Azərbaycan-Rusiya İşgüzar Şurası Həştərxan vilayəti ilə onlayn biznes-missiya keçirib16 dekabr 2020-ci il tarixində Azərbaycan-Rusiya İşgüzar Şurası və Həştərxan vilayəti Sənaye və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycanın və Həştərxan vilayətinin iş adamları arasında video-konfrans formatında görüş təşkil olunub.
Tədbirdə Azərbaycanın və Həştərxanın şirkətləri arasında kənd təsərrüfatı, balıq sənayesi, gəmiqayırma, tikinti, metallurgiya, logistika və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Tədbirdə Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov çıxış edərək ölkəmizin dövlətçilik tarixində mühüm hadisə – Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan və Ermənistan arasında münaqişənin sonlandırılması, ərazi bütövlüyünün bərpasını vurğulayıb, münaqişənin tənzimlənməsi prosesində Rusiyanın əhəmiyyətli rolunu diqqətə çatdırıb.
Qeyd olunub ki, Azərbaycanın işğaldan azad olunan ərazilərində yeni infrastruktur və biznesin inkişafı layihələrinin həyata keçirilməsi ölkəmiz qarşısında duran əsas vəzifələrdəndir. Bu layihələrdə tərəfdaş ölkələrin şirkətlərinin iştirak imkanı iqtisadi əməkdaşlıq əlaqələrinin genişləndirilməsində əhəmiyyətli olacaqdır.
Səməd Qurbanov Azərbaycan şirkətlərinin Həştərxan vilayətində investisiya layihələrinin həyata keçirilməsində fəallığını vurğulayıb. Bu layihələr arasında Azərbaycanın “KDY Logistics” şirkəti tərəfindən iri logistik terminalın yaradılması var.
Bir neçə ildir ki, Həştərxanda bir sıra birgə sosial layihələr həyata keçirilir. Bunlar arasında Heydər Əliyevin abidəsinin açılması, eyni adda şəhər bağçasının abadlaşdırılması, məktəbin yenidən qurulması, uşaq bağçasının tikilməsi, bərpa işlərinin aparılması və daha bir çox layihə var.
Bildirilib ki, bütün bu qeyd olunanlar Azərbaycan və Rusiya Federasiyası Həştərxan vilayəti sahibkarları arasında mövcud əməkdaşlıq əlaqələrinin daha da gücləndirilməsi, gələcəkdə ticarət və investisiya sahələrində birgə layihələrinin həyata keçirilməsi istiqamətində mühüm rol oynayacaq.
Görüşdə çıxış edən Həştərxan vilayəti sənaye və təbii sərvətlər naziri Denis Afanasyev Həştərxan vilayətinin Azərbaycan Respublikasının uzun illər boyu etibarlı tərəfdaşı olduğunu qeyd edib. Son 10 il ərzində Həştərxanda Azərbaycan Respublikasının iştirakı, Prezident İlham Əliyevin və Heydər Əliyev Fondunun birbaşa dəstəyi ilə bir neçə böyük layihənin həyata keçirildiyini qeyd edib. Bu gün əsas məqsəd qarşılıqlı ticarət həcminin artırılmasıdır. Bunun üçün ciddi potensial var və Həştərxan vilayətinin sahibkarlarının Azərbaycanla əməkdaşlığa marağı kifayət qədər böyükdür.
Tədbirdə Azərbaycan tərəfindən “Lu-Mun Holding”, “AHEC”, “AzProduct”, “Agro Food Investments”, “Azərsun Holding”, “Formag Baku”, “Gilan Agriculture Group”, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi”, “RR Group”, “ATEF Group”, “Azertechnoline”, “Caspian Service” və digər şirkətlərin nümayəndələri iştirak edib.
Həştərxan tərəfindən “ВТС-ПОРТ”, “ЮЦСС”, “Lotos” XİZ, “Beluqa”, “Дюна-АСТ”, “Sardoniks”, “Maris”, “San Layt-Həştərxan”, “Nərimanov çörək zavodu” şirkətlərinin, “Maqnit” və “Lenta” ticarət şəbəkələrinin nümayəndələri iştirak edib.
