Baş nazirin müavini Şahin Mustafayev Rusiyanın iqtisadi inkişaf nazirinin müavini ilə görüşüb23 iyul 2021-ci il tarixində Azərbaycan-Rusiya İşgüzar Şurasının iştirakı ilə Azərbaycan Respublikası baş nazirinin müavininin Şahin Mustafayev Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaçın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşü keçirilib. Görüşdə Azərbaycan Respublikası baş nazirinin müavini Şahin Mustafayev, Rusiya Federasiyası İqtisadi İnkişaf nazirinin müavini Dmitriy Volvaç, Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov, “Roseksimbank” SC-nin İdarə Heyətinin sədri Azər Talıbov, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müavini Elnur Əliyev və digər rəsmi şəxslər və biznes nümayəndələri iki ölkə arasında iqtisadi-ticari, investisiya, nəqliyyat-logistika, tranzit və bir çox digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə etdilər. İkitərəfli iqtisadi əlaqələrin inkişafında iş adamlarının rolu vurğulanaraq onlar arasında daha sıx əməkdaşlığın təşviq edilməsinin vacibliyi qeyd edilib. Bu gün Rusiyanın Azərbaycanda işgüzar missiyasının fəaliyyətə başlamasının bu baxımdan önəmi vurğulanıb. Eyni zamanda, Azərbaycanda istehsal edilən kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracının genişləndirilməsi perspektivləri geniş müzakirə edilib. Tərəflər, həmçinin iki ölkə arasında dəmir yolu ilə malların fasiləsiz qarşılıqlı tədarükü üçün logistik dəhlizin yaradılması məsələsinə dair fikir mübadiləsi aparıblar. "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi iki ölkə arasında ticarət əlaqələrinin inkişafı baxımından prioritet olaraq dəyərləndirilib. Tərəflər nəqliyyat xidmətlərinin və nəzarət prosedurlarının təkmilləşdirilməsinin dəhliz üzrə nəqliyyat vasitələrinin hərəkətinin və yük axınının artırılmasına, eləcə də yüklərin çatdırılma müddətinin azaldılmasına xidmət edəcəyinə əminlik ifadə ediblər. Görüşdə, həmçinin nəqliyyat, logistika, tikinti, maşınqayırma, İKT, metallurgiya və dağ-mədən sahələrində fəaliyyət göstərən 10-a yaxın Rusiya şirkəti tərəfindən təqdimatlar edilib.
“Roseksimbank” SC-nin dəstəyi ilə Rusiya şirkətlərinin Azərbaycana işgüzar missiyası təşkil olunub23 iyul 2021-ci il tarixində Azərbaycan-Rusiya İşgüzar Şurasının iştirakı ilə Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaçın rəhbərliyi ilə Rusiya şirkətlərinin Azərbaycana işgüzar missiyası təşkil olunub. Səfər çərçivəsində keçirilən işgüzar görüşdə rəsmi şəxslərlə yanaşı, nəqliyyat, maşınqayırma, tikinti, təhlükəsizlik, konsaltinq və digər sahələrdə fəaliyyət göstərən şirkətlərin rəhbərləri  iştirak edib. Ölkələrimizin strateji tərəfdaşlar olduğunu qeyd edən İqtisadiyyat naziri Mikayıl Cabbarov vurğulayıb ki, ikitərəfli münasibətlərin əsas hərəkətverici qüvvəsi Azərbaycan və Rusiya dövlət başçılarının siyasi iradəsi, qarşılıqlı yüksək etimad və dostluq münasibətləridir. Bildirilib ki, iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsi məqsədilə səmərəli mexanizmlər tətbiq olunur. Bu baxımdan, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyası, Azərbaycan-Rusiya və Rusiya Azərbaycan işgüzar şuraları əlverişli platformalardır. Görüşdə ikitərəfli səmərəli investisiya əməkdaşlığı vurğulanıb, ölkəmizdə 1000-dən çox Rusiya şirkətinin fəaliyyət göstərdiyi və Azərbaycan iqtisadiyyatına Rusiya tərəfindən 6,2 milyard dollar, Azərbaycan tərəfindən Rusiya iqtisadiyyatına isə 1,2 milyard dollar investisiya yatırıldığı bildirilib. Pirallahı Sənaye Parkında əczaçılıq müəssisəsinin yaradılması, Gəncə avtomobil zavodunun Rusiyanın “KamAZ” zavodu ilə əməkdaşlığı, “Azərmaş” və “QAZ” şirkətləri arasında birgə layihələrin reallaşdırılması qarşılıqlı investisiya qoyuluşu sahəsində önəmli layihələrdəndir. İqtisadiyyat naziri  Azərbaycanın əlverişli biznes və investisiya mühiti barədə məlumat verib, ərazilərimizin işğaldan azad edilməsinin yeni reallıqlar və əməkdaşlıq perspektivləri yaratdığını diqqətə çatdıraraq, Rusiya şirkətlərini fəal tərəfdaşlığa dəvət edib. Qeyd olunub ki, ölkəmizdə sənaye zonalarının təşkili prosesinin davam etdirilməsi və Ələt Azad İqtisadi Zonası ikitərəfli iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə əlavə imkanlar yaradır. İşgüzar görüşdə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev Azərbaycanın tranzit-logistika potensialının reallaşdırılması istiqamətində görülən işlər barədə məlumat verib, Rusiya ilə nəqliyyat və İKT sahəsində əlaqələrin genişləndiyini, ölkələrimizin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında səmərəli əməkdaşlığını diqqətə çatdırıb. Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Dmitri Volvaç Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, ölkəsinin Azərbaycanla tərəfdaşlığa böyük önəm verdiyini, bu baxımdan yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi rolunu vurğulayıb. İşgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin iqtisadi əlaqələrin dərinləşməsində əhəmiyyətini qeyd edən Dmitri Volvaç nəqliyyat, sənaye, kənd təsərrüfatı, turizm, təhsil və s. sahələrdə əməkdaşlıq imkanlarını diqqətə çatdıraraq, iş adamlarını böyük potensialdan yararlanmağa, əlaqələri genişləndirməyə çağırıb. “Roseksimbank” SC-nin İdarə Heyətinin sədri Azər Talıbov ölkələrimiz arasında ticarət və investisiya tərəfdaşlığının, xarici ticarətin maliyyələşməsinin önəmini qeyd edib, Azərbaycan bankları ilə əməkdaşlıqda maraqlı olduqlarını bildirib. Azərbaycan-Rusiya İşguzar Şurasının sədri Səməd Qurbanov iqtisadi əməkdaşlığın uğurla inkişaf etdiyini vurğulayıb, bu sahədə Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının birgə fəaliyyətini qeyd edib, Azərbaycan və Rusiya işgüzar dairələri arasında əlaqələrin genişlənməsi istiqamətində  Azərbaycan-Rusiya İşgüzar Şurasının gördüyü işlər barədə məlumat verib. Səməd Qurbanov Azərbaycan-Rusiya İşgüzar Şurasının üzvü və eyni zamanda "Azərbaycan Dəmir Yolları" QSC-nin ekspeditoru olan "Alliance Logistics" şirkətinin vaqon parkının genişləndirilməsi layihəsi barədə məlumat verdi. Artıq ilk real razılaşma əldə edilib, "Roseksimbank" SC-nin maliyyə dəstəyi ilə və Rusiya İxrac Mərkəzinin təşkilatçılığı ilə "Alliance Logistics" Rusiyanın "RM Rail" şirkətindən 100 vaqon alıb. “Roseksimbank" və Rusiya İxrac Mərkəzi Azərbaycan şirkətinə təchizatçı tapmaqda və əməliyyatı müşayiət etməkdə yüksək səviyyədə dəstək verib. Səməd Qurbanov "Roseksimbank" SC-nin çox sərfəli və cəlbedici şərtlərini və bu istiqamətdə əməkdaşlıq üçün böyük potensial olduğunu qeyd etdi. Tədbirdə Rusiya şirkətlərinin rəhbərləri təmsil etdikləri müəssisələr barədə təqdimatla çıxış edib, Azərbaycandakı tərəfdaşları ilə əməkdaşlığın genişləndirilməsində və yeni əlaqələrin qurulmasında, işğaldan azad olunmuş ərazilərimizdə fəaliyyət göstərməkdə maraqlı olduqlarını ifadə ediblər. İşgüzar görüş çərçivəsində "Gəncə avtomobil zavodu" İstehsalat Birliyi və “KamAZ” ASC arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə əməkdaşlığın yeni istiqamətləri nəzərdə tutulur. Tədbir Azərbaycan və Rusiya şirkətləri arasında iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi barədə müzakirələrlə davam edib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş olub20 iyul 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında görüş olub. Rusiya Prezidenti Vladimir Putin dedi: -Qurban bayramınız mübarək! Sizi təbrik edirəm, ən xoş arzularımı bildirirəm. Gələn il bizim böyük bayramımız olacaq – diplomatik münasibətlərin yaradılmasının 30 illiyi. Moskvaya gəlməyə razılıq verdiyiniz üçün Sizə təşəkkür edirəm. Allaha şükür, koronavirusdan sonra münasibətlərimiz bərpa olunur, ilk növbədə, iqtisadiyyatı nəzərdə tuturam. Keçən il müəyyən azalma olmuşdu, indi inamlı artım, bərpa gedir. Rusiya iqtisadiyyat sahəsində inamla lider yerlərdən birini tutur və bizim hökumətlərarası komissiya fəal işləyir, orada əməkdaşlıq istiqamətləri çoxdur. Biz yaxın vaxtlarda sizə nüfuzlu nümayəndə heyəti göndərməyi planlaşdırırıq, bu nümayəndə heyəti həmin məsələlərlə artıq Bakıda məşğul olacaq. Onlar müxtəlif məkanlarda müntəzəm surətdə görüşürlər. Bu, müxtəlif istiqamətlər üzrə qarışıq qrup olacaq. Həm sənaye, həm nəqliyyat, həm infrastruktur və bəzi başqa məsələlər nəzərdə tutulur. Biz indi koronavirusa qarşı mübarizədə get-gedə daha fəal əməkdaşlıq edirik. Məncə, artıq 100 min doza vaksin göndərilib. Azərbaycan ərazisində birgə istehsalın genişləndirilməsi üzərində işləyirik. Aydındır ki, regionda vəziyyətin nizamlanması ən mühüm məsələlərdən biri olaraq qalır. Əlbəttə, bilirəm ki, Siz bu məsələyə çox böyük diqqət və əhəmiyyət verirsiniz. Buna görə Sizə təşəkkür etmək istəyirəm ki, kompromisli qərarlar tapılır. Onlar həmişə ən mürəkkəb məsələlərdir, lakin əgər biz nizamlama istəyiriksə, - biz hamımız isə bunu istəyirik, - onda bu yolla getməliyik. İndiyə qədər biz bunu etməyə nail olmuşuq, buna görə Sizə təşəkkür etmək istəyirəm. Sizi yenidən görməyimə çox şadam. Xoş gəlmisiniz. Azərbaycan Prezidenti İlham Əliyev dedi: -Sağ olun. Sağ olun, Vladimir Vladimiroviç. İlk növbədə, dəvətə görə sağ olun. Mən də Sizi görməyimə çox şadam. Bizim qarşılıqlı fəaliyyətimizlə bağlı mühüm məsələləri yenidən müzakirə etmək üçün yaxşı imkandır. Təbriklərə görə sağ olun. Fürsətdən istifadə edib Rusiyanın bütün müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik etmək istərdim. Bu, həmrəylik bayramı, birlik bayramıdır. Əlbəttə, ikitərəfli gündəlik barədə Sizinlə tam razıyam ki, biz çox inamla irəliləyirik. İlin birinci yarısında əmtəə dövriyyəsi artıb. Bu, çox vacibdir, çünki keçən il bizdə 10 faizdən çox azalma olmuşdu. Nəqliyyat-tranzit münasibətləri məsələsində də əməkdaşlığı fəal surətdə genişləndiririk. Mənə verilən məlumata görə, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə keçənilki ilə müqayisədə təqribən 20 faiz çox yük daşınıb. Beləliklə, bu dəhliz artıq işləyir, demək olar ki, geniş həcmdə. Koronavirusa qarşı mübarizədə köməyə görə təşəkkür etmək istərdim. Biz Rusiyadan 200 min dozadan artıq “Sputnik V” vaksini almışıq və bu vaksinin yenə göndərilməsi gözlənilir. Bilirəm ki, onu almaq istəyənlərin sayı lap çoxdur. Ona görə ki, bu vaksin öz effektivliyini sübut edib və əlbəttə, yəqin ki, hamını təmin edə bilmək də çox çətindir. Lakin Sizin dostlarınız, tərəfdaşlarınız kimi bir daha təşəkkürümü bildirmək istəyirəm ki, biz vaksini alanlar arasında ilk sıralardayıq. Sizə onu da bildirmək istərdim ki, bu il Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialının birinci buraxılışı oldu. Bu, əlamətdar hadisədir. Zaman sürətlə keçir. Bizim iki filialda – MDU-nun və Seçenov Universitetinin filiallarında mindən çox tələbə təhsil alır. Rusiyada təhsil alan azərbaycanlı tələbələrin sayı 15 mindən çoxdur. Azərbaycanda isə 16 min tələbə rus dili bölməsində təhsil alır. Beləliklə, Azərbaycan gənclərinin belə bir böyük dəstəsi artıq Rusiya ilə dil, ünsiyyət və təhsil vasitəsilə bağlıdır. Düşünürəm ki, bizim təcrübəmizi böyüməkdə olan nəslə əməli surətdə ötürmək çox vacibdir. Əlbəttə, regionda münaqişədən sonrakı vəziyyət mövzusu da var. Bu məsələyə daimi diqqətinizə, çox vacib və həssas məsələlərin həllində şəxsən iştirakınıza görə Sizə təşəkkürümü bildirmək istərdim. Biz Sizinlə daim əlaqə saxlayırıq. Hərbi əməliyyatlar başa çatandan sonra ötən səkkiz ay ərzində, zənnimcə, yanvar ayında Moskvada şəxsən görüşümüz və telefon söhbətlərimiz vəziyyətin sabitləşdirilməsi işində çox mühüm rol oynayıb. Biz qətiyyətlə münaqişədən sonrakı dövrün maksimum ağrısız keçməsi əzmindəyik. Düşünürəm ki, ümumi səylərimizlə buna nail olacağıq. Dəvət üçün bir daha təşəkkür edirəm və əlbəttə, qarşılıqlı fəaliyyətin, regional problemlərin mühüm məsələlərini müzakirə edəcəyik.
Krasnodar vilayəti və Azərbaycan arasında biznes-missiya təşkil olunub14 iyul 2021-ci il tarixində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının və Rusiya Federasiyasının Krasnodar vilayətinin administrasiyasının dəstəyi ilə Krasnodar və Azərbaycan müəssisələri arasında onlayn formatda biznes-missiya təşkil olunub. Tədbirdə Azpromo, Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi, Rusiya İxrac Mərkəzi, Krasnodar vilayətinin Sənaye Siyasəti Departamenti və digər dövlət təşkilatlarının nümayəndələri tərəfindən ixracın genişləndirilməsi və ticarətin inkişafı istiqamətində dəstək tədbirləri barədə çıxışları dinlənilib. Daha sonra Krasnodar və Azərbaycan şirkətləri faəliyyət istiqamətləri barədə təqdimatlarla çıxış ediblər. Biznes-missiya çərçivəsində Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitinin daha da optimallaşdırılması istiqamətində yaradılan “Ələt Azad İqtisadi Zonası” layihəsinin konsepsiyası, inkişaf strategiyası və investorlar üçün imtiyazlar  barədə məlumat verilib.  Tədbir kənd təsərrüfatı, qida məhsulları, qablaşdırma sənayesi və ixtisaslaşdırılmış avadanlıq istehsalı sahələrində fəaliyyət göstərən sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib. Rusiya tərəfindən iştirak edən şirkətlər: «Abrau-Dürso», «İnsiprom», «V.V. Vorovskoqo adına TMZ», «Elza», «Qornitsa», «Kubanskaya kartonajnaya fabrika», «Kropotkinskiy zavot MiSSP», «Rozqrand», «Titan», «Kaloriya», «Kuban-Vino», «Kanevskiy elevator» və digər. Azərbaycan tərəfindən iştirak edən şirkətlər: «Matanat A», «AHEC», «OBA market», «Agro-Azerinvest», «Veysəloglu», «Bakı Metropoliteni», «Azərbaycan Dəmir Yolları», «ANC GROUP», «Azerbaijan Supermarket», «KartonPak» və digər.
İşgüzar Şura RİM Qrupunun nümayəndə heyəti ilə görüşdə iştirak edib1 iyul 2021-ci il tarixində Azərbaycan-Rusiya İşgüzar Şurasının iştirakı ilə Azərbaycan Respublikası baş nazirinin müavininin RİM Qrupunun nümayəndə heyəti ilə görüşü keçirilib. Görüş çərçivəsində AR baş nazirinin müavini Şahin Mustafayev, “Roseksimbank” SC-nin İdarə Heyətinin sədri Azər Talıbov, Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov, Nazirlər Kabineti Aparatının rəhbəri Rüfət Məmmədov, Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov və Rusiya İxrac Mərkəzinin Azərbaycandakı nümayəndəsi Nuri Quliyev infrastruktur layihələrinin maliyyələşdirilməsi, habelə ticarətin maliyyələşdirilməsinin fəallaşdırılması məsələlərini müzakirə ediblər. Tərəflər Rusiya və Azərbaycan arasında ticari-iqtisadi əməkdaşlığın müsbət dinamikasını qeyd ediblər. Rusiya İxrac Mərkəzinin (RİM) nümayəndə heyəti Azərbaycan Respublikasında böyük infrastruktur layihələrinin həyata keçirilməsi zamanı RİM Qrupunun, o cümlədən “Roseksimbank”ın maliyyə alətlərindən istifadə etməyi təklif edib. Bu yanaşma Rusiya müəssisələrini Azərbaycanda infrastrukturun inkişafı layihələrinə cəlb etməyə imkan verəcək. Avtomobilqayırma, dəmir yolu nəqliyyatı parkının inkişaf etdirilməsi sahəsindəki layihələrin perspektivli olduğu təsdiq edilib. Görüşdə səmərəli qarşılıqlı əməkdaşlığın nümunəsi kimi “Roseksimbank”ın maliyyə dəstəyi ilə həyata keçirilən və yekun mərhələdə olan Azərbaycanın dəmiryol nəqliyyatı vasitələrinin yenilənməsi layihəsi qeyd olunub.