
İclasda çıxış edən Azərbaycan-Rusiya İşguzar Şurasının sədri Səməd Qurbanov Azərbaycan-Rusiya əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən iqtisadi sahədə uğurla inkişaf etdiyini, Rusiyanın ölkəmizin əsas ticarət tərəfdaşlarından olduğunu vurğulayıb. Səməd Qurbanov qeyd edib ki, 2016-cı ildə yaradılan Azərbaycan-Rusiya İşgüzar Şurasının əsas məqsədi Azərbaycan və Rusiya arasında iqtisadi və investisiya qoyuluşu sahəsində əlaqələri, iş adamları arasında əməkdaşlığı daha da genişləndirməkdir. Bu məqsədlə Azərbaycan-Rusiya İşgüzar Şurası Rusiyanın analoji təşkilatı olan Rusiya-Azərbaycan İşgüzar Şurası ilə yaxından əməkdaşlıq edir və iş adamlarının iştirakı ilə işgüzar şuraların mütəmadi olaraq birgə iclasları keçirilir. Bununla belə, mövcud potensial nəzərə alınaraq ölkələrimiz arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi üçün yeni mexanizmlərin tətbiqi istiqamətində tədbirlər davam etdiriləcək.
Sonra Azərbaycan-Rusiya İşguzar Şurasının rəsmi internet saytı və loqosunun təqdimatı keçirilib.
Tədbirdə iş adamlarının çıxışları dinlənib, Şuranın fəaliyyətinə dair sahibkarları maraqlandıran suallar cavablandırılıb.