Videokonfrans çərçivəsində biznes dairələri arasında müxtəlif sahələrdə yeni əlaqələrin yaradılması mövzusunda fikir mübadiləsi aparılıb, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
“Yaroslav vilayəti və Azərbaycan Respublikası Ticari-iqtisadi əməkdaşlıq” onlayn biznes missiyası baş tutdu10 sentyabr 2020-ci ildə, “Yaroslav vilayəti və Azərbaycan Respublikası Ticari-iqtisadi əməkdaşlıq” onlayn biznes missiyası keçirildi.
Tədbirin təşkilatçıları kimi Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları və Yaroslav vilayəti Hökuməti çıxış etdi.
Onlayn tədbir proqramı hər iki tərəfin iştirakçıları üçün dəyirmi masadan, Azərbaycan və Yaroslav şirkətlərinin təqdimatlarından, habelə, sahibkarlar arasında fərdi B2B danışıqlardan ibarət olmuşdur.
Dəyirmi masa zamanı Azərbaycan və Yaroslav nümayəndə heyətlərinin çıxışları baş tutdu. Yaroslavla Azərbaycan arasında sənaye və qida istehsalatı, turizm və kənd təsərrüfatı sahələrində uzunmüddətli qarşılıqlı səmərəli əməkdaşlıq imkanları müzakirə olundu.
Azərbaycan şirkətlərinin nümayəndələri: «Pasha Travel», «AHEC», «Agro Food Investments», «Balxurma», «RR Group», habelə, Yaroslav şirkətləri: «PoliEr», «Anqstrem», «FİNQO Kompleks», «Yarpojinvest», «Yarobltur» təqdimatlarla çıxış etdi.
Tədbirdə həmçinin «AzerMash», «Silk Row Travel», «Karbamidnıy Zavod», «Yaroslavskiye kraski», «Zavod Volqa Polimer», «Kompaniya Dizel», «АМТ Spesavia», «Ferroplast Medikal», «Volmaq» və digər şirkətlər iştirak etdi.
MOSKVA VƏ AZƏRBAYCANIN QİDA SƏNAYESİ ŞİRKƏTLƏRİNİN NÜMAYƏNDƏLƏRİ ARASINDA SİLSİLƏ ONLAYN-DANIŞIQLAR BAŞ TUTUB2020-ci il iyulun 13-dən 17-dək Moskva və Azərbaycanın qida sənayesi şirkətlərinin nümayəndələri arasında silsilə onlayn-danışıqlar baş tutub.
Danışıqlar “Mosprom” Muxtar Qeyri-kommersiya Təşkilatı, “Biznes-Geometriya” İşgüzar Əməkdaşlıq Mərkəzi və Azərbaycan-Rusiya İşgüzar Şurasının təşkilatçılığı ilə keçirilib.
Onlayn tədbirin proqramına Azərbaycan və Rusiya tərəfləri üçün dəyirmi masa, Moskva şirkətlərinin təqdimatı, sahibkarlar arasında fərdi “B2B” görüşlər daxil olub.
Danışıqların məqsədi rusiyalı və azərbaycanlı sahibkarlar arasında qida sənayesi sahəsində uzunmüddətli qarşılıqlı surətdə faydalı əməkdaşlıq istiqamətlərinin axtarışından ibarət olub.
Danışıqlarda Moskva vilayətini qənnadı və çörək-bulka məmulatları istehsalçısı “Dobrıninski” Unlu-Qənnadı Məmulatları Kombinatı” QSC, Rusiyada №1 ət istehsalçısı “Miratorq TŞ” MMC, kolbasa və ət yarımfabrikatları istehsalçısı “Dımovski Kolbasa İstehsalatı” MMC, əridilmiş və kəsmikli pendir istehsalçısı “KARAT” Moskva Əridilmiş Pendir Zavodu” ASC, qəhvə istehsalçısı “Mecik” MMC, diyetik və diabetik məhsul istehsalçısı “NovaProdukt AQ” MMC, həmçinin çay, şəkər və qənnadı məmulatları istehsalçısı “Müasir Çay Texnologiyaları” MMC olmaqla 7 şirkət təmsil edib.
Azərbaycan tərəfindən danışıqlarda “Azprotein Foods” MMC, “Bolluq” MMC, “Absheron Hotels Group” “Gabala Hotels Group”, “Saffron Restaurant Group”, “Delta Group” MMC, “Nurgün” Şirkətlər Qrupu, “Veysəloğlu” MMC, “Bravo Supermarket Azərbaycan”, “Bazarstore” MMC, “Vital Food Export” MMC, “AL Market” MMC, “Merano Baku”, “NANT”, “City Catering” QSC, “Siren Trading” MMC və digər şirkətlər iştirak edib.
Ümumilikdə 82 onlayn görüş keçirilib.
Onlayn konfrans zamanı turizm biznesinin 40-dan artıq nümayəndəsi sənayenin bərpası perspektivlərini müzakirə edib10 iyun 2020-ci il tarixində Azərbaycan Turizm Bürosunun, Moskva şəhərinin Turizm Komitəsi və Azərbaycan-Rusiya İşgüzar Şurasının, eləcə də Moskva və Azərbaycanın turizm biznesinin nümayəndələrinin iştirakı ilə turizm sənayesinin bərpası perspektivlərinə həsr olunmuş onlayn konfrans keçirilib.
Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının əməkdaşlığı çərçivəsində yaradılan “Turizm Alyansı”nın koordinatoru Anar Rəhmanov öz çıxışında sənayenin dəstəklənməsi və sürətli bərpası üçün fəal əməkdaşlığın zəruriliyini vurğulayıb, həmçinin alyansın fəaliyyəti haqqında məlumat verib.
Azərbaycan Turizm Bürosunun Beynəlxalq Bazarların İdarəedilməsi Departamentinin müdiri Sevinc Zeynallı cari layihələr, xüsusən də turizm istiqaməti kimi Azərbaycan haqqında biliklərini zənginləşdirmək istəyənlər üçün “Azerbaijan 101” onlayn təlim platformasının istifadəyə verilməsi, həmçinin sağlamlıq, təhlükəsizlik və gigiyena sahəsində ölkədə mövcud standartların yenilənməsi üzrə kompleks yanaşmanı nəzərdə tutan “SAHMAN” (Sanitariya və Gigiyena Metodları və Normaları) proqramının başlanması haqqında məlumatları diqqətə çatdırıb.
Moskva şəhərinin Turizm Komitəsinin sədr müavini Tatyana Şarşavitskaya da Komitənin hazırda həyata keçirdiyi əsas layihələrdən danışıb. Bunlar arasında “Russpass” turizm platforması, “Discover.Moscow” turizm portalı, “#Москвастобой” mədəni-maarifləndirici onlayn platforması, “Moscow Travel Hub” turizm sənayesi ilə dialoq platforması və s.
Konfrans zamanı Moskva və Azərbaycanın turizm operatorlarının nümayəndələri fəaliyyətləri barədə qısa məlumat verdilər və turizm sektorunun bərpası ilə bağlı aktual sualları cavablandırdılar. "TUI", "Tari Tur", "Quinta-Tur", "Alean", "PASHA Travel", "BMP", "MosTur", "Oblaka Travel", "Space Travel", "Victory Tour", “Silk Road Travel”, “Flame Tours”, “Millennium” və bir çox digər şirkətlər tərəfindən təqdimatlar edilib.
İştirakçılar yeni şəraitdə tələbat olacaq turizm məhsulları haqqında fikir mübadiləsi aparıblar. Xüsusilə fərdi və ailəvi turların, eləcə də fərdi turizm marşrutlarının populyarlığının artacağı qeyd edilib. Bundan əlavə, tur operatorlarının fikrincə sağlamlıq turizminə böyük tələbat olacaqdır.
Onlayn konfransın ikinci hissəsində iştirakçılar fərdi onlayn danışıqlar aparıb, əməkdaşlığı daha ətraflı müzakirə etdilər. Cəmi 79 onlayn görüş keçirilib.