Azərbaycan-Rusiya İşgüzar Şurası Onuncu Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində dəyirmi masaların işində iştirak edib22 noyabr 2019-cu il tarixində Moskva şəhərində Onuncu Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində “Turizm sahəsində əməkdaşlığın inkişafı”, “Sənaye sahəsində əməkdaşlıq”, “Kənd təsərrüfatında qarşılıqlı fəaliyyətin perspektivləri” və “Humanitar sahədə əməkdaşlıq” mövzularında dəyirmi masalar təşkil edilib. Azərbaycan-Rusiya İşgüzar Şurasının üzvləri dəyirmi masaların işində fəal iştirak edib. “Turizm sahəsində əməkdaşlığın inkişafı” mövzusunda dəyirmi masanın moderatorları “Paşa Travel” şirkətinin baş icraçı direktoru Anar Rəhmanov və “İşgüzar Rusiya” təşkilatının Turizm Komitəsinin sədri Yelena Krivenkova olub. Müzakirələr zamanı iki ölkə arasında turist axınının artmasına imkan yaradan və mane olan amillər, daha çox tələbatın olduğu turizm növləri, regionlararası məhsulların hazırlanması, Xəzərdə kruiz turizminin perspektivləri və digər mövzulara toxunulub. Dəyirmi masanın işində iki ölkənin aparıcı turizm operatorları, mehmanxana kompleksləri, aviaşirkətləri və dövlət təşkilatlarının nümayəndələri iştirak edib. Dəyirmi masanın sonunda tədbir iştirakçıları arasında əməkdaşlıq haqqında sazişlər imzalanıb. “Sənaye sahəsində əməkdaşlıq” mövzusunda dəyirmi masanın moderatorları Azərbaycan-Rusiya işgüzar şurasının İdarə Heyətinin  sədr müavini Yusif Abdullayev və Rusiyanın Sənaye və Ticarət Nazirliyinin Avropa, Şimali Amerika, MDB ölkələri və Çoxtərəfli İqtisadi Əməkdaşlıq Departamentinin direktoru Mixail Anisimov olub. Dəyirmi masanın işində “Birləşmiş Gəmiqayırma korporasiyası”, “Azərmaş”, “Socar Polymer”, “Gəncə Avtomobil Zavodu”, “Transmaşholdinq”, “QAZ” və bir çox digər şirkətin nümayəndələri iştirak edib. “Kənd təsərrüfatında qarşılıqlı fəaliyyətin perspektivləri” mövzusunda dəyirmi masanın işində Stavropol diyarının kənd təsərrüfatı naziri Vladimir Sitnikov, Smolensk vilayəti administrasiyası rəhbərinin birinci müavini Murad Rəsulov, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar Ticarət Şirkətinin sədri Leyla Məmmədova, Dövlət Toxum Fondunun sədri Emin Əliyev, həmçinin iki ölkənin biznes nümayəndələri iştirak edib. Azərbaycan kənd təsərrüfatı məhsullarının Rusiya bazarına tədarükü, iki ölkənin kənd təsərrüfatı sahəsində aparılan islahatlar, həmçinin əməkdaşlıq perspektivləri və birgə ikitərəfli layihələrin həyata keçirilməsi məsələləri müzakirə edilib. Dəyirmi masalar bitdikdən sonra biznes nümayəndələri B2B formatında danışıqları davam etdiriblər.
Onuncu Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində İşgüzar Şuraların geniş tərkiblı iclası keçirilib22 noyabr 2019-cu il tarixində Moskva şəhərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenkonun sədrliyi ilə keçirilən Onuncu Rusiya-Azərbaycan Regionlararası Forumu çərçivəsində Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniş tərkibli iclası keçirilib. İclasda iki ölkənin biznes, dövlət hakimiyyəti orqanları, işgüzar və ictimai təşkilatlarının 300-dən artıq nümayəndəsi iştirak edib. Forumu və işgüzar şuraların iclasını öz çıxışları ilə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin açıb. Tədbirin moderatorları Azərbaycan-Rusiya İşgüzar Şurası İdarə Heyətinin sədri Səməd Qurbanov və Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik olub. Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiyanın indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar, ölkəmizin isə Rusiya iqtisadiyyatına 1 milyard 200 milyon dollar investisiya yatırdığını qeyd edib. Mikayıl Cabbarov hazırda kənd təsərrüfatı məhsullarının Rusiyaya ixracı ilə yanaşı, Azərbaycan sərmayədarlarının bu ölkədə yerli istehsala investisiya qoyduqlarını da diqqətə çatdırıb. Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin çıxışında qeyd edib ki, Azərbaycan bir sıra məhsulların ixracına görə Rusiya bazarında lider mövqe tutur. Maksim Oreşkin cari ilin 9 ayı ərzində Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin 26 faiz artdığını, pul köçürmələri, turizm və digər sahələrdə də əməkdaşlığın genişləndiyini vurğulayıb. Nazir öz çıxışında, həmçinin, iki işgüzar şuranın və onların sədrlərinin effektiv işini qeyd edib. Azərbaycan-Rusiya İşgüzar Şurası İdarə Heyətinin sədri Səməd Qurbanov regionların əməkdaşlığının ölkələrimiz arasında əlaqələrin möhkəmlənməsində xüsusi rol oynadığını vurğulayıb. Rusiyanın 80-ə yaxın subyektinin Azərbaycan ilə iqtisadi əlaqələr qurduğunu deyən İdarə Heyətinin sədri hazırkı forumun bu münasibətlərin genişlənməsinə töhfə verəcəyindən əminliyini ifadə edib. “Forum ikitərəfli münasibətlərin möhkəmlənməsi, regional işgüzar əlaqələrin və, ölkələrimizin hakimiyyət və biznes nümayəndələri arasında dialoqun inkişafı baxımından effektiv və uzunmüddətli meydançadır. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva və Federasiya Şurasının sədri Valentina Matviyenkonun forumun işində iştirakı bu meydançaya verilən əhəmiyyətin əyani sübutudur”, – deyə Azərbaycan-Rusiya İşgüzar Şurası İdarə Heyətinin sədri Səməd Qurbanov vurğulayıb. Səməd Qurbanov qeyd edib ki, iki işgüzar şura arasında qarşılıqlı əlaqə yeni səviyyəyə qalxıb. Həmçinin o, işgüzar şuralar arasında turizm sahəsində əməkdaşlıq və turizm alyansının təsis edilməsi haqqında sazişin bağlanması barədə elan edib. Səməd Qurbanov Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan işgüzar şuralarının 2020-ci il üçün birgə fəaliyyət planı işləyib hazırladıqlarını bildirib.  Fəaliyyət planına qarşılıqlı biznes missiyaları, sərgilər, böyük iqtisadi tədbirlərdə biznes dialoqlar və s. daxil edilib.  Rusiya-Azərbaycan İşgüzar Şurasının sədri Aleksey Repik öz çıxışında iştirakçılara münasibətlərin inkişafı ilə bağlı yeni ideya və təşəbbüslərə, Rusiya və Azərbaycan dövlət başçılarının qarşıya qoyduqları məqsədlərə nail olmağa kömək edən perspektiv layihələrin işə salınmasına görə minnətdarlığını ifadə edib. Aleksey Repik qeyd edib ki, qarşılıqlı ticarət dövriyyəsinin yaxın gələcəkdə 3 milyard ABŞ dollarına çatacağı proqnozlaşdırılır. Buna işgüzar şuraların üzvləri və ikitərəfli iqtisadi əməkdaşlığın ciddi perspektivlərini görən sahibkarların fəal iştirakı və birgə işi sayəsində nail olmaq mümkündür. Həmçinin iclasda Stavropol vilayətinin qubernatoru Vladimir Vladimirov, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, “Birləşmiş Gəmiqayırma Korporasiyası” SC-nin vitse-prezidenti Vasiliy Boytsov, “Alliance Logistics” direktoru Natiq Heydərov, “Qazprombank”ın icraçı vitse-prezidenti Andrey Savçenko, “Azərbaycan Beynəlxalq Bankı”nın icraçı direktoru Fuad İslamov, “İşgüzar Rusiya” təşkilatının Turizm Komitəsinin sədri Yelena Krivenkova, “Paşa Travel” şirkətinin baş icraçı direktoru Anar Rəhmanov, “Titan Şirkətlər Qrupunun” İdarə Heyətinin sədri Mixail Sutyaqinskiy, “AS Group Investment” təsisçisi Şahin Mövsumov, “Rostselmaş” KZ-nun kommersiya direktoru Aleksey Şvetsov və Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin  sədr müavini Yusif Abdullayev çıxış etdilər. İşgüzar şuraların iclası başa çatdıqdan sonra forum işini “Sənaye sahəsində əməkdaşlıq”, “Kənd təsərrüfatında qarşılıqlı fəaliyyətin perspektivləri”, “Turizm sahəsində əməkdaşlığın inkişafı”, “Humanitar sahədə əməkdaşlıq” mövzularında dəyirmi masalarla davam etdirib.
Penza sahibkarlarının Azərbaycana işgüzar missiyası başa çatıb23-24 oktyabr 2019-cu il tarixlərində Rusiyanın Penza vilayətinin İqtisadiyyat Nazirliyinin və vilayətin Sahibkarlığa Dəstək Fondunun, həmçinin Azərbaycan-Rusiya İşgüzar Şurasının birgə təşkilatçılığı ilə Rusiya müəssisələrinin Azərbaycana işgüzar missiyası təşkil edilib. İşgüzar missiyanın ilk günü Bakı Biznes Mərkəzində Azərbaycan-Rusiya İşgüzar Şurasının, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Penza vilayətinin Ticarət və Sənaye Palatasının və Sahibkarlığa Kömək Fondunun, Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı Səfirliyinin və Ticarət Nümayəndəliyinin nümayəndələrinin iştirakı ilə görüş keçirlib. Tədbirdə Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətində çıxışlar dinlənilib, Penza vilayətinin biznes və  investisiya mühiti, eləcə də işgüzar dairələr üçün əməkdaşlığın prioritet istiqamətləri mövzusunda təqdimat  nümayiş olunub. Tədbir sahibkarlar arasında ikitərəfli görüşlərlə davam etdirilib. Belə ki, Penza vilayətinin “StankoMaşStroy”, “Remarm”, “Prominjinirinq”, “Parafarm+” şirkətlərinin nümayəndələri “Baku Steel Company”, “Bakı Gəmiqayırma Zavodu”, “AzNefteMash”,  “Azertechnoline”, “Azərmaş”, “Asena”, “Azəriqaz”, “AvroMed”, “Certus Pharma”, “AKI Pharm”, “Altes Pharm”, “AzeriMed”, “Azərbaycan Dəmir Yolları”, “Bakı Metropoliteni”, həmçinin Azərbaycan Respublikasının Müdafiə Sənayesi və Səhiyyə Nazirliklərinin analitik ekspertizası mərkəzinin nümayəndələri arasında qarşılıqlı əməkdaşlığın inkişaf perspektivləri mövzusunda müzakirələr aparılıb. İşgüzar missiyası çərçivəsində Penza vilayətinin sahibkarları “Sumqayıt Kimya Sənaye Parkı”, “Sumqayıt Texnologiyalar Parkı”, “Azertechnoline”, “AzNefteMash” və digər müəssisələrdə olub, müəssisələrin istehsal emalatxanalarında tətbiq olunan texnologiyalarla tanış olub, həmçinin istehsal olunan məhsullar barədə ətraflı məlumat əldə ediblər.
Penza vilayətinin Sahibkarlığa Dəstək Fondu və Azərbaycan-Rusiya İşgüzar Şurası Rusiya müəssisələrinin biznes-missiyasını təşkil edir23 oktyabr 2019-cu il tarixində Bakıda Penza vilayətinin Sahibkarlığa Dəstək Fondunun, Penza vilayətinin İqtisadiyyat Nazirliyinin və Azərbaycan-Rusiya İşgüzar Şurasının birgə təşkilatçılığı ilə Rusiya müəssisələrinin biznes-missiyası keçiriləcəkdir. Missiya çərçivəsində Penza sənaye müəssisələrinin nümayəndələri və Azərbaycan-Rusiya İşgüzar Şurasının üzvləri arasında əməkdaşlığa və birgə layihələrin həyata keçirilməsinə dair müzakirələr aparılacaq. Rusiya nümayəndə heyətinin tərkibinə “StankoMaşStroy” MMC, “Remarm” MMC, “Prominjinirinq” MMC və “Parafarm +” MMC kimi şirkətlər daxildir. Qeyd edək ki, “StankoMaşStroy” şirkəti metal emalı avadanlığı istehsalçısı olmaqla, Rusiyada bu sahədə ən iri müəssisələrdəndir. “Remarm” şirkəti boru kəməri armaturu istehsalı və təmiri, boru kəmərlərinin çəkilməsi, təmiri və istismarı üçün avadanlıqlar təklif edir. “Prominjinirinq” şirkəti metal tökmə üçün model avadanlıqların, həmçinin çuqun və alüminiumdan tökmə istehsalı ilə məşğuldur. “Parafarm +” şirkəti isə idman qidası və bioloji aktiv əlavələr istehsalı ilə məşğuldur və dərman bitkilərinin becərilməsi, emalı və tabletlərin hazırlanması müəssisəsi, həmçinin aptek və tibb mərkəzləri şəbəkəsini əhatə edir. İşgüzar missiya çərçivəsində Rusiya nümayəndə heyətinin Azərbaycan istehsal müəssisələrinə səfəri planlaşdırılır.
Azərbaycan-Rusiya İşgüzar Şurası "Kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masada iştirak edibOktyabrın 3-də Bakı Biznes Mərkəzində “Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatının, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Azərbaycan-Rusiya İşgüzar Şurasının, “Caspian European Club”un və iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarların iştirakı ilə "Kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. Tədbir Azərbaycan və Rusiyanın kiçik və orta biznes subyektləri arasında əlaqələrin inkişafına, yeni əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə, KOB sahəsində təcrübə mübadiləsinə həsr olunmuşdu. Dəyirmi masada KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “Opora Rossii” Ümumrusiya Kiçik və Orta Sahibkarlıq İctimai Təşkilatının prezidenti Aleksandır Kalinin, Azərbaycan-Rusiya İşgüzar Şurasının sədr müavini Natiq Heydərov, Azərbaycan Turizm Assosiasiyasının sədri Nahid Bağırov, "Caspian European Club"un direktoru Telman Əliyev və bir sıra şirkətlərin nümayəndələri təmsil etdkləri qurumların fəaliyyəti barədə məlumat verib, Azərbaycan və Rusiya KOB-ları arasında əməkdaşlıq və təcrübə mübadiləsinə dair fikirlərini bildiriblər.