Turizm Alyansı Rusiya turoperatorlarla görüş keçirib5 fevral 2020-ci il tarixində Moskva şəhərində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının təsis etdiyi Turizm Alyansının fəaliyyəti çərçivəsində Rusiya turoperatorlarla görüş baş tutub. Görüşdə Turizm Alyansının koordinatorları, həmçinin Mouzenidis Travel, TUI, Coral Travel şirkətlərinin, Rusiya Tur Operatorları Birliyinin və s. nümayəndələri iştirak edib. Görüş zamanı avia uçuşların istiqamətləri, tezliyi və qiymətləri, tur operatorlarının qiymət siyasəti, rəqəmsal platformalarda inteqrasiya, zəruri marketinq fəaliyyəti və s. kimi bir sıra aktual məsələlər müzakirə olunub. Şəhər turları və ekskursiya proqramları, müalicə-sağlamlıq, qastronomik, hadisə turizmi və turizmin digər növləri daha çox tələbat olan istiqamətlər kimi müəyyən edilib. Həmçinin Turizm Alyansının 2020-ci il üçün fəaliyyət planı müzakirə olunub. Qaldırılan məsələlər yaxın zamanda planlaşdırılan Azərbaycan şirkətləri ilə görüşdə müzakirə ediləcək.  Qeyd edək ki, Turizm Alyansının təsis olunması haqqında razılaşma Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuraları arasında 22-23 noyabr 2019-cu il tarixlərində Moskvada baş tutan iqtisadi əməkdaşlıq sahəsində Rusiya-Azərbaycan Regionlararası Forumunda bağlanıb. Turizm Alyansının fəaliyyəti turizm sahəsində biznesin qarşılıqlı əlaqələrinin inkişafı, həmçinin iki ölkə arasında turist axınının artırılmasına yönəlib.
Azərbaycan-Rusiya İşgüzar Şurasının Ümumi yığıncağında illik fəaliyyətinin nəticələri və gələcək inkişafı üçün prioritetlər müzakirə edilib11 dekabr 2019-cu il tarixində İqtisadiyyat naziri Mikayıl Cabbarovun iştirakı ilə Azərbaycan-Rusiya İşgüzar Şurasının Ümumi Yığıncağı keçirilib. Tədbirdə kənd təsərrüfatı, logistika, sənaye, turizm, maliyyə, tikinti və iqtisadiyyatın digər sahələrində fəaliyyət göstərən 100-dən çox üzv şirkətin rəhbəri iştirak edib. İclasda çıxış edən İqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan-Rusiya İşgüzar Şurasının iki ölkənin iqtisadi-ticarət əlaqələrinin inkişafında rolunu vurğulayıb, Şuranın fəaliyyətinə hər cür dəstək göstəriləcəyini bildirib. İqtisadiyyat naziri sahibkarların biznes təşəbbüslərinin dəstəklənəcəyini, ixracın artırılması, strukturunun diversifikasiyası, mal çeşidinin və coğrafiyasının genişləndirilməsi üçün sistemli tədbirlərin həyata keçiriləcəyini diqqətə çatdırıb, İşgüzar Şuranın üzvlərini İqtisadiyyat Nazirliyi ilə daha fəal əməkdaşlığa dəvət edib. Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov bu təşəbbüsü fəal dəstəkləyib və bu formatın biznesin İqtisadiyyat Nazirliyi ilə effektiv əlaqə yaratmasına imkan verəcəyini vurğulayıb. Səməd Qurbanov çıxışında il ərzində şuranın ən əlamətdar tədbirləri barədə qısa məlumat verdi, o cümlədən Rusiya Federasiyasının Sənaye və Ticarət Nazirliyi ilə birgə həyata keçirilən Rusiya sənaye müəssisələrinin işgüzar missiyası, Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində təşkil olunan Rusiya-Azərbaycan işgüzar dialoqu,  Onuncu Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində İşgüzar şuraların geniş tərkibli  iclası,  Hökumətlərarası Dövlət Komissiyasının iclasında iştirakı və s. Səməd Qurbanov ixtisaslaşmış komissiyaların fəaliyyətinin genişləndirilməsi istiqamətində İşgüzar Şuranın strukturunun gələcək inkişafını diqqətə çatdırdı. Yaxın gələcəkdə maliyyə və informasiya texnologiyaları sahəsində ixtisaslaşdırılmış komissiyaların yaradılacağı qeyd edilib. İclas zamanı komissiya sədrləri: “Turizm” - Anar Rəhmanov, “Qida məhsulları və kənd təsərrüfatı” - İsmayıl Orucov, “Logistika” - Natiq Heydərov, “Sertifikasiya və Gömrük prosedurları” - Namiq Tağıyev və şirkət rəhbərləri: “AS Group Investment” - Şahin Mövsümov, “As Prof Logistics” – Cahid Qurbanov  çıxışlarında ixtisaslaşdırılmış fəaliyyət sahələrində öz təklif və təşəbbüslərini təqdim ediblər.
Bakıda Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının 18-ci iclası keçirilibDekabrın 9-da Bakıda Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının 18-ci iclası keçirilib. Hökumətlərarası İqtisadi Komissiyanın iclasında Baş Nazirin müavini Ş.Mustafayev Azərbaycan və Rusiya Prezidentlərinin siyasi iradəsi və birgə səylərinin, qarşılıqlı səfərlərinin ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin genişləndirilməsi üçün möhkəm zəmin yaratdığını deyib. Bu yaxınlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya rəsmi səfərini xatırladan Ş.Mustayayev uğurlu və məhsuldar səfərin önəmli hadisələrlə yadda qaldığını qeyd edib. Baş Nazirin müavini vurğulayıb ki, Azərbaycan və Rusiya strateji tərəfdaşlardır. Ş.Mustafayev bildirib ki, Azərbaycan-Rusiya Hökumətlərarası İqtisadi Komissiyasının 18-ci iclasının proqramı genişdir. Belə ki, bu gün Pirallahıda dərman istehsalı zavodunun açılışı olacaq, həmçinin Zabrat aeroportunda Helikopterlərin təmiri və texniki xidmət mərkəzinin təməli qoyulacaq. Həmçinin bu gün Hacıqabul Sənaye Parkında növbəti müəssisənin təməlqoyma mərasimi keçiriləcək. Gələn ilin yazında isə Hacıqabul Sənaye Məhəlləsində “QAZel” markalı avtomobillərin istehsalı üzrə zavodun açılışı olacaq. Baş Nazirin müavini deyib ki, Samur çayı üzərində salınan körpü isə ilin sonunadək açılacaq. İki ildir körpünün tikintisi aparılır. Bu körpünün açılması ticarət əlaqələrinin və nəqliyyatın inkişafına mühüm töhfəsini verəcək. Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin Azərbaycan və Rusiya Prezidentlərinin ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsinə böyük önəm verdiklərini, iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün yüksək potensialın olduğunu vurğulayıb. Gələn il iyunun 3-6-da növbəti Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunun keçiriləcəyini bildirən M.Oreşkin deyib: “Azərbaycandan olan partnyorlarımızı bu forumda iştiraka dəvət edirik. Forumun əhatəsi ildən-ilə genişlənir. 1997-ci ildən keçirilən, qabaqcıl platformaya çevrilmiş forum dünyanın əhəmiyyətli iqtisadi tədbirlərindəndir, 2006-cı ildən Rusiya Federasiyasının Prezidentinin himayəsi və iştirakı ilə təşkil edilir. Forumun keçirilməsində məqsəd rəsmilərin, biznes və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə iqtisadi problemlərin həlli istiqamətində müzakirələrin aparılmasıdır. Bu forumda sizi, Şahin Mustafayev başda olmaqla və Azərbaycan nümayəndə heyətini görməkdən məmnun olardıq”. İclasda Azərbaycan-Rusiya İşgüzar Şurasının sədri Səməd Qurbanov çıxış etdi. S.Qurbanov qeyd edib ki, şura hökumətlərarası komissiyanın işində fəal iştirak edib və şuranın bir nəçə təşəbbüsü yekun protokolda öz əksini tapıb. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuraları 2020-ci il üçün birgə fəaliyyət proqramı hazırlayıblar. Proqrama ixtisaslaşdırılmış sərgilər çərçivəsində xüsusi tədbirlərin keçirilməsi, biznes missiyalar, işgüzar dialoqların təşkili və digər tədbirlər daxildir. İclasda iki ölkə arasında regionlararası əlaqələr, həyata keçirilən birgə layihələr, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf etdirilməsi, sənaye, kənd təsərrüfatı, turizm, təhsil və sair sahələrdə əlaqələrin inkişafı, biznes əməkdaşlığının genişləndirilməsi, nəqliyyat sahəsində əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə edilib. Sonda iclasın protokolu, Azərbaycan ilə Rusiya arasında 2020-2022-ci illər üzrə aqrar sənaye kompleksində və 2020-2022-ci illər üçün turizm sahəsində əməkdaşlıq proqramları imzalanıb. Sənədləri komissiyanın həmsədrləri - Baş Nazirin müavini Şahin Mustafayev və Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin imzalayıblar.
İşgüzar şuralar Onuncu Rusiya-Azərbaycan Regionlararası Forumunda Turizm alyansının təsis edilməsi haqqında saziş bağladı23 noyabr 2019-cu il tarixində Moskva şəhərində Onuncu Rusiya-Azərbaycan Regionlararası Forumunun plenar iclası keçirildi. İclas Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun giriş nitqləri ilə açıldı. Daha sonra imzalanmış ikitərəfli sənədlərin mübadiləsi mərasimi baş tutdu. İki ölkənin nümayəndə heyətlərinin rəhbərləri Mehriban Əliyevanın və Valentina Matviyenkonun iştirakı ilə Azərbaycan-Rusiya İşgüzar Şurası İdarə Heyətinin sədri Səməd Qurbanov və Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik arasında işgüzar şuralar arasında turizm sahəsində əməkdaşlıq və Turizm alyansının təsis edilməsi haqqında imzalanmış ikitərəfli sənədlərin mübadiləsi aparıldı. Həmçinin Rusiya Federasiyası Elm və Ali Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və “Opora Rossii”, “Gəncə Avtomobil Zavodu” və “URAL” Avtomobil Zavodu, “Azərmaş” və “Rostselmaş” Kombayn Zavodu, “AZPROMO” Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu və “Qazprombank” arasında imzalanmış ikitərəfli sənədlərin mübadiləsi mərasimi baş tutdu. Plenar iclas Azərbaycan Respublikasının iqtisadiyyat naziri M.Cabbarov, Rusiya Federasiyasının iqtisadi inkişaf naziri M.Oreşkin, Həştərxan vilayətinin qubernatoru İ.Babuşkin, Rostov vilayətinin qubernatoru V.Qolubyev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı N.Bayramov və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı E.Usubovun çıxışları ilə davam etdirildi. İclasın sonunda imzalanmış ikitərəfli sənədlərin ikinci paketinin mübadiləsi mərasimi keçirildi